ABA-nın Rəyasət Heyətinin geniş tərkibdə keçirilən iclasında Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”nin üzvləri qonaq qismində iştirak etmişlər

Əlavə edilib:

Assosiasiyanın Rəyasət Heyətinin geniş tərkibdə keçirilən iclasında Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”nin sədri Ziyad Səmədzadə, sədr müavini Ağalar Vəliyev və üzvü İlham Əliyev qonaq qismində iştirak etmişdir.

Görüşü giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev qlobal konyukturda baş verən proseslər və neftin qiymətinin kəskin enməsi fonunda Azərbaycan iqtisadiyyatının post-neft dövrünə daxil olması nəticəsində bankların yeni çağırışlarla üzləşdiyini bildirmiş və bu reallığın bankların öz fəaliyyətlərini yeni strategiyaya əsaslanmaqla qurmaları tələbini ortaya qoyduğunu nəzərə çatdırmışdır. Əhalinin öz əmanətlərini etibar etdiyi bir qurum olan bankların dayanıqlığının qorunması məsələsinin önəmli olduğunu vurğulayan Zakir Nuriyev, bəzi qanunların yenilənməsi və müasir tələblərə uyğunlaşdırılmasının, onlarda mövcud olan boşluqların aradan qaldırılmasının buna dəstək olacağını diqqətə çatdırmışdır.

Görüş zamanı müzakirə predmeti olan qanunlar arasında vergi və icra qanunvericiliyinə dəyişikliklərlə bağlı ABA tərəfindən hazırlanmış təkliflər də yer almışdır. Qeyd olunmuşdur ki, bir sıra hallarda qanunvericiliyin tələbi ödəmə qabiliyyəti aşağı düşmüş məsuliyyətli müştərilərin kreditlərinin şərtlərinin asanlaşdırılmasına şərait yaratmır.

Ziyad Səmədzadə və digər deputatlar bazar iqtisadiyyatında bankların rolunun əvəzedilməz olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, bank sektorunda müşahidə olunan kiçik bir təlatüm dərhal iqtisadiyyata təsir edir. Ona görə də bankların dayanıqlığının qorunmasının iqtisadi tarazlıq və bank əmanətçilərinin maraqları nöqteyi-nəzərindən çox önəmlidir. Eyni zamanda, onlar, kreditlərin verilməsi mexanizminin təkmilləşdirilməsinin, bankların və borcalanların öz öhdəliklərini aydın təsəvvür etməsinin, məsuliyyətli borclanma vərdişlərinin aşılanmasının zəruri olduğunu qeyd etmişlər. Deputatlar banklarla müştərilər arasında konsensusa nail olunmasının, kreditinin ödənişində gecikmə olan məsuliyyətli müştərilərə mümkün qədər güzəşt edilməsi ilə əlaqədar bankların təşəbbüslərinin davam etməsinin vacibliyini nəzərə çatdırmışlar. Həmçinin görüşdə maliyyə savadlılığının bank-müştəri münasibətlərində həlledici rola malik olduğu da qeyd edilmişdir.

MÜDDƏT