ABA-nın “Daxili audit üzrə Ekspert Qrupu”nun Türkiyə Bankları ilə təcrübə mübadiləsi aparılmışdır

Əlavə edilib:

23-27 may 2022-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit üzrə Ekspert Qrupu” üzvlərinin Türkiyə Respublikasına təcrübə mübadiləsi məqsədi ilə səfəri olmuşdur. Səfər zamanı Türkiyənin 5 qabaqcıl bankında – YapıKrediBank, İş Bankası, DenizBank, Garanti BBVA və ZiraatBank görüşlər keçirilmişdir.

Görüşlərdə Türkiyə Banklarının Teftiş Kurul Başkanları ilə modern, risk əsaslı audit, auditdə yeni çağırışlar, dinamik planlama, agile, data əsaslı audit, İT audit və auditin etibarli məsləhətçi rolu, habelə daxili audit sahəsi üzrə təşkilati mədəniyyət və auditorların inkişaf etdirilməsi kimi məsələlərdə fikir mübadiləsi aparılmış və gələcək əməkdaşlıq müzakirə edilmişdir.

Ekspert heyəti Türkiyə Banklar Birliyinin prezidenti, Ziraat Bankın baş icraçı direktoru Alpaslan Çakar tərəfindən qəbul edilmiş və ona Daxili audit ekspert qrupunun rəhbəri Elgün Qurbanov tərəfindən Azərbaycan ordusunun tarixi qələbəsi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılmış “ZƏFƏR” kolleksiyasına aid ŞUŞA şəhərinə həsr olunmuş xatirə pul nişanı hədiyyə edilmişdir.

Görüş zamanı təcrübə mübadiləsi proqramına dair ətraflı məlumat verilmiş, daxili audit sahəsində təcrübə və yeniliklər müzakirə edilmiş, banklar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və sektorlararası həmrəyliyin gücləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT