17-18-19 fevral 2026 – cı il tarixinlərində Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Respublikasının Mərkəzi Bankı, və Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə “Sparkassenstiftung” təşkilatı tərəfindən “ESİ Risk Radar” layihəsi çərçivəsində silsilə təlimlər təşkil olunub.
Təlimlərdə Mərkəzi Bankın və bankların ekoloji, sosial və idarəetmə (ESİ) istiqaməti üzrə məsul nümayəndələri iştirak ediblər. Proqram çərçivəsində “ESİ Risk Radar” alətinin metodoloji əsasları, ESİ risklərinin qiymətləndirilməsi yanaşmaları və praktik tətbiq mexanizmləri ətraflı təqdim olunub. Bununla yanaşı, alətin bankların əməliyyat proseslərinə inteqrasiyası və tətbiq mərhələsinə hazırlıq məsələləri üzrə müzakirələr aparılıb.
Qeyd olunub ki, təşəbbüs bank sektorunda ESİ risklərinin makroprudensial nəzarət çərçivəsinə inteqrasiyası və dayanıqlı maliyyə prinsiplərinin tətbiqinə hazırlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, “ESİ Risk Radar” aləti kredit və müştəri səviyyəsində məlumatların məhdud olduğu şəraitdə ESİ risklərinin ölçülməsi və müqayisəli təhlilinə imkan yaradır. Bu isə həm banklar, həm də tənzimləyici qurumlar üçün risklərin daha effektiv idarə olunmasına əlavə dəstək verir.
