Alternativ Bankçılıq Şurası Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin 02 oktyabr 2025-ci il tarixli qərarı əsasında yaradılmışdır. Şuranın əsas məqsədi Azərbaycanda islam bankçılığı prinsiplərinə və beynəlxalq standartlara uyğun alternativ maliyyə fəaliyyətlərinin inkişafını dəstəkləmək və bu sahədə vahid yanaşmanın formalaşdırılmasını təmin etməkdir.
Şura Azərbaycan Respublikasının qanunvericiliyi, Mərkəzi Bankın normativ aktları və ABA-nın daxili qaydaları əsasında fəaliyyət göstərən müstəqil kollegial orqandır və qərarlarını sərbəst şəkildə qəbul edir.
Şura hüquq, maliyyə və islam hüququ sahələri üzrə ixtisaslaşmış üç üzvdən ibarətdir. Onun fəaliyyətinin təşkili Katiblik vasitəsilə həyata keçirilir və müraciətlərin qəbulu, araşdırılması, iclasların təşkili və qərarların icrasına nəzarət bu struktur tərəfindən təmin olunur.
Şuranın əsas fəaliyyət istiqamətlərinə islam bankçılığı üzrə peşə prinsiplərinin və standartların müəyyən edilməsi, maliyyə bazarında vahid təcrübənin formalaşdırılması, məhsul və əməliyyatların uyğunluğunun qiymətləndirilməsi, aidiyyəti qurumlara rəy verilməsi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi daxildir.
Şura tərəfindən qəbul edilən qərarlar və müəyyən edilən prinsiplər maliyyə bazarı iştirakçıları üçün istiqamətverici rol oynayır, bazarda şəffaflığın və etimadın artırılmasına, alternativ maliyyə alətlərinin inkişafına töhfə verir.
Eyni zamanda, Şura beynəlxalq təcrübəni nəzərə alaraq müxtəlif tərəfdaşlarla əməkdaşlıq edir və konfrans, seminar və digər platformalar vasitəsilə bilik və təcrübə mübadiləsini təşviq edir.
Alternativ Bankçılıq Şurası öz fəaliyyəti ilə Azərbaycanda alternativ bankçılıq və islam maliyyə sisteminin institusional inkişafına və dayanıqlı maliyyə mühitinin formalaşmasına mühüm töhfə verir.