2016-cı ildə maliyyə-bank sektoru

Əlavə edilib:

2016-cı ildə Azərbaycanın maliyyə-bank sektorundakı yeniliklərlə bağlı BBN.az saytının hazırladığı yazı ilə aşağıda tanış ola bilərsiniz.

Yada salaq:

1 yanvar – Azərbaycan Beynəlxalq Bankının (ABB) 5.6 mlrd. manat həcmində problemli kreditləri “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına ötürüldü. 

6 yanvar  – Valyuta dəyişmə məntəqələri bağlandı. Azərbaycan Mərkəzi Bankı  (AMB) tərəfindən “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik edildi və banklardan kənarda fəaliyyət göstərən valyuta dəyişmə məntəqələri bağlandı. Bundan əlavə, yeni qaydaya əsasən, mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

6 yanvar – Bankların ehtiyat ayırmalarının dərəcələrini azaldıldı. Mərkəzi  Bank tərəfindən bankların qeyri-qənaətbəxş aktivlər üzrə ehtiyat dərəcəsi 30%-dən 25%-ə, təhlükəli aktivlər üzrə isə 60%-dən 50%-ə endirildi.

8 yanvar – Valyuta mübadiləsinə 4%-lik limit tətbiq olundu.  Beləliklə, nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/- 4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən edildi.

18 yanvar – “Bank of Azerbaijan”ın lisenziyası ləğv edildi.

19 yanvar – Qorunan əmanətlərdə məbləğ limiti ləğv edildi. Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalandı.

19 yanvar – Üzv bankların ADIF-ə ödədiyi əlavə haqlar 0,2%-dən 0,1%-ə azaldılır.

25 yanvar  – “Gəncəbank” ASC-nin lisenziyası ləğv edildi.

26 yanvar – “United Credit Bank” və “NBC Bank” ASC-nin bank lisenziyaları ləğv edildi.

27 yanvar – “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edildi. 

1 fevral – “Texnikabank” ASC-nin lisenziyası ləğv edildi.

1 fevral  – Əmanətlər 3 illik vergidən azad edildi.  3 (üç) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad edildi.

2 fevral – ”NBC Bank”ın lisenziyası bərpa edildi.

3 fevral  – Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaradılmasına qərar verilir.

15 fevral  – AMB uçot dərəcəsini artırdı –  il ərzində ilk artım. AMB uçot dərəcəsinin 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddinin 2%, yuxarı həddinin isə 10% səviyyəsində müəyyənləşdirilməsi barədə qərar qəbul edib.  Əvvəl isə uçot dərəcəsi 3%, faiz dəhlizinin aşağı həddi 0,1%, yuxarı həddini isə 5% təşkil edirdi.

4 mart  – AMB uçot dərəcəsini artırdı – il ərzində ikinci artım. Uçot dərəcəsi 7%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddi 17%, aşağı həddi isə 2% səviyyəsində müəyyən edildi.  Həmçinin faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə likvidliyin verilməsi və cəlb olunması əməliyyatlarının müddəti 1 gündən 7 günədək uzadıldı.

9 mart – “Banklar haqqında” və “Mərkəzi Bank Haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı fərman imzalandı. Mərkəzi Bank publik hüquqi şəxs statusu aldı. Mərkəzi Bankın səlahiyyətlərinin bir hissəsi Maliyyə Bazarlarına Nərzarət Palatasına (MBNP) keçdi.

16 mart – Mərcburi ehtiyat norması dəyişdirildi. Məcburi ehtiyatların norması milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 0,5%, xarici valyutada cəlb edilmiş depozitlər və hesablama bazasının bütün həcmləri üzrə 1%, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə 0% səviyyəsində müəyyənləşdirildi. Əvvəlcə isə məcburi ehtiyatların norması bütün depozitlər, eləcə də hesablama bazasının bütün həcmləri üzrə 0,5% idi.

31 mart  – MBNP faktiki olaraq fəaliyyətə başladı.

4 aprel  – İstehlak kreditlərinin xarici valyuta verilməsi qadağan edilib. MBNP qərarı ilə xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış şəxslərə xarici valyutada kreditlərin verilməsi dayandırıldı.

3 may – “Bank Standard” ASC-ə müvəqqəti inzibatçı təyin edilib. MBNP “Bank Standard” ASC-ə müvəqqəti inzibatçı təyin edib.

4 may – İpoteka kreditlərinin xarici valyuta verilməsi məhdudlaşdırıldı.

6 may – “Banklar haqqında” Qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən, banka aiddiyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək. Bundan əlavə, aiddiyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5%-dək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, Müşahidə Şurasının səlahiyyətində qaldı.

25 may – AZN/USD məzənnəsi minimum səviyyəsini gördü. AMB-nin rəsmi məzənnəsinə əsasən, AZN/USD 1.4900 səviyəsini gördü.

13 iyun – AMB ilk dəfə depozit hərracı keçirdi.

22 iyun  – “Elektron İpoteka” sisteminə keçilməsinə qərar verildi. İpoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipoteka” sistemi yaradıldı və 2017-ci ildən bu sistemə keçilməsi qərara alındı.

4 iyul – Bank Standard” ASC-yə sağlamlaşdırıcı (sanator) təyin edildi.

15 iyul – Maliyyə Sabitliyi Şurası yaradıldı.

21 iyul – 4 bank bağlandı.  “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edildi.

8 avqust – AMB uçot dərəcəsini artırdı – il ərzində üçüncü artım. Likvid əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı həddlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9.5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edildi.

14 sentyabr – AMB uçot dərəcəsini artırdı – il ərzində dördüncü artım. Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edildi.

30 sentyabr  – Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azərbaycan Beynəlxalq Bankında (ABB) 1 mlrd. dollar depozit yerləşdirdi.

30 sentyabr – “Bank Standard” ASC-nin lisenziyası ləğv edildi. Bankda yerləşdirilən 460 milyon manat həcmində əmanət sığortalandı.

24-25 noyabr – İlk bank forumu keçirildi. Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Post-neft dövründə bank sisteminin inkişafı: yeni çağırışlar və perspektivlər” adlı İlk Bankçılıq Forumu keçirildi.

6 dekabr – “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” hazırlandı.

7 dekabr – Xaricə valyuta köçürülməsinə tətbiq edilən limitlər dəyişdi. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik edildi. Dəyişikliyə əsasən, rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1 000 ABŞ dolları ekvivalentinədək, ay ərzində isə cəmi 10 000 ABŞ dolları ekvivalentinədək maksimum məbləği, yaxın qohumlara köçürülən vəsaitin ay ərzində cəmi 10 000 ABŞ dolları ekvivalentinədək) nəzərdə tutulur.

16 dekabr – Əmanətlərin vergiədn azadedilmə müddəti uzadıldı.  Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödəniləcək illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendlərin, diskount istiqrazlarının nominaldan aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 5 ilədək artırıldı.

23 dekabr – “Nağdsız hesablaşmalar haqqında” Qanun qəbul edildi.

30 dekabr  – AZN/USD məzənnəsi ilin maksimum səviyyəsini gördü. AMB-nin rəsmi məzənnəsinə əsasən, AZN/USD 1.7707 səviyəsinə çatdı.

Bundan əlavə 2016-cı il ərzindən bank sektorunda 20-dən çox kapital artımı ilə bağlı addım atılmışdır. AMB tərəfindən 26 depozit hərracı keçirilmişdir.  

MÜDDƏT