Mərkəzi Bank və Banklar Assosiasiyası Naxçıvan Muxtar Republikasında bank-maliyyə sektorunun inkişafı məsələlərini müzakirə etmişlər

Əlavə edilib:

Azərbaycan Republikasının Mərkəzi Bankının sədri Elman Rüstəmov və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Naxçıvan Muxtar Respublikasında bank-maliyyə sektorunun inkişafı problemləri, əhalinin və biznesin maliyyə xidmətlərinə çıxışı, bank sektorunun kiçik və orta sahibkarlığa dəstək imkanları, nağdsız ödənişlərin genişlənməsi və digər bu kimi məsələləri müzakirə etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar.

Görüşdə qeyd edilmişdir ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və struktur-institusional islahatlar nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadi aktivlik üzrə müsbət dinamika qorunmuş, sosial-iqtisadi inkişaf istiqamətində mühüm uğurlar əldə edilmişdir. Pandemiyanın ilk günündən ölkə Prezidentinin rəhbərliyi ilə pandemiyanın ölkə iqtisadiyyatına təsirlərinin azaldılması, makroiqtisadi sabitliyinin və məşğulluğun təmin edilməsi və real sektorunun dəstəklənməsi istiqamətində geniş spektrli tədbirlər həyata keçirilmişdir. Azərbaycanın bank sektoru da davamlı islahatlar və inkişafla xarakterizə olunmuş və bank xidmət və məhsullarının çeşidi və keyfiyyəti yaxşılaşmış, bankların sağlamlaşdırılması və kapitallaşması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Blokada şəraitində olduğu üçün Naxçıvan MR-in maliyyə sektoru, onun problemləri və inkişaf məsələləri daim diqqət mərkəzində olmuşdur. Görüşün də əsas məqsədi hazırda bu sektorda mövcud vəziyyəti və görüləcək işləri, o cümlədən əhalinin və sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə çıxışının yaxşılaşdırılması, nağdsız əməliyyatların genişləndirilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ipoteka kreditləşməsinin genişləndirilməsi kimi məsələlərin birgə müzakirə edilməsindən ibarət olmuşdur.

Aparılmış müzakirələr nəticəsində qarşıda duran əsas vəzifələrin əhalinin və sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, maliyyə xidmətlərindən istifadənin əlçatanlığının artırılması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ipoteka kreditləşməsinin əhatə dairəsinin genişləndirilməsi, nağdsız əməliyyatların həcminin artırılması, Naxçıvan MR-in iqtisadiyyatının ixrac potensialının artırılması məqsədilə sahibkarların ixrac kreditləşməsi, Naxçıvan MR-də fəaliyyət göstərən bankların özünüməşğulluq proqramının reallaşmasında aktiv iştirak etməsi, əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təhsil prosesinə, təlimlərə cəlb edilməsi olduğu müəyyənləşmiş və bu məsələlərin nəzarətdə saxlanılması və həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdi.

MÜDDƏT