Hazırda Azərbaycanda 30 kommersiya bankı var. Bu bankların filiallarına gün ərzində yüzlərlə vətəndaş müraciət edir. Vətəndaşların bank əməkdaşlarına özləri barədə təqdim etdikləri sənədlər və məlumatlar əsasında onlara hesablar açılır, kreditlər verilir və digər bu kimi bank xidmətləri göstərilir.
Vətəndaşların bank əməkdaşlarına özləri barədə təqdim etdiyi məlumatların heç də hamısı bank tərəfindən dəqiqləşdirilə bilmir. Məsələ ilə bağlı FED.az – a açıqlama verən “Azərbaycan Banklar Assosiasiyasının Komplayns üzrə Eskpert Qurupunun” Eksperti Anar Tarverdiyev bildirir ki, bu kimi məsələlər Qanunvericiliklə və bankların daxili prosedur qaydaları ilə müəyyənləşdirilir. Onun sözlərinə görə, əgər vətəndaş banka yalnış məlumat veribsə və bank bu məlumatın düzgünlüyünü müəyyən edə bilmirsə, o zaman vətəndaş bəyan etdiyi məlumatın düzgünlüyünə görə məsuliyyət daşıyır.
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəhaqqında Azərbaycan Respublikasının Qanunu” banklara imkan verir ki, müştərinin təqdim etdiyi məlumatları eyniləşdirmək mümkün deyilsə və ya müştəri eyniləşdirmə məlumatlarının təqdim edilməsinə etiraz edərsə bu halda Banklar işgüzar münasibətləri yaratmaya və hesab açmaya bilər” – deyə Anar Tarverdiyev bildirib.
“Hətta əlavə olaraq bankın mövcud müştərilərin eyniləşdirilməsi və verifikasiyası ilə bağlı tələblər yerinə yetirilə bilinmədiyi təqdirdə və ya əvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr yarandıqda Banklar müvafiq Qanuna əsaslanaraq həmin müştərilər ilə işgüzar münasibətlərə xitam verə bilər.Təbii ki, müştərilə əməkdaşlığa birtərəfli olaraq xitam verilərkən bu zaman bank qarşı tərəfi bu barədə xəbardar etməlidir. Bu məsələ Qanunvericilik ilə yanaşı bank və müştəri arasında imzalanan hesab açma haqqında müqavilənin şərtlərindən də asılıdır. Lakin bank əsaslı səbəb göstərmədən müştəri ilə işgüzar münasibətlərə xitam verərsə, bu halda müştəri Qanuni yollarla haqqını tələb edə bilər. Bu hal isə İstehlakçıların hüquqlarının müdafiəsi baxımından və bankların reputasiyası baxımından heç də xoşagələn hal deyil” – deyə ekspert bildirib.
Anar Tarverdiyevin sözlərinə görə, vətəndaş banka yaxınlaşaraq işgüzar münasibətlərin qurulması və ya əməliyyatın aparılması üçün müraciət etdikdə həmin şəxsin bank tərəfindən eyniləşdirilməsi vacibdir. Fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. Bu zaman bank əməkdaşı həmin şəxsin sənəddə qeyd olunan şəxslə eyni olduğunu eyniləşdirməlidir. Hətta hər hansı məlumatın şübhəli olduğu hesab olunarsa və ya həmin müştəri müvafiq Qanuna əsasən yüksək riskli müştərilər kateqoriyasına aid olarsa bu zaman bank həmin müştəridən verifikasiya məqsədilə əlavə eyniləşdirmə sənədi (doğum haqqında şəhadətnamə, pasport, sürücülük və ya müvafiq Qanunvericilikdə nəzərdə tutulan digər sənədlər) tələb edə bilər.
Eyniləşdirilməsi mümkün olmayan hər hansı məlumatın yalnış olma ehtimalı çoxdur. Misal olaraq müştərilərə hesab açılarkən onların yerli siyahılar və beynəlxalq siyahılar üzrə yoxlanılması prosesi aparılır. Misal olaraq sizin adınız şərti olaraq Əhmədov Əhməddir və bu siyahılardan birində bu adda şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi göstərilir. Bu zaman vətəndaşdan nə vaxtsa cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məlumat soruşulur. Vətəndaş isə öz növbəsində bu məlumatı təkzib edir. Bu məlumat bank əməkdaşı tərəfindən qeydə alınır və vətəndaş məlumatın düzgünlüyü barədə müvafiq sənədə imza atır. Bu məlumat müştəri tərəfindən bəyan edilib və imzalandığı üçün rəsmi hesab olunur lakin dəqiq eyniləşdirilməsi aparıla bilmir. Bu halda da bank tərəfindən Qanunla müəyyənləşdirilmiş qaydada müştərini dəqiq eyniləşdirilməsi mümkün deyilsə bank həmin şəxs ilə işgüzar münasibətləri yaratmaya və ya həmin şəxsə hesab açmaya bilər.
Həmçinin vətəndaşın Azərbaycan Respublikasında fəaliyyət göstərən digər müvəkkil banklarda və ya xarici banklarda hesabının olub olmaması Bank və kommersiya sirri hesab olunduğundan bu məlumat digər bank tərəfindən müəyyən edilə bilmir.