ABA-nın tarixi

Azərbaycan Banklar Assosiasiyası (ABA) 30 mart 1990-cı ildə 10 özəl bank tərəfindən təsis edilmiş və “Azərbaycan Kommersiya və Kooperativ Bankları Assosiasiyası” adı ilə dövlət qeydiyyatından keçmişdir. 1999-cu ildən “Azərbaycan Banklar Assosiasiyası” adı altında fəaliyyət göstərir. Hazırda 23 bank və 6 bank olmayan kredit təşkilatı, eyni zamanda Azərpoçt MMC, Azərbaycan Kredit Bürosu, Azericard MMC və Millikart MMC ABA-nın üzvüdürlər.

ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların korporativ maraqlarını dövlətin qanunverici, icraedici və məhkəmə orqanlarında, ictimai təşkilatlarda və beynəlxalq qurumlarda daha fəal qorumaqdan, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərməkdən və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur.

Fəaliyyət göstərdiyi müddətdə ABA yuxarıda sadalanan qurumlarla sıx əməkdaşlıq əlaqələri yaratmış, bank qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində, eləcə də bankların beynəlxalq əlaqələr qurması, bank infrastrukturunun formalaşması, Hökumətin və Mərkəzi Bankın həyata keçirdiyi islahatların bank sektoru tərəfindən dəstəklənməsi sahələrində ciddi işlər görmüşdür.

Bank işçilərinin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə Avropa Birliyi TACIS Proqramının maliyyə və texniki dəstəyi ilə 2000-ci ildə ABA tərəfindən Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) təsis edilmişdir. 2001-ci ildə ABA, öz üzvləri arasında yarana biləcək mübahisələrin məhkəmədən kənar qaydada həll edilməsi üçün Münsiflər Məhkəməsi yaratmışdır. Ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində aparılan islahatları dəstəkləmək, habelə öz üzvlərinə yeni informasiya texnologiyalarının tətbiqi üzrə məsləhət xidmətləri göstərmək üçün 2003-cü ildə ABA Bank İnformasiya Texnologiyaları Mərkəzini təsis etmişdir. 1999-cu ildə ABA “Banklar və Biznes” qəzetini, 2003-cü ildən isə eyni adlı jurnalı təsis etmişdir.

Fəaliyyətinin effektiv təşkili üçün beynəlxalq təcrübənin önəmli olduğunu nəzərə alan ABA, MDB və Avropanın maliyyə-bank təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini gücləndirmiş, ötən dövr ərzində 13 ölkənin banklar assosiasiyaları və bir regional banklar assosiasiyası ilə Əməkdaşlıq Sazişi (ƏS) imzalanmışdır. Bundan əlavə, ABA, 2007-ci il sentyabrın 6-da, MDB, Mərkəzi və Şərqi Avropanın bank assosiasiyalarının Beynəlxalq Koordinasiya Şurasının (Beynəlxalq Bank Şurasının) tərkibinə və 2008-ci ilin fevral ayında Avropa Bank Federasiyasının (ABF) assosiativ üzvlüyünə qəbul olunmuşdur.

ABA, GUAM ölkələri bank assosiasiyalarının Koordinasiya Şurasını yaratmaq haqqında təşəbbüs irəli sürmüş və 2007-ci ildə müvafiq Saziş imzalanmışdır. ABA-nın daha bir təşəbbüsü ilə 2009-cu ildə İstanbul şəhərində Mərkəzi Avrasiya Banklar Federasiyasının yaradılması barədə Saziş imzalanmış və 2010-cu ildə Federasiya Azərbaycan Respublikası Ədliyyə Nazirlində qeydiyyatdan keçmişdir.

Türk dövlətlərinin banklar assosiasiyalarının yaxın və koordinasiya olunmuş əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçdiyini rəhbər tutaraq, 4 noyabr 2022-ci il tarixində, İstanbul şəhərində “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” yaradılmışdır. Şuranın yaradılması ilə əlaqədər Anlaşma Memorandumuna Azərbaycan Banklar Assosiasiyası, Qazaxıstan Respublikası Banklar Assosiasiyası, Qırğızıstan Banklar İttifaqı, Özbəkistan Banklar Assosiasiyası, Türkiyə Banklar Birliyi imza atıblar.

2023-cü ilin yanvar ayında Azərbaycan Banklar Assosiasiyası Beynəlxalq Maliyyə Korporasiyası Dayanıqlı Bankçılıq və Maliyyə Şəbəkəsinin üzvü seçilib.

ABA, təlim sahəsindəki fəaliyyətini, əsasən ABTM vasitəsi həyata keçirməsinə baxmayaraq, Assosiasiya təhsilə dair digər təşəbbüsləri də səlahiyyətləri çərçivəsində dəstəkləmiş və onlarda iştirak etmişdir. Mərkəzi Bankla birlikdə ABA-nın nəzdində olmaqla, Biləsuvar şəhərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adını daşıyan “Biləsuvar məktəb-lisey kompleksi” (hazırda “Biləsuvar bağça-məktəb-lisey kompleksi”) təsis edilmişdir. ABA liseyin fəaliyyətinə texniki və maliyyə dəstəyi vermiş və bundan sonra da verməkdə davam edəcəkdir.

MÜDDƏT