Maliyyə Savadlığı Şurasının rəhbərliyi təyin olunub

Əlavə edilib:

14 aprel 2017-ci il tarixində keçirilən Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin (RH) iclası zamanı Maliyyə Savadlığı Şurasının (MSŞ) Əsasnaməsi, Şuranın sədri və müavini, həmçinin ABA-nın maliyyə savadlılığı üzrə strategiyasının hazırlanması üzrə İşçi Qrupun üzvləri təsdiq edilib.

Şuraya sədrliyi “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədrinin müavini Akşin Əmirov,  sədr müavini isə “Unibank”ın İdarə Heyətinin sədrinin müavini/Baş risk inzibatçısı Asəf Hüseynov təyin olunub.

RH bu qərarı Şuranın 13 aprel 2017-ci il tarixində keçirilən ilk iclası zamanı verilən təklifə əsaslanaraq qəbul edib.

Həmin iclasda Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov,  Şura iştirakçısı olan bankların nümayəndələri və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri iştirak ediblər.

Maliyyə Savadlılığı Şurasının əhəmiyyəti və bu yöndə mövcud olan beynəlxalq təşəbbüslər haqqında danışan Cavanşir Abdullayev, Şuranın fəaliyyətinin maliyyə sektorunun inkişafına verəcəyi töhfələri iclas iştirakçılarının nəzərinə çatdırıb.

Onun sözlərinə görə, Maliyyə Savadlılığı Şurası bu yöndə banklar,  beynəlxalq təşkilatların və digər qurumların həyata keçirdiyi tədbirlərin kordinasiyasını gücləndirəcək, eyni zamanda maliyyə savadlılığının yüksəldilməsi istiqamətində görülən işlərin effektivliyinin və səmərəliliyinin artırılmasını təmin edəcəkdir.

İclas iştirakçıları müştərilərin maliyyə savadlılığının artırılmasının ilk növbədə banklar və digər maliyyə təşkilatları üçün əhəmiyyətli olduğunu vurğulayıb. Banklar məsuliyyətli borclanma prinsiplərinin önəmini anlayaraq öz müştərilərini maliyyə savadlılığı alətləri və resursları ilə təmin etməyin bir çox risklərin qarşısını alacağına əmindirlər. Qeyd olunub ki, müştərilərin yığım və sağlam maliyyə vərdişlərinə yiyələnməsi onların stabil və uğurlu maliyyə planlamalarına gətirib çıxarır. Onların maliyyə məsələrinə aid düşünülmüş qərarlar verməsi bankların da işinin effektivliyi artırır.

Qeyd edək ki, Maliyyə Savadlılığı Şurasında 19 bank təmsil olunur.

MÜDDƏT