“SWIFT service bureau”nun direktoru ilə bankların nümayəndələri arasında görüş keçirilib

Əlavə edilib:

14 mart 2018-ci il tarixində Gürcüstanın SWIFT Milli İstifadəçilər Qrupunun sədri və “Georgian Financial Telecommunication Company Ltd” təşkilatının “SWIFT service bureau” bürosunun direktoru ilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bir sıra bankların nümayəndələri arasında görüş keçirilib.

Görüşdə ABA-nın İcraçı direktoru Yunus Abdulov, Gürcüstanın SWIFT Milli İstifadəçilər Qrupunun sədri və “Georgian Financial Telecommunication Company Ltd” təşkilatının “SWIFT service bureau” bürosunun direktoru Nikoloz Tutberidze və direktor müavini Nino Alxazaşvini, həmçinin bankların İT və İT təhlükəsizlik, SWIFT üzrə menecerləri iştirak edib.

Görüş zamanı “SWIFT Service Bureau” layihəsinin təqdimatı keçirilib. Büronun direktoru Nikoloz Tutberidze bildirib ki, sistem əməliyyatların filtrləşdirilməsinə, monitorinqinə və hesabat verməsinə imkan verir, həmçinin,  büroya üzv təşkilatların risklərinin qiymətləndirilməsi və dünya maliyyə institutlarının bazasına SWIFT vasitəsilə çıxışı təqdim edir.

Görüş çərçivəsində banklarla qarşılıqlı əməkdaşlıq məslələrinin müzakirəsi, bankların nümayəndələrindən rəy və təkliflərin alınması, xərclərin optimallaşdırılması kimi məsələlərə toxunulub.

Xatırladaq ki, “SWIFT Service Bureau” bankların SWIFT-lə kollektiv şəkildə qarşılıqlı əlaqə qura bilməsi məqsədilə yaradılmış şirkətdir. Həmçinin, şirkət maliyyə təşkilatlarına bank xidmətlərinin tam paketini təqdim edir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT