İlk Bankçılıq Forumu keçirilib

Əlavə edilib:

24-25 noyabr 2016-cı il tarixlərində Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adı altında ilk Bankçılıq Forumu keçirilmişdir.

Forumda maliyyə-iqtisad sahəsində tənzimləyici və nəzarət orqanlarının yuxarı menecmenti, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər də daxil olmaqla ümumilikdə 350-dən çox  şəxs iştirak etmişdir.

Tədbirdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüqar Qasımlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxış etmişdir.

Dörd panel üzrə keçirilən Forumda ilk müzakirə olunan mövzu “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya” olmuşdur.  Bu panel çərçivəsində bank-maliyyə sektoruda və ümumilikdə iqtisadiyyatda baş verməsi gözlənilən islahatlar, banklara tətbiq edilən yeni qaydalar, nağdsız hesablaşmalardakı yeni çağırışlar və ölkənin ən əsas maliyyə qurumlarından biri olan Neft Fondunun gələcək dövr üçün gəlir və xərc siyasəti ilə bağlı çıxışlar olmuşdur.

Forumun ilk günü baş tutan digər paneldə – “Böhran şəraitində bankların idarə edilməsi və fəaliyyətlərinin diversifikasiyası: dünya təcrübəsindən dərslər” panelində isə əsasən xarici ekspertlərin kredit qarantiyası mexanizmi,  böhran dövründə xəzinənin idarəsi, Bazel standardlarının tənzimləmədə verdiyi əlavə imkanlar və digər mövzularda çıxışları olmuşdur.

Tədbirin ikinci günün ilk paneli isə “Bank qanunvericiliyi: problemlər və perspektivlər” adı altındadır. Bu panel çərçivəsində bank qanunvericiliyindəki yeniliklər,  məhkəmə prosesində qarşılaşılan əsas problemlər, məhkəmə qərarlarının icra prosesinin effektivliyinin artırılması və kredit bürolarının gətirəcəyi əlavə imkanlar ilə bağlı məsələlər müzakirə edilmişdir.

İkinci günün və ümumilikdə Forumun son paneli isə “Gələcəyin bankları: yeni texnologiyaların gətirdiyi imkanlar və risklər” mövzusunda idi.  Bu panel elektron bankçılığın inkişaf perspektivləri, İT sahəsində təhlükəsizlik, banklarda dəyişən texnologiyalar və kibertəhlükəsizliyin gücləndirilməsi ilə əlaqədar məsələlər müzakirə edilmiş, xarici ekspertlər tərəfindən trend risklər haqqında təcrübələr bölüşdürülmüşdür.

Sonda bütün tərəfdaşlara – ProgressSoft, Finanzgruppe Sparkassenstiftung Für İnternationale Kooperation, Antaris, YapıKrediBank Azərbaycan, Ziraat Bank, LANDT, Trüb Trading, Growth Trend Partners, Creditinfo və Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fonduna  (SBFIC)  –  ABA rəhbərliyi adından əməkdaşlıq münasibəti ilə təşəkkür edilmişdir.

 

MÜDDƏT