“Banklar və Biznes Qəzeti”nin elan etdiyi məqalə müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub

28 noyabr 2017-ci ildə Azərbaycan Banklar Assosiasiyanın (ABA) törəmə qurumu olan “Banklar və Biznes Qəzeti” (BBN.az), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) təşkilati dəstəyi və “Accessbank”ın tərəfdaşlığı ilə keçirilən “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” adlı məqalə müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Mərasimi giriş sözü ilə Azərbaycan Banklar Assosiasiyasının İcraçı Direktoru Yunus Abdulov açıb. Yunus Abdulov iştirakçıları və qonaqları salamlayıb. O bildirib ki, 28 noyabr milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anım günüdür və məqalə müsabiqəsinin mükafatlandırma mərasiminin bugünə təsadüf etməsi bu baxımdan rəmzi məna daşıyır. “İqtisadiyyat və maliyyə-bank sektorunun stabilliyi və inkişafı üçün hazırki həssas məqamda doğru, dəqiq və qərəzsiz informasiya axınlarının təmin olunması başlıca prioritetlər sırasındadır. Və bu hədəfin reallaşdırılmasında peşəkar jurnalistlərin və siz, gələcəyin jurnalistlərinin öhdəsinə önəmli vəzifələr düşür”,- deyə Yunus Abdulov bildirib.

Yunus Abdulovun sözlərinə görə, ABA tərəfindən bu məqalə müsabiqəsi çərçivəsində jurnalistika sahəsində təhsil alan tələbələr üçün peşəkar jurnalist və kommunikasiya ekspertləri tərəfindən seminarlar da təşkil edilib.

Daha sonra “Accessbank”ın Marketinq Departamentinin rəhbəri Günay Cəlilovaya söz verilib. O, əvvəlcə ABA-ya təşəkkürünü bildirib və təmsil etdiyi bankın mətbuatla münasibətlərindən danışıb. “Üzümü tələbələrə tutub demək istərdim ki, siz çox məsuliyyətli və çətin peşə seçmisiniz. Jurnalistlər bizim üçün olduqca vacibdir. “AccessBank” ictimaiyyətə, o cümlədən mətbuata olduqca açıq olmağa çalışır. Biz jurnalistlərə dost olmağı bacarırıq. Çünki anlayırıq ki, bunun müsbət tərəfləri çoxdur. Ən əsas müsbət xüsusiyyətlərdən biri isə odur ki, mətbuata açıqlıq cəmiyyətə düzgün, təhrif olunmayan informasiyanın çatdırılması baxımından əvəzsiz rol oynayır”, -deyə departament rəhbəri vurğulayıb.

Növbəti söz Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilib. Vüqar Səfərli sahə jurnalistikasının vəziyyətindən, jurnalistikanın bu gün daha azad olmasından və bunun mənfi nəticələrindən danışıb. Müsabiqənin müsbət cəhətlərindən danışan V.Səfərli bu cür müsabiqələrin bütün sahələri əhatə etməli olduğunu vurğulayıb.

“APA Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı ABA-ya və bütün banklara əməkdaşlığa görə təşəkkürünü bildirərək sözə başlayıb. O qeyd edib ki, hazırda maliyyə savadlılığı cəmiyyət üçün çox önəmlidir və bu tədbirlərin davamlı olması da çox vacibdir. V. Mahirqızı həmçinin qeyd edib ki, spesifik jurnalistikanın inkişafı bizim və banklar üçün olduqca əhəmiyyətlidir və bu tədbirlər də maliyyə savadlılığının artmasına xidmət edəcək.

Sonra Azərbaycan Respublikası Mərkəzi Bankının Mətbuat Katibi Namiq Əliyev çıxış edib. “Mətbuat hər bir qurumla cəmiyyət arasında körpü rolunu oynayır. Hər bir qurumun cəmiyyətə ötürdüyü bir mesaj var və bu mesajın düzgün çatdırılması üçün mətbuatın rolu böyükdür”,- deyə N. Əliyev vurğulayıb.

Digər çıxışçı “Bank BTB”nin Müşahidə Şurasının sədri Sadiq Rza bildirib ki, informasiyanın düzgün çatdırılmasında jurnalistlərlə bərabət bank işçilərinin də rolu böyükdür və buna görə də hər iki tərəf öhdəsinə düşən vəzifəni peşəkar şəkildə yerinə yetirməlidir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev isə maliyyə savadlılığının artmasının önəmindən və təmsil etdiyi qurumun bu sahədə atdığı addımlardan xəbər verib.

Mükafatlandırma mərasimində həmçinin digər bankların mətbuat katibi və marketinq xidmətlərinin rəhbərləri və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) nümayəndəsi də iştirak ediblər.

Sonda isə qaliblərin mükafatlandırma mərasimi baş tutub.

Belə ki, 1-ci yerə Şükran Məlikov, 2-ci yerə Rəşad Həsənzadə, 3-cü yerə isə Heydər Məmmədov çıxıb. İlk 3 yeri tutan iştirakçılar arasından 1-ci yeri tutmuş iştirakçıya 800 manatlıq kupon, 2-ci yeri tutmuş iştirakçıya 500 manatlıq kupon, 3-cü yeri tutmuş iştirakçıya isə 300 manatlıq kupon, sertifikat və “Accesbank” tərəfindən müxtəlif hədiyyələr verilib.

Digər 5 həvəsləndirici yerləri tutan iştirakçılar- Nigar Ömərova, Rizvan Fikrətoğlu, Ayşən Zeyniyeva, Aydın Mirməmmədov və Camal Nağıyev 100 manatlıq hədiyyə kuponu, sertifikat və “Accesbank” tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, məqalə müsabiqəsinə 23 məqalə təqdim edilmiş və onlar arasından 8 məqalə yer tutmuşdur.

 

MÜDDƏT