10 may 2025-ci il tarixində keçirilən II Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi çərçivəsində çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev türk dövlətləri arasında iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Zakir Nuriyev bildirib ki, 2024-cü ildə qlobal ticarət 33 trilyon ABŞ dollarına çatsa da, 2025-ci ilə dair iqtisadi yavaşlama proqnozları regional həmrəyliyi daha da önə çıxarır. O, Türk İnvestisiya Fondu və Azərbaycan ilə Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış fondların sərmayə təşviqində mühüm rol oynadığını qeyd edib.
ABA rəhbəri həmçinin Trans-Xəzər Nəqliyyat Dəhlizinin yükdaşıma göstəricilərində 62%-lik artım və xərclərin optimallaşdırılması fonunda bank sektoru üçün yeni maliyyələşmə imkanlarının yarandığını diqqətə çatdırıb.
Zakir Nuriyev, 2022-ci ildə yaradılmış Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası çərçivəsində həyata keçirilən layihələr – beynəlxalq forumlar, peşəkar təlimlər və təcrübə mübadilələrinin uğurla davam etdiyini vurğulayıb. O, həmçinin 2023-cü ildə Bişkekdə imzalanan memorandumla yaradılan Mərkəzi Banklar Şurasının banklararası əməkdaşlığa əlavə stimul verdiyini bildirib.
ABA prezidenti yekunda güclü tərəfdaşlığın türk dünyasında dayanıqlı investisiyalar, ticarət və rifah üçün əsas olduğunu qeyd edib.