ABA-nın prezidenti Zakir Nuriyev “Bişkek Beynəlxalq Maliyyə Forumu – BIFF2025”da çıxış etmişdir

Əlavə edilib:

30 may 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər heyəti Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Bişkek Beynəlxalq Maliyyə Forumu – BIFF2025 – İnnovasiyalar, dayanıqlı inkişaf və rəqəmsal transformasiya: maliyyə ekosisteminin gələcəyi” adlı forumda iştirak etmişdir.

Forumunda açılış nitqində çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev tədbir iştirakçılaına regionda bank-maliyyə sektorunun inteqrasiyası, innovativ transformasiya və ortaq layihələr sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi.

Çıxışında, Zakir Nuriyev Qırğızıstan Respublikasının hazırda sədrlik etdiyi Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətinə toxunaraq bildirmişdir ki, TDT üzv və müşahidəçi ölkələr – Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikası – ümumilikdə 4,8 mln km² ərazini əhatə edir. 2024‑cü ilin sonunda bu ölkələrin əhalisi 178,8 milyon nəfərə, ümumi daxili məhsulu 2,1 trilyon ABŞ dollarına (dünya ÜDM‑ində 1,8 % pay) və xarici ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dollarına (dünya ticarətində 3,5 % pay) çatdığını vurğulamışdır.

“Bu illər TDT‑nin həm funksional qurum kimi möhkəmlənməsi, həm də üzv dövlətlər arasında çoxşaxəli əməkdaşlığın dərinləşməsi ilə yadda qalmışdır”, – deyə Nuriyev bildirmişdir.

Bişkekdə, TDT‑nin XI Zirvəsi çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Mərkəzi (Milli) Banklarının Şurası”nın yaradılmasına dair Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan mərkəzi banklarının rəhbərləri tərəfindən imzalanan Memoranduma toxunaraq, Zakir Nuriyev bu sənədin banklar arasında əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcəyinə inam bildirmişdir.

“Məhz TDT‑nin fəaliyyətindən ilham alaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Şimali Kipr Türk Respublikasının Banklar Assosiasiyaları olaraq qurduğumuz Şura çərçivəsindəki ahəngdar fəaliyyət hədəflərə çatmağımıza dəstək olur. Məqsədimiz ortaq tarixi və mədəni dəyərlərimizdən güc alaraq iqtisadi və bank‑maliyyə münasibətlərimizi dərinləşdirməkdir”, – deyə Nuriyev bildirmişdir.

Şura çərçivəsindəki fəaliyyətə toxunan Nuriyev qeyd etmişdir ki, bu günə qədər Şuranın loqosu və veb-saytı istifadəyə verilib, bir sıra beynəlxalq konfranslar və təlimlər təşkil olunub, üzv ölkələr arasında geniş təcrübə mübadiləsi həyata keçirilmişdir.

Çıxışda bank sektorunun gələcəyini formalaşdıran əsas amillərdən biri kimi maliyyə innovasiyaları və rəqəmsal transformasiya xüsusi qeyd olundu. Rəqəmsal həllərin müştəri tələblərinə uyğunlaşdırılması, maliyyə inklüzivliyinin genişlənməsi və süni intellektin tətbiqi sahəsində atılan addımların sektorun dayanıqlığını artıracağı bildirildi.

Eyni zamanda, kiber təhlükələr, məlumatların məxfiliyinin pozulması və texnoloji risklərə qarşı ciddi tədbirlərin vacibliyi vurğulandı. Zakir Nuriyev çıxışının sonunda maliyyə institutları və nəzarət orqanlarının birgə səyləri ilə rəqəmsal dövrün çağırışlarının fürsətə çevriləcəyinə əminliyini ifadə etdi.

 

MÜDDƏT