Maliyyə Ombudsmanı nədir? – Beynəlxalq təcrübədə onun yeri

Əlavə edilib:

BBN.az–ın bu məqaləsində maliyyə ombudsmanları ilə bağlı dünya təcrübəsini araşdıraraq apardığımız ümumiləşdirməni təqdim edirik. Dünya təcrübəsindən Türkiyə, Rusiya, Polşa, Estoniya, İsveç və İngiltərə ilə bağlı məlumatları araşdırdıq.

Maliyyə ombudsmanı nədir və hansı fəaliyyəti həyata keçirir? Əvvəlcə bunu izah edək. Maliyyə ombudsmanı (və ya maliyyə bazarlarında ictimai barışdırıcı) – maliyyə təşkilatları və fiziki şəxslər arasında yaranmış mübahisələrin məhkəməyə müraciət etmədən aradan qaldırılması üçün yaradılmış qurumdur. Maliyyə Ombudsmanı maliyyə institutları ilə onların fiziki şəxs müştəriləri arasında yaranan mübahisələrin araşdırılması üzrə daimi fəaliyyət göstərən müstəqil orqandır. Maliyyə təşkilatının müştərisi – fiziki şəxs qismində çıxış edən və maliyyə təşkilatları ilə müqavilələrin bağlanması, dəyişdirilməsi, icrası və ya xitam verilməsi ilə bağlı yaranan hüquqi və mülki mübahisələrin həlli Maliyyə Ombudsmanının səlahiyyətlərinə aid edilmişdir. Əsasən Maliyyə Ombudsmanı hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətinin həyata keçirən fiziki şəxslərin müraciətlərinə baxmır. Amma bəzi ölkələrdə bu qurum sahibkarlara aid işlərə də baxır.

İndi isə dünya təcrübəsində Maliyyə Ombudsmanı fəaliyyəti ilə tanış olaq.

Türkiyə təcrübəsi

Türkiyədə bu fəaliyyəti həyata keçirən qurum Müştəri Şikayətləri üzrə Arbitraj Paneli adlanır. Fəaliyyət dairəsi bankları əhatə edir. Müxtəlif qərarların qəbul olunması üzrə ayrı-ayrı heyətlər mövcuddur və hər bir heyət 5 nəfərdən ibarətdir. Aşağıdakı heyətlər vardır:

  • Bank kartları və kredit kartları üzrə;
  • İstehlak kreditləri üzrə;
  • Sığorta ilə əlaqədar heyət;
  1. Digər bank xidmətləri üzrə heyət

Şikayətlər üzrə maksimum iddia məbləği 2000 TRY və ya 700 ABŞ dollarıdır. Qurumda heyətlər tərəfindən qəbul edilən qərarlar banklar üçün məcburidir. İstehlak qiymətləri indeksinin dəyişməsinə uyğun olaraq məbləğ arta bilir.

Rusiya təcrübəsi

Rusiyada bu fəaliyyəti həyata keçirən qurum isə uyğun olaraq, Maliyyə Ombudsmanı adlanır. Türkiyədə olduğu kimi burada da fəaliyyət sahəsi yalnız bankları əhatə edir. Qərarların qəbul olunması bir nəfər tərəfindən, yəni Maliyyə Ombudsmanı vəzifəsini yerinə yetirən şəxs tərəfindən həyata keçirilir.

Şikayətlər üzrə maksimum iddia məbləği 5000 ABŞ dollarına yaxındır. Ombudsman tərəfindən qəbul edilən qərarlar tövsiyyə xarakteri daşıyır.

Polşa təcrübəsi

Polşada isə bu qurum Bank Ombudsmanı adlanır. Bank Ombudsmanı uyğun olaraq, banklara xidmət göstərdiyi halda, digər qurumlara xidmət üçün Maliyyə Ombudsmanı mövcuddur. Qurum üzrə bütün qərarları ayrı-ayrılıqda olmaqla, Ombudsman və onun müavini verir. Şikayətlər üçün maksimum iddia məbləği2000 avroya yaxındır. Qurumlar tərəfindən verilən qərarlar sadəcə tövsiyyə xarakterlidir.

Estoniya təcrübəsi

Estoniyada bu qurum  Müştəri Şikayətləri Komitəsi adı ilə fəaliyyət göstərir. Onun fəaliyyət sahəsi banklardan başqa sığorta şirkətlərini, pensiya fondlarını və s. əhatə edir. Bu qurum dövlət tərəfindən yaradılıb. Maksimum iddia məbləği20 000 avro təşkil edir. Qəbul edilən qərarlar tövsiyyə xarakterlidir.

İsveç təcrübəsi

İsveçdə Müştəri Şikayətləri üzrə Milli Heyət ombudsman fəaliyyətini həyata keçirir. Qurum  banklara, sığorta şirkətlərinə, pensiya fondlarına,investisiya şirkətlərinə xidmət göstərir. Qurumun bütün qərarları sədr və 4 üzvdən ibarət heyət tərəfindən qəbul olunur. Bu ölkədə iddilar üzrə maksimum məbləğ üçün limit olmadığı halda, minimum limit 250 dollardan ibarətdir. Dövlət təşkilatıdır və qərarlar tövsiyyə xarakteri daşıyır.

Birləşmiş Krallıq təcrübəsi

Birləşmiş Krallıqda bu təşkilat Maliyyə Ombudsmanı Xidməti adını daşıyır. Fəaliyyət dairəsi banklar, kredit birlikləri, sığorta şirkətləri, pensiya fondları, investisiya şirkətləri və s əhatə edir. Qərarlar bir neçə ombudsman tərəfindən ayrı-ayrılıqda verilir. İş Ombudsmanlara verilməzdən öncə qeyri-rəsmi qaydada həll edilmək üçün arbitrlara verilir. Qeyri-rəsmi qaydada işi həll etmək mümkün olmadıqda isə iş Ombudsmanlara verilir. Maksimum iddia məbləği 190 000 avrodur. Dövlət təşkilatıdır, müvafiq qanuna əsasən yaradılıb. Bankların və digər əlaqədar təşkilatların ödədiyi haqlar və həll edilmiş işlər üzrə ombudsmana ödəmələr əsas maliyyələşmə mənbəyidir. Müraciət edən təşkilatın ilk 25 işi üzrə ödəniş alınmır, sonrakı işlər üzrə 550 funt ödəniş alınır. Qəbul edilən qərarlar banklar üçün məcburidir.

Tahirə Həşimova

MÜDDƏT