Bank Ombudsmanı

Müştərilərin banklara etimadının gücləndirilməsinə nail olmaq və banklarla müştərilər arasında yaranmış mübahisələrin həllinin məhkəmədən öncə tapılması məqsədilə Bank  Ombudsmanı İnstitutunun yaradılması zərurəti ortaya çıxmışdır. Bu qurum banklarla müştərilər arasında meydana çıxa biləcək mübahisələrin məhkəmədən kənar qaydada həll olunmasına kömək edə bilər. Qurumun yaradılmasında məqsəd mübahisələri Bank Ombudsmanının köməyi ilə həll etməklə, banklar ilə müştəriləri arasında etimad münasibətlərinin formalaşdırılmasına nail olmaqdır.

Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. ABA-nın Rəyasət Heyətinin 14 aprel 2017-ci il tarixində keçirilən növbəti iclasında Bank Ombudsmanı vəzifəsinə İkram Heydər oğlu Kərimov seçilib.

İkram Heydər oğlu Kərimov  

Bank Ombudsmanı banklarla onların fiziki şəxs müştəriləri arasında yaranan mübahisələrin araşdırılması üzrə Azərbaycan Banklar Assosiasiyasının nəzdində daimi fəaliyyət göstərən orqandır. Bank Ombudsmanının əsas məqsədi banklar və fiziki şəxslər arasında müqavilələrin bağlanması, dəyişdirilməsi, icrası və ya xitam verilməsi ilə bağlı yaranan hüquqi və mülki mübahisələrin məhkəməyə müraciət etmədən, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq ədalət, qanunun aliliyi, müstəqillik, qərəzsizlik və tərəflərin hüquq bərabərliyi prinsipləri əsasında aradan qaldırılmasıdır.

Hansı işlər üzrə Ombudsmana müraciət edilə bilər?

İddia məbləği maksimum 2000 (iki min) ABŞ dollarının müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə barəbər olan, banklarla əqdlərin bağlanması, dəyişdirilməsi, icrası və ya xitam verilməsi ilə bağlı yaranan, heç bir halda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mülki-hüquq mübahisələrinin həlli Bank Ombudsmanının səlahiyyətlərinə aid edilmişdir.

Həmçinin, mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı mövcud deyilsə, mübahisəyə Bank Ombudsmanı tərəfindən bundan əvvəlki dövrdə baxılmayıbsa, ona dair barışıq sazişi təsdiq edilməyibsə və ya Ombudsmanın mübahisəni mahiyyəti üzrə həll edən qərarı yoxdursa, ərizədə qaldırılan məsələnin baş verməsindən və iddia olunan hüquq pozuntusundan iki ildən artıq vaxt keçməyibsə, ərizədə qaldırılan məsələ ümumi bank işinə, bankların xidmət çeşidinə və qiymət siyasətinə aid deyilsə, qaldırılan məsələdə müvafiq qanunvericiliyə uyğun olaraq cinayət və inzibati xəta tərkibi yoxdursa, barəsində ərizə verilən maliyyə təşkilatının lisenziyası geri çağırılmayıbsa və ya bu maliyyə təşkilatı ləğv olunmayıbsa, qeyd olunan mübahisələrin də həlli Bank Ombudsmanının səlahiyyətlərinə aid edilmişdir.

Fiziki şəxs müştərilər Bank Ombudsmanına ərizə verməkdən əvvəl bankın müştərisi öz iddialarının (tələblərinin) mahiyyəti göstərilməklə əlaqədar banka şikayət (ərizə) ilə müraciət etməlidir. Şikayəti (ərizəni) alan bank şikayətin (ərizənin) alındığı gündən 30 (otuz) iş günü ərzində müştəriyə şikayətin (ərizənin) mahiyyəti üzrə cavab təqdim edir. Şikayətin (ərizənin) mahiyyəti üzrə cavab alındığı andan və ya bu qeyd olunan müddət bitdikdən sonrakı 60 (altmış) gün ərzində Müştəri Bank Ombudsmanına yazılı ərizə ilə müraciət etmək hüququna malikdir.

Bank Ombudsmanına müştəri ilə bank arasında bağlanmış müqavilənin qüvvədə olduğu müddətdə və ya müqavilənin müddəti bitdikdən sonra keçən 2 (iki) il ərzində olan mubahisələrə dair ərizələr təqdim edilməlidir. Yazılı ərizə Bank Ombudsmanına poçt vasitəsi ilə,  elektron poçt vasitəsi ilə və ya şəxsən Bank Ombudsmanının ofisinə gəlməklə Bank Ombudsmanının məsul katibinə rəsmi iş günləri və saatlarında təqdim oluna bilər. Bank Ombudsmanı tərəfindən baxılan mübahisələr üzrə araşdırma müddəti –  mübahisə tərəfləri Bakı şəhərində olduqda – 1 (bir) ay, – mübahisə tərəfləri Bakı şəhərindən kənarda olduqda – 2 (iki) aydan çox olmamalıdır.

Bank Ombudsmanın veb-səhifəsi: www.bankombudsman.az

MÜDDƏT