ABA-nın prezidenti Zakir Nuriyev beynəlxalq elmi konfransda çıxış edib

Əlavə edilib:

15-16 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə Gəncədə “Heydər Əliyev İli” çərçivəsində “Milli Ekoloji prioritetlər və qlobal iqtisadi təhditlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxış edib.

Konfrans Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı və AzTV-nin media dəstəyi ilə baş tutub.

Onun sözlərinə görə, ölkə başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas 5 prioritetdən birinin məhz “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” yönündə olması da təsadüfi deyildir. Bu hədəf çərçivəsində ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin vacibliyi vurğulanmaqda və hazırda bu məqsədlərə çatmaqla əlaqədar tədbirlərin icrası həyata keçirilməkdədir.

“Bank sektoru olaraq da, bu məqsədlərə xidmət etmək üçün qeyri-neft sektorunun inkişafına və ölkəmizdə yaşıl iqtisadiyyatın payının artmasına, eləcə də dövlət-özəl tərəfdaşlığı çərçivəsində və bank sektorunun özünə aid təşəbbüsləri ilə dayanıqlı maliyyələşmənin və ESG bankçılığın ölkəmizdə daha geniş vüsət almasına dəstək verməyə çalışırıq”,  – deyə ABA-nın prezidenti qeyd edib.

Zakir Nuriyev öz çıxışı zamanı bunları bildirib – “Digər baxımdan ümumilikdə bir ölkənin iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi geniş miqyasda ekologiya dostu texnologiyalara və yeni enerji sistemlərinə keçidi və dolayısı ilə böyük bir maliyyə tələb edir.”

“Bu səbəbdən qlobal səviyyədə maliyyə-bank sektoru ESG (environmental-social-governance) qaydalarına daha həssas olan bazar dinamikası ilə uyğunlaşmağa,  kredit verilməsi prosesində maliyyə vəziyyəti və pul axınları kimi iqtisadi amillərlə yanaşı, həm müştəri, həm də layihə səviyyəsində ekoloji və sosial amilləri də nəzərə almağa başlamışdır”, – deyə əlavə etmişdir.

MÜDDƏT