Bakıda “Fintex Summit”in yekunları. Azərbaycanda rəqəmsallaşmanın uğurları göz qabağındadır

2022-ci il iyunun 16-17-sində Bakıda keçirilmiş “Fintex Summit” zamanı tədbirin iştirakçısı olan bank, maliyyə və dövlət qurumları, habelə fintex şirkətlərinin nümayəndələri Azərbaycanda rəqəmsallaşmanın əldə etdiyi aşkar nailiyyətləri dilə gətirməklə yanaşı həm də yaxın gələcəkdəki inkişaf istiqamətlərini müəyyənləşdiriblər. Bunlar şəhər nəqliyyatı, təhlükəsizlik, korporativ sosial məsuliyyətdir.

Regionda maliyyə və bankçılıq sahəsində ən mühüm hadisələrdən sayılan bu tədbir 2022-ci ildə əsas diqqəti bankçılıq və maliyyə ekosistemi məsələlərinə yönəldib. Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kimi bir sıra təşkilatların dəstəyilə keçirilən “Fintex Summit”in baş sponsoru “Visa” qlobal şirkəti olub. Media tərəfdaşı qismində isə Rusiyanın “Plus” jurnalı və PLUSworld.info portalı çıxış edib. Tədbirdə əsas diqqət yenilikçi həllərə, maliyyə texnologiyalarına, təhlükəsizliyə yönəldilib.

Tədbiri giriş sözü ilə açan “Visa” şirkətinin vise-prezidenti, Azərbaycan və Mərkəzi Asiyadakı regional meneceri Kristina Doroş Azərbaycanda “fintexlər, banklar, başqa maliyyə qurumları arasında əngəlləri aradan qaldırmaq üçün” əllərindən gələni etdiklərini diqqətə çatdırıb.

“Kiçik və orta biznes iqtisadi sarsıntıların müxtəlif dalğalarına məruz qalır. Banklar və maliyyə qurumları texnologiyalarını genişləndirmək, sürətləndirmək üçün əngəlləri aradan qaldırmaq məcburiyyətindədir. Artıq “Visa” üçün də sahibkarlığa, maliyyə qurumlarına, fintex şirkətlərinə yardım və dəstək üçün yeni həllər tətbiq etmək məqamı yetişib”, – K.Doroş deyib. O qeyd edib ki, bu günədək “Visa” şirkəti token texnologiyası (VTS), “Apple Play”, “SME Visa Tap to Phone” üçün həllər, maliyyə ekosistemini dəstəkləyən bir çox başqa yeniliklər tətbiq edib.

Giriş nitqlərindən sonra panel müzakirələrinə başlanılıb.

“Intelligent data”. Neobanklar

“DIS Group”un konsaltinq bölməsinin (Rusiya və Qazaxıstan) direktor müavini Sergey Yevtuşenko bildirib ki, “Intelligent Data”da dünya boyu üç başlıca meyl özünü göstərir. Bunlar biznesdə özünəinamlı liderlik, süni zəka, maşın təlimidir.

“Məlumat şöbəsinin rəhbəri (chief data officer) prioritetlərdə baş verən cari dəyişikliklərə uyğunlaşmalı, komandanı, bütün təşkilatı məlumatlara söykənən gələcəyə aparmalıdır” – deyə o, iştirakçılarla tövsiyələrini bölüşüb.

“Visa” şirkətinin Ukrayna, Gürcüstan, Qafqaz, Mərkəzi Asiya ölkələrində strateji və vençur tərəfdaşlıqlarının inkişafında məsul şəxs olan Yevhen Lisnyak əsas diqqəti dövlətin maliyyə ekosistemi məsələsinə yönəldərək bu sahədə müvəffəqiyyət qazanmaq üçün müəyyən tənzimləyici və xarici amillərin meydana gəlməli olduğunu bildirib. Natiqin fikrincə, bu mənada Azərbaycanın öyünməyə haqqı var, çünki Mərkəzi Bank (AMB) rəqəmsallaşmaya dəstək verməkdən əlavə həm də 2022—2023-cü illər üçün rəqəmsal ödənişlər strategiyasını da təqdim edib. Xatırladaq ki, elə həmin illər ərzində rəqəmsallaşmanı dəstəkləmək barədə AMB ilə “Visa” arasında əməkdaşlıq sazişi imzalanıb.

Y.Lisnyakın qənaətincə, COVID-19 pandemiyası ölkədə onlayn ödənişlərin daha geniş intişar tapması üçün təkan olub: “Daxil edilmiş maliyyə (“embedded finance”) hər yerdədir. Bankçılıqdan hər yerdə yararlanmaq mümkündür”. O, hazırda yol haqqını bank kartı vasitəsilə ödəmək imkanı yaradan “Azərbaycan Dəmir Yolları”nı “sürətli rəqəmsallaşma xarüqəsi” kimi səciyyələndirib.

Azərbaycan əhalisinin maliyyə davranışlarında rəqəmsallaşma dərəcəsini əks etdirən rəqəmləri dilə gətirən natiq bildirib ki, ölkədə 2021-ci ildə buraxılan 11,5 milyon kartın 65 faizi təmassız olub və kartların sayı əvvəlki ilə nisbətən 20 faiz, o cümlədən təmassızların sayı 2 dəfə artıb. Bank müştərisi olmayan vətəndaşların 17 faizi qarşıdakı 6 ay ərzində özünə bank kartı açdırmağı düşünür.

“Metaverse” müxtəlif rəqəmsal dünyaları qovuşduraraq ödənişlər sahəsində daha çox yeniliklərə rəvac verir. Bunda böyük potensial görürük və bu məsələləri diqqətlə izləməliyik. Bəlkə də qarşıdan “the next big think” gəlir” – deyə Y.Lisnyak fikrini tamamlayıb.

Maliyyə ekosistemindən rəqəmsal neobanklara doğru

“Neobanklar 10 il əvvəl ortaya çıxsa da, yalnız son illərdə inkişaf etməyə başlayıb”. Bunu “Simon-Kucher & Partners” şirkətinin landinq və bankçılıq tərəfdaşı Bencamin Vellstein bildirib. Onun sözlərinə görə, müəyyən irəliləyiş əldə olunsa da, ümumilikdə bankçılıq sahəsində rəqəmsallaşma ləng inkişaf edir.

“Son illərdə yeni neobankların açılışı baxımdan böyük sıçrayış göz qabağındadır. Əsasən bu, hansısa bankın yeni ad altında fəaliyyət göstərən törəmə şirkətləridir” – deyən natiq rəqəmsal nəsil üçün yaradılan “Emirates Lifestyle” və müştərilərinin 82 faizi 18-35 yaş arasında olan “Bankcolombia”nı misal kimi göstərib.

Token diqqət mərkəzində

“Visa”nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropa ölkələrində baş direktoru və rəqəmsal həllər departamentinin rəhbəri Oleksandr Stelmax əsas diqqəti Azərbaycan vətəndaşları üçün “digital user experience” baxımdan yeni imkanlara yönəldib.

“Azərbaycan Mərkəzi Bankının statistik rəqəmlərinə əsasən 2021-ci ildə “e-commerce” ödənişlərinin sayı yarıbayarıdan çox artıb. Bu, çox böyük artımdır, 2022-ci ildə də eynilə ciddi artım gözləyirik. Belə ki, rəqəmsal təmələ malik olan hər şey sürətlənir” – deyən natiq qeyd edib ki, “Visa” ödəniş sistemi bu cür ödənişlər üçün şərait yaratmağa həmişə hazırdır.

Daha sonra bank müştərisinin məxfi məlumatları əvəzinə 16 rəqəmli nömrədən istifadə etməklə ödənişin təhlükəsizliyini təmin edən token texnologiyasından danışan O.Stelmax hazırda tokenləşməyə 193 ölkənin yaşıl işıq yandırdığını və bu rəqəmin getdikcə artdığını, indiyədək 2 milyarddan artıq token buraxıldığını deyib.

“Tokenləşmə telefonunuz, saatınız, gələcəkdə isə bəlkə də avtomobiliniz vasitəsilə tamamilə yeni bir ödəniş təcrübəsinə qapı açır, “e-commerce” yolu ilə alış-verişinizi sadə və təhlükəsiz hala gətirir. 2021-ci ildə Azərbaycanda “Apple Play” sistemini uğurla tətbiq etdik, indi də həmin texnologiya vasitəsilə köçürmələrin artdığına müşahidə edirik. Amma ümumilikdə, Azərbaycan “e-commerce” tokenləşməsində hələlik ilk addımlarını atır. Ona görə də məhz burada sıçrayış gözləmək olar”.

Proaktiv tənzimləyici

AMB Ödəmə Sistemləri və Hesablaşma Departamenti Milli Ödəniş Sistemlərinin İnkişafı Şöbəsinin baş mütəxəssisi Rəşad Qasımov Azərbaycanda ödənişlərin gələcəyi barədə danışıb. Natiq bildirib ki, 2020-ci ildə 9,6 milyon, 2021-ci ildə isə 11,5 milyon bank kartı buraxılıb, bu isə 20 faizlik artım deməkdir. O, həmçinin 2020-2021-ci illərdə POS terminalların sayının 57 minə qarşı 61 min (7 faiz artım), təmassız POS terminalların sayının 34 minə qarşı 44 min (28 faiz artım) artdığını əlavə edib.

Bu irəliləyiş sayəsində ölkədə rəqəmsal bankçılıq get-gedə daha geniş vüsət alır. Belə ki, 2021-ci ildə müştəri köçürmələrinin 73 faizi məhz rəqəmsal bankçılığın payına düşüb.

Ölkənin maliyyə sektorunun daha da artımına rəvac vermək üçün AMB 2023-cü ilədək aşağıdakı bəndlərdən ibarət strategiya həyata keçirmək niyyətindədir:

  • Rəqəmsal ödənişlərə (o cümlədən, rəqəmsal valyuta və “e-banking”) dair qanunları təkmilləşdirmək;
  • Rəqəmsal ödənişlər üçün infrastrukturun əhatə dairəsini genişləndirmək (ISO 20022 standartını tətbiq etmək);
  • Ödəniş ekosistemi üçün tənzimləmə çərçivəsini artırmaq (API standartı, QR kodlar, kiber təhlükəsizliklə bağlı tələblərin sərtləşdirilməsi);
  • Rəqəmsal ödənişlərin inklüzivliyini artırmaq (rəqəmsal manat konsepsiyasını hazırlamaq, e-KYS sistemini tətbiq etmək)
  • Əhalinin bütün təbəqələrində rəqəmsal savadlılığın və rəqəmsal ödənişlərə meylin artırılmasına rəvac vermək.

AMB-nin ekspertinin fikrincə, ölkədə rəqəmsal ödənişlər ekosistemi yalnız bütün iştirakçıların proaktivliyi şərtilə inkişaf edəcək. Həmin sistemin mühüm parçaları AMB, banklar, “Azərpoçt”la yanaşı həm də fintexlər, dünyanın ödəniş operatorları, prosesinq mərkəzləridir.

Tədbirdə çıxış edənlərin və iştirakçıların yekdil rəyinə görə, Azərbaycanda rəqəmsallaşmanın davam etdirilməsi üçün hər cür şərait var – həm hökumətin dəstəyi, həm də bankların, habelə “Visa” kimi xarici tərəfdaşların marağı.

Ödənişlərin təhlükəsizliyi və sosial mühəndislik

“Fintex Summit”in ikinci günü təhlükəsizlik mövzusunun müzakirəsi ilə başlayıb. Əvvəlcə Azərbaycanda maliyyə sektorunun təhlükəsizliyini təmin etmək, dələduzluqla səmərəli mübarizə aparmaq üçün hansı addımların atılmasının zəruri olduğuna dair müzakirə aparılıb.

“Pandemiyanın elektron və mobil ticarət seqmentlərində kəskin artıma səbəb olması sirr deyil. Artıq bütün səviyyələrdə “e-commerce” üçün qeyri-mümkün kimi görürən sürətli rəqəmsallaşmanın şahid oluruq. Belə ki, ödəmələrin həcmi davamlı artdığı bir vaxtda dələduzluq faizi cüzi olaraq qalırdı” – deyən “Visa” şirkətinin böyük vise-prezidenti və CEMEA regionunda risklərin idarə olunması üzrə direktor Çarlz Lobo postpandemiya təhlükələrinin və ödəniş təhlükəsizliyinin idarə olunması sahəsində 5 başlıca tendensiyanı iştirakçıların diqqətinə çatdırıb:

  1. “E-commerce” ödənişlərinin həcmi sürətlə artsa da, dələduzluq səviyyəsi cüzidir.
  2. Tokenləşmə səviyyəsinin 100 faiz artması müştərilərə təhlükəsiz və problemsiz ödəniş təcrübəsi qazandırır, bununla da tokenləşmə “həssas informasiyaları dəyərsizləşdirərək (devaluing) təhlükəsizlik sarıdan üstünlüyünü isbat edib. Yəni hətta kartın nömrəsi, CVV və sair həssas məlumatlar belə kiber dələduzlar üçün cazibəsini itirib. Çünki tokenləşmə zamanı kart nömrəniz sadəcə olaraq tokenlə əvəz olunur”.
  3. “3-D Secure” platformu 85 faizlik artım göstərir, CNP (kartsız əməliyyatlar) yayıldıqca dələduzluq səviyyəsi 3 dəfə azalıb.
  4. Təmassız ödənişlərin həcmi ildə 20 faiz artmağa davam edərək hazırda F2F ödənişlərdə dələduzluğun yox dərəcəsinədək azalması ilə yanaşı üstün mövqe qazanıb.
  5. Sosial mühəndislik (SI) bir çox qlobal və yerli bazarlar üçün təhlükə olaraq qalır. Natiqin qeyd etdiyi kimi, “dələduzlar müştərilərə düşünülmüş hücum edərkən SI əsas yanaşma olaraq qalır. “Visa” istehlakçılara təlim və məlumatlar verməyə, habelə banklar, kredit təşkilatları, hökumətlərin sosial mühəndisliyə söykənən hücumlardan daha çox xəbərdar olması üçün ciddi sərmayələr yatırır”.

“Trendmicro”nun MDB ölkələri və Monqolustandakı idarəçi direktoru German Pozankov da əsas diqqəti rəqəmsal təhlükəsizlik məsələsinə yönəlib. Rəqəmsal təhlükəsizliyi idarə etmənin əsas probleminə dair suala cavab verən natiq deyib: “…Rəqəmsallaşma biznesə yeni xidmətlər təqdim etmək, daha rəqabətcil, daha səmərəli hala gəlmək imkanı yaradır. Bununla belə, rəqəmsal transformasiya infrastrukturun daha da mürəkkəbləşməsinə gətirib çıxarır, bulud texnologiyaları aramsız tətbiq olunur, məsafəli, yaxud qarışıq formatda çalışan əməkdaşların sayı artır… Təşkilatlanma və infrastruktur cəhətdən bu mürəkkəbliklər şirkətdəki təhlükəsizlik xidmətinin işini çətinləşdirməklə dələduzların istifadə edə biləcəyi daha çox vasitə ortaya çıxarır, “hücum səthi”nin sahəsi daha da artır”.

Natiq həmçinin maliyyə bazarının istənilən iştirakçısının kiber təhlükəsizliyinin pozulmasının aşağıdakı fəsadlarını sadalayıb: 1) müştərilərin azalması; 2) əqli mülkiyyətin əldən çıxması; 3) başlıca infrastrukturun fəaliyyətinin pozulması; 4) kənar məsləhətçilərə məsrəflərin artması; 5) maliyyə ziyanı.

“Fintex Summit”in ikinci günündə növbəti panelin mövzusu sosial bankçılıq olub.

“UN Environment Programme France Initiative”nin Avropa üzrə regional əlaqələndiricisi Daniel Buzas Azərbaycanı regionun ən əsas ölkəsi hesab etdiyini, ölkənin maliyyə sektorunu dayanıqlı inkişaf modelləri tətbiq etməyin, iqlim mühafizə tədbirlərinə cəlb etməyin vacibliyini dilə gətirib.

“Climate Risk Services” həmtəsisçisi və icraçı direktoru Gerhard Mulder Azərbaycanın, o cümlədən özəl sektorun qlobal istiləşməyə qarşı mübarizə tədbirlərində iştirak etməsini təqdir edib: “Problem ondadır ki, iqlim dəyişikliyinin təsir dərəcəsini dəqiq söyləmək çox çətindir. Bu məsələnin maliyyə və iqtisadiyyat sisteminə sirayət edəcəyi şəksizdir, amma bunu əvvəlcədən demək qəliz məsələdir”. Bununla belə, qlobal istiləşmənin ssenarilərini təhlil etmək, risklərinin xəritələrini çıxarmaqla bankçılıq sahəsinə təsirini anlamağın mümkün olacağı, hərçənd müəyyən məqamların nəzərdən qaça biləcəyi bildirilib.

Artımın başlıca amilləri

Tədbirin son panel müzakirəsi rəqəmsal ödənişlərin artım amillərinə və onların Azərbaycandakı potensialına həsr olunub.

“United Payment”in icraçı direktoru Edqar Abdullayev ölkədə “e-commerce” və müvafiq olaraq, maliyyə köçürmələrinin həcmində davamlı artım olduğunu, COVID-19 pandemiyası nəticəsində məsafəli maliyyə kanalların daha geniş istifadə olunması ilə də bu cərəyana əlavə təkan verildiyini diqqətə çatdırıb.

“Visa” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyev nəqliyyat sektorunda rəqəmsal ödənişlərin gündəlik normaya çevrilə biləcəyini qeyd edib. Belə ki, şirkətin məlumatlarına görə böyük şəhərlərdə müştərilərin 27 faizi ictimai nəqliyyatda ödəniş sadələşərsə ondan daha çox istifadə etməyə hazır olduqlarını bildirirlər.

“Visa” şəhərlərin inklüzivliyə, bağlılığa, dayanıqlılığa getdikcə daha çox meylləndiyini təsdiqləyir və biz bu hədəflərə doğru onlara yaxından dəstək veririk. Biz sadə, rahat, təhlükəsiz həllər vasitəsilə şəhərlərə və nəqliyyat operatorlarına zamanın tələblərinə cavab verməyə, rəqəmsal ödənişlər üçün şəhər nəqliyyatı sistemini təkmilləşdirməyə kömək edirik” – “Visa” nümayəndəsi bildirib. O, təmsil etdiyi şirkətin 2020-ci ildən Sumqayıt şəhərinin yerüstü ictimai nəqliyyatı, 2021-ci ildən isə “Azərbaycan Dəmir Yolları” QSC kimi iki böyük infrastruktur layihəsinin ödəniş tərəfdaşı olduqlarını xatırladıb.

Natiqin sözlərinə görə, rəqəmsal ödənişlərin tətbiqindən hər kəs bəhrələnib. Şəhər rəhbərliyi bunun gətirdiyi vergi şəffaflığından, nəqliyyat operatorları sərnişin axınının artmasından və planlaşdırma imkanlarından, sərnişinlər də fiziki təmas olmadan sürətli, təhlükəsiz ödəniş formasından məmnun qalıblar.

“Şəhər nəqliyyatının son məramı nəqliyyat həllərinin vahid ekosistemə çevrilməsidir (Mobility at a Service)” – deyə N.Hacıyev fikrini tamamlayıb.

Mənbə:https://bit.ly/3OrtcwX

MÜDDƏT