De-dolarizasiya üçün qeyri-neft sektoru inkişaf etdirilməlidir

  • Azərbaycan bankçılığının inkişaf tarixi

    Bildiyiniz kimi Azərbaycanda bankçılığın yaranması və təşəkkül tapmasından böyük bir zaman keçməyib. Sovet sistemində ənənəvi bankçılıq təcrübəsinin olmadığı üçün ölkəmizin müstəqilliyinə nail olduqdan sonra qısa bir zamanda bank sisteminin, onun hüquqi əsaslarının və infrastrukturunun yaradılması istiqamətində addımlar atıldı. Ölkəmizin dünyaya inteqrasiyası, gələcəkdə bizi gözləyən böyük layihələrin konturlarının tədricən formalaşmağa başlaması, həmin layihələrdən gözlənilən maliyyə axınlarının idarə edilməsi və iqtisadiyyatda paylanması mexanizmlərinin yerində olması zərurəti bu işlərin qısa bir zamanda həyata keçirilməsitələbini ortaya qoyurdu. Ona görə də bəzi ölkələrdə onilliklərlə vaxt alan bu prosesləri biz daha sürətlə keçməyə məcbur olduq. İlk olaraq 1992-ci ildə Milli Bank yaradıldı və Milli Bank, eyni zamanda banklar haqqında qanunlar qəbul olundu. Həmin ildən milli valyuta – manat tədavülə buraxıldı. Qeyd edilən qanunlar yeni tələblərə uyğun olaraq daima yenilənmiş və bank nəzarətinin mütəmadi yenilənən Bazel prinsiplərinə uyğunluğu istiqamətində işlər aparılmış, bu məqsədlə normativ hüquqi baza daima təkmilləşdirilmişdir. Qeyd olunan dövrdə ödəniş sistemləri infrastrukturunun yarandılması istiqamətində böyük işlər görülmüş, bu sistemlərin təməl prinsipləri müəyyən olunmuşdur.

  • Azərbaycanda bank sisteminin inkişaf meyilləri və problemləri hansılardır

    Qlobal konyukturda baş verən proseslər və neftin qiymətinin kəskin enməsi fonunda Azərbaycan iqtisadiyyatının post-neft dövrünə daxil olması nəticəsində banklar hazırda yeni çağırışlarla üzləşmişdir. Bu reallıq bankların öz fəaliyyətlərini yeni strategiyaya əsaslanmaqla qurmaları tələbini ortaya qoyur. Bu günün tələbinə uyğun olaraq əsas məqsəd bankların dayanıqlığının qorunması, bankların borcalanları ilə əmanətçilərinin maraqlarının uzlaşdırılması və hazırkı dövrü minimum itkilərlə keçməkdir.

    Post-neft dövründə bankların real sektoru kreditləşdirməsi çox önəmlidir. Ölkəyə böyük maliyyə axınları daxil olduğu və əhalinin istehlak qabiliyyətinin artdığı dövrdə banklar əhalinin istehlak kreditlərinə olan tələbini qarşılayan bank məhsullarını aktiv şəkilə təqdim edirdilər. Demək olar ki, hər bir vətəndaşın evində istehlak krediti vasitəsilə alınmış əşya tapmaq olar. Hazırkı reallıqda, ölkəyə valyutanın daxil olmasını təmin etmək üçün dəyər yaradan sahələrin maliyyələşdirilməsi, yeni istehsal sahələrinin yaradılması tələb olunur. Banklar real sektorun əsas maliyyə təminatçısına çevrilməklə bu sahələrin kreditləşdirməsi, kiçik və orta sahibkarlığı maliyyəşdirməsində öz biznes fəlsəfələrinə uyğun olaraq maraqlıdırlar. Amma hər bir biznesdə olduğu kimi banklar da öz fəaliyyət strategiyaları müəyyən edən zaman riskləri qiymətləndirməli və belə qiymətləndirmənin nəticələrinə uyğun addımlar atmalıdırlar. Bunu nəzərə alaraq, biznesdə mövcud olan risklərin azaldılması istiqamətində görülən işlərin davam etdirilməsi çox vacibdir. Onların fəaliyyət göstərdiyi hüquqi mühitin yaxşılaşdırılması istiqamətində əməli addımlar atılmalıdır. Bankların müştərilər barədə ətraflı məlumat alması üçün kredit bürolarının yaradılması və mövcud kredit reyestrinin bazasının genişləndirilməsi, daşınar əmlakın yüklülüyü mexanizminin, reystrinin yaradılması, məhkəmədə işlərə baxılması prosesinin sürətləndirilməsi və məhkəmə qərarları icraçılarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər ümumilikdə sistemin fəaliyyətinin effektivliyinin artırılmasına öz tövhəsini verə bilər.

    Eyni zamanda, kreditlərin verilməsi mexanizminin təkmilləşdirilməsi, bankların və borcalanların öz öhdəliklərini aydın təsəvvür etməsi, məsuliyyətli borclanma vərdişlərinin aşılanması müştərilərin və bankların sonradan çətin vəziyyətə düşmələrinin qarşısını ala bilər. Hazırda aktual olan ən önəmli məsələlərdən biri də maliyyə savadlılığının artırılmasıdır. Maliyyə savadlılığının səviyyəsi də bank-müştəri münasibətlərində həlledici rola malikdir.

  • Ölkəmizdə kəskin maliyyə dollarizasiyası gedib. Bankların öhdəliklərinin böyük əksəriyyəti aktivlərinin isə təxminən yarısı xarici valyutadadır. Sektorda de-dollarizasiya üçün hansı addımlar atılmalıdır?

    Düzgün qeyd etdiniz ki, baş verən iki devalvasiyadan sonra qısa bir müddət ərzində ölkədə kəskin dollarlaşma prosesi getmişdir. Banklardakı manatla olan əmanətlərin əksər hissəsi demək olar ki, bir anda dollara çevrilmişdir. AMB-nin statistikasına görə hazırda əmanətlərin təqribən 83%-i dollardadır. Bu o deməkdir ki, bankların dollarda olan öhdəliyi artmışdır. İndi banklar xaricdən, xarici valyuta ilə cəlb etdikləri resurslara xidmət göstərməklə yanaşı xüsusi çəkisi kəskin artmış bu depozitlər üzrə də müştərilərə faizlər ödəməlidirlər. Bankların cəlb etdiyi resurslarının böyük bir hissəsini depozitlər təşkil etdiyi üçün onların faizləri kredit fazilərinə də təsir edir. Bank sisteminin qarşısında duran əsas çağırışlardan biri də bankların depozit bazasından asılılığını optimal səviyyəyə gətirilməsidir. Bunun üçün bütün iqtisadi subyektlərin bank sisteminə daha sıx inteqrasiya olmaları, iqtisadiyyatda dövr edən maliyyə vəsaitlərinin banklar vasitəsilə hərəkəti təmin olunmalıdır. Təəssüf ki, ölkədə nağdlaşma səviyyəsi yüksək olaraq qalır. Ölkəmiz bu göstərici üzrə bir sıra ölkələrdən geri qalır (Azərbaycanda 58%, İEÖ-də 15-20% və İEOÖ-də 30-35%).Ödəniş kartları ilə əməliyyatların 92%-i isə nağd pulun bankomatlardan çıxarılmasına xidmət edir (Şərqi Avropada 70%, İEÖ-də isə 50%-i). Bankların hazırda əsas gəlirlərini faiz gəlirləri təşkil edir. Nağdlaşma səviyyəsinin azalması bankların qeyri-faiz gəlirlərinin də artmasına təkan verəcək. Qeyd olunan məsələdə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsidə xüsusi önəm kəsb edir. Nağdsız ödənişlərin inkişafı və elektron ödəniş xidmətlərindən istifadənin kütləviləşməsi bank sisteminin resurs bazasını genişləndirir.

    Hesab edirəm ki, uzun müddətli dövrdə de-dollarizasiyanın təmin edilməsi üçün ilk növbədə qeyri-neft sektorunun inkişafı vacibdir. Qısa müddəti dövrdə atılmalı addımlardan biri kimi manatın gəlirliliyini, yəni manatla depozitlərin faiz dərəcəsinin yüksəldilməsi imkanlarına baxıla bilər.

  • Xarici valyutada gəliri olmayan borcalanlara xarici valyutada kreditin verilməsini sağlam bank praktikası hesab etmək olarmı

    Məlumdur ki, müştəri ilə bank arasındakı münasibətlər qanunvericiliyin tələbləri və müqavilə öhdəlikləri vasitəsilə tənzimlənir. Qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Bilirsiniz ki, devalvasiyadan öncə əhali dollarla borclanmaya daha çox meyl edirdi. Bu problem xarici bazarlardan ölkəmizə daxil olan və banklardan kənarda baş verən prosesslərin nəticəsində aktuallaşıb. Təbii ki, kredit münasibətlərinə daxil olarkən həm banklar, həm də müştərilər öz risklərini düzgün qiymətləndirməlidirlər.

  • Bankların konsolidasiyası bank sisteminə necə təsir edəcək. Azərbaycanda neçə bankın olması müvafiqdir

    Hazırda bank sektorunda kapitallaşma davam etməkdədir. Mərkəzi Bankın bəlli kapital tələbləri var – ölkədə fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalı 50 mln. manatdan az olmamalıdır. Hazırda bankların böyük əksəriyyətinin kapitalı müəyyən olunmuş tələblərə cavab verir. Əhali sayı baxımından isə Azərbaycanla oxşar ölkələri təhlil etdikdə bankların sayının demoqrafiq göstəricilərlə o qədər də əlaqəli olmadığını, bəzilərində bu göstəricinin az, bəzilərində isə dəfələrlə çox olduğunu görürük. Birləşmə və ya bankların sayındakı dəyişmə ilə bağlı məsələləri isə ən yaxşı formada bazar özü həll edə bilər.Müxtəlif ölkələrdə bu sahədə olan vəziyyətə baxsaq bunu aydın şəkildə görmək olar

    Cədvəl 1.Əhalinin sayı baxımından Azərbaycanla oxşar Avropa ölkələrində bankların sayı (2015-ci il)
      Ölkələr Banklarınsayı Əhalisi (mln.nəfər) Hər 100 000 nəfərədüşən bank sayı
    1 Belçika 103 11.23 0.92
    2 Yunanıstan 40 10.96 0.37
    3 Çexiya 56 10.51 0.53
    4 Portuqaliya 150 10.40 1.44
    5 Macarıstan 189 9.86 1.92
    6 İsveç 159 9.69 1.64
    7 Avstriya 707 8.53 8.28
    8 İsveçrə 275 8.19 3.36
    9 Bolqarıstan 28 7.22 0.39
    10 Danimarka 119 5.64 2.11
    11 Finlandiya 271 5.46 4.96
    12 Slovakiya 28 5.42 0.52
    13 Norveç 137 5.14 2.67
    Cədvəl 2.Digər Avropa ölkələrində bankların sayı (2015-ci il)
    Ölkələr Banklarınsayı Əhalisi (mln.nəfər) Hər 100 000 nəfərədüşən bank sayı
    1 Almaniya 1808 80.89 2.24
    2 Fransa 496 66.21 0.75
    3 BirləşmişKrallıq 361 64.51 0.56
    4 İtaliya 670 61.34 1.09
    5 İspaniya 226 46.40 0.49
    6 Polşa 679 38.00 1.79
    7 Rumıniya 39 19.91 0.20
    8 Niderland 218 16.85 1.29
    9 İrlandiya 446 4.61 9.67
    10 Xorvatiya 33 4.24 0.78
    11 Litva 89 2.93 3.04
    12 Sloveniya 24 2.06 1.16
    13 Latviya 59 1.99 2.96
    14 Estoniya 37 1.31 2.82
    15 Kipr 57 1.15 4.94
    16 Lüksemburq 148 0.56 26.62
    17 Malta 27 0.43 6.32
    18 İslandiya 11 0.33 3.36
    19 Lixtenşteyn 16 0.04 42.91
  • Hər bir sahədə olduğu kimi, bank sistemində də həm naliyyətlərin həm uğursuzluqların əsasında insan faktoru dayanır. Sizcə Azərbaycan bank sistemində formalaşmış peşəkar kadr heyyəti bank sisteminin böhrandan çıxması və inkişaf etməsi üçün adekvatdırmı?

    Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda bankçılığın yaranması və təşəkkül tapmasından böyük bir zaman keçməyib. Kadrların hazırlanması məsələsi bəlli bir vaxt və əmək tələb edir. Hesab edirəm ki, qısa zaman kəsiyində bu sahədə əldə olunmuş xeyli nailiyyətlər var. Əminlikdə demək olar ki, hazırda bank sistemində çalışan əməkdaşların peşəkarlıq səviyyəsini digər sektorlarla müqayisə etsək, bank sektorunun qabaqcıl sıralarda olduğunu görərik. Əldə olunmuş nailiyyətlər bizi olduğumuz yerdə qalmağa deyil, bu sahədə daha da irəli getməyə sövq etməlidir.

    Çünki, hazırkı dövrdə bank sektoru qlobal səviyyədə yeni mərhələyə keçid edir. Rəqəmsallaşma, mütərəqqi texnologiyalara əsaslanan bank məhsulları, texnologiya nəhənglərinin bir sıra bank xidmətləri göstərməyə başlaması ilə sektorun sərhədləri qlobal səviyyədə itməyə başlayır. Elektron bankçılığın inkişafı, internet və mobil bankçılığın geniş vüsət alması nəticəsində müştəri ilə bankın münasibətləri virtullaşmağa doğru gedir. Qeyd olunanlar mürəkkəb rəqabət mühiti fəaliyyət göstərmək  üçün daha da peşəkərlaşmanı tələb edir və bu iş daima ABA-nın diqqət mərkəzindədir. Azərbaycan Banklar Assosiasiyasının törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) Avropa Birliyi TACİS proqramının texniki yardımı ilə 2000-ci ilin fevral ayında yaradılmışdır.

    Yaradıldığı ilk illərdə yalnız kommersiya bank işi üzrə təlim xidmətləri göstərən ABTM hazırda öz sahəsində praktik təcrübəsi olan 70-dən çox yüksək peşəkar, xüsusi təlimdən keçmiş eksperti ilə bank işi ilə yanaşı, sığorta və lizinq işi, yumşaq vərdişlər və idarəetmə mövzuları üzrə geniş çeşidli təlim xidmətləri göstərir.

    ABTM orta hesabla hər il 120-150 təlim kursu keçirir və bu kurslarda ildə 1500-1800 nəfər iştirak edir. Fəaliyyətinin ilk vaxtlarında qısamüddətli ixtisasartırma kursları təklif edən ABTM bu gün beynəlxalq və yerli sertifikasiya proqramları üzrə də təlimlər aparır. ABTM-in artıq 20 min nəfərdən çox dinləyicisi var.

MÜDDƏT