İqtisadiyyat Nazirliyi yanında İctimai Şura və Dövlət Vergi Xidməti arasında görüş keçirilib

Vergi qanunvericiliyinə ediləcək dəyişikliklərin sahibkarların maraqlarını təmsil edən ictimai birliklərlə birgə müzakirə çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Nazirlik yanında İctimai Şura arasında görüş keçirilib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov iştirak etmişdir.

Görüş zamanı DVX-nin Vergi Siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Növbəti ilin büdcə vergi siyasəti çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı Qanun layihəsi” mövzusunda təqdimatla çıxış edib.

Qarşılıqlı müzakirə şəraitində keçirilən tədbirdə növbəti il üçün vergi qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətləri ilə yanaşı, ötən dövrlər ərzində aparılmış islahatların müsbət nəticələri barədə də İctimai Şura üzvlərinə ətraflı məlumat verilib. Nicat İmanov dəyişikliklərin əsas istiqamətlərindən olan investisiya mühitinin, eləcə də yerli istehsalın təşviqi üçün vergi yükünün azaldılması məqsədilə işğaldan azad edilmiş ərazilərimizdə, həmçinin aqrar emal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi təşviqlərinin verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Görüş iştirakçılarına dəyişikliklər paketində sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması, habelə bir sıra inzibatçılıq müddəalarının dəyişdirilməsi kimi istiqamətlər barədə də məlumat verilib.

Görüş iştirakçılarının bir sıra məsələlərin müzakirəsinin növbəti görüş zamanı davam etdirilməsi təklifi DVX nümayəndələri tərəfindən müsbət qarşılanıb.

Gələcəkdə müzakirələrin effektivliyinin daha da artırılması üçün görüşlərin müvafiq fəaliyyət sahələri üzrə işçi qrup çərçivəsində keçirilməsi təklif edilib.

MÜDDƏT