“Uber” taksi xidmətinə ƏDV-nin tətbiq edilməsi ilə bağlı görüş keçirilib

Əlavə edilib:

6 noyabr 2017-ci il tarixində Vergilər Nazirliyində “Uber” taksi xidmətinin vergiyə cəlb edilməsi ilə əlaqədar görüş keçirilib. Görüşdə Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və Alternativ Xidmət Kanallar üzrə” Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov, Azərbaycan Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının, “Azericard”ın və bir sıra kommersiya banklarının nümayəndələri iştirak edib.

Görüş zamanı qeyri-rezidentlərə məxsus, o cümlədən Uber və s. şirkətlər tərəfindən ölkə ərazisində göstərilən taksi xidmətlərinə 18% dərəcəsi ilə ƏDV-nin tətbiq edilməsi ilə əlaqədar ortaya çıxan bəzi məqamlar qarşılıqlı müzakirə edilib. Müzakirə nəticəsində açıq qalan məsələlərə aydınlıq gətirilib və kart prosessinq təşkilatları tərəfindən ƏDV-nin tutulması ilə bağlı müvafiq texniki sazlama işləri yekunlaşdırıldıqdan sonra Uber və s. kimi qeyri-rezidentlərə məxsus taksi şirkətlərində elektron ticarət qaydasında aparılan kart ödənişlərindən Banklar tərəfindən 18% dərəcəsi ilə ƏDV-nin tutulmasına başlanması qərara alınıb.

Bununla əlaqədar olaraq, 07 noyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında “Uber” və qeyri-rezidentlərə məxsus taksi xidmətləri göstərən digər şirkətlərin vergiyə cəlb edilməsi ilə əlaqədar “Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib. İclasda “Uber” və qeyri-rezidentlərə məxsus taksi xidmətləri göstərən digər şirkətlərə ƏDV-nin tətbiq olunması ilə bağlı yeni qərar bütün banklar və kart prosessinq şirkətləri ilə paylaşılıb və ƏDV-nin tutulması ilə bağlı müvafiq texniki sazlama işlərinin yekunlaşdırılma tarixi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

 

MÜDDƏT