ABA-ın Rəyasət Heyətinin iclasları keçirilmişdir

Əlavə edilib:

16 və 23 oktyabr 2020-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclasları keçirilmişdir.

Cari ilin 16 oktyabr tarixində keçirilən iclasda ölkənin maliyyə sektorunda hazırki vəziyyət və digər cari məsələlər müzakirə edilmişdir.

23 oktyabr tarixli iclasda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin, həmçinin düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri, onlara hesablanmış faizlər və digər ödəmələrin tam həcmdə silinməsi məsələsi müzakirə edilmişdir.

Müzakirələrin nəticəsi kimi, hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımız dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan banklar yekdil olaraq aşağıdakı qərarları qəbul etmişlər:

  1. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
  2. Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;
  3. Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılsın;
  4. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə Şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin;
  5. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əmək haqqları miqdarında birdəfəlik maddi yardım ödənilsin.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT