Əmək haqqı sorğusu layihəsinin nəticələri ilə bağlı təqdimat keçirilib

Əlavə edilib:

2 noyabr 2017-ci il tarixində “AccessBank”ın baş ofisində Azərbaycan Banklar Assosiasiyasının “Tədris Strategiyaları və İnsan Resursları üzrə” Ekspert Qrupunun üzvləri görüşüb. Görüşdə  “Tədris Strategiyaları və İnsan Resurslarının İdarə Olunması” üzrə Ekspert Qrupunun üzvləri, Qrupa üzv olmayan digər bankların və “Korn Ferry Hay Group” şirkətinin nümayəndələri iştirak edib. Görüş zamanı Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü ilə keçirilmiş əmək haqqı sorğusunun nəticələri ilə bağlı “Korn Ferry Hay Group” şşirkətinin təqdimatı olub.

Təqdimatdan öncə ABA-nın İcraçı direktoru Yunus Abdulov çıxış edərək “Tədris Strategiyaları və İnsan Resurslarının İdarə Olunması” üzrə Ekspert Qrupunun sədri Aynur Süleymanlıya, “Kapital Bank”ın İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədovaya və digərlərinə, həmçinin sorğunu keçirən “Korn Ferry Hay Group” şirkətinin rəhbərliyinə və nümayəndələrinə bank sektorunda əmək haqqı trendlərinin izlənməsi üçün əhəmiyyətli olan sorğunun keçirilməsinə verdiklərin dəstəyə görə ABA adından təşəkkürünü bildirib. O, keçirilən əmək haqqı sorğusunda bankların əksəriyyətinin iştirakının ilk dəfə olduğunu və bunun sorğunun dolğun və faydalı olması üçün əhəmiyyətli olduğunu bildirib və sorğunun keçirilməsinin əmək bazarına müsbət təsirləri olacağını qeyd edib.

22 bank və 1 bank olmayan kredit təşkilatının iştirak etdiyi əmək haqqı sorğusunda bankların filialları, insan resurslarının idarə edilməsi, marketinq, maliyyə, kredit, IT, korporativ bankçılıq və bu kimi departament və şöbələri 22 iş kateqoriyalarına, bu kateqoriyalar isə 49 alt iş kateqoriyalarına bölünmüş və müqayisələr bu kateqoriyalar üzrə aparılıb. Sorğu nəticəsində sektor üzrə vəziyyəti əks etdirən bir ümumi hesabat, həmçinin hər bir bankın bazardakı mövqeyini göstərən və yalnız həmin banka təqdim olunan əlavə hesabatlar hazırlanıb.

Xatırladaq ki, əmək haqqı sorğusunun keçirilməsi ilə bağlı qərar ABA-nın Rəyasət Heyətinin 20 iyun 2017-ci il tarixli iclasında qəbul olunub.

Qeyd edək ki, sorğunu həyata keçirmiş “Korn Ferry Hay Group” şirkəti 1943-cü ildə yaranıb. Hazırda şirkətin məlumat bazasından 110-dan çox ölkə və dünya üzrə 25 min şirkət faydalanmaqdadır.

 

MÜDDƏT