18 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyəti arasında görüş baş tutub. Görüş ADB tərəfindən həyata keçirilən “İxrac və Dəyər Zəncirinin Tədqiqi üzrə Texniki Yardım Məsləhətləşmə Missiyası” çərçivəsində təşkil edilib.
Tədbirdə ABA-nın nəzdində fəaliyyət göstərən müvafiq Ekspert Qruplarının nümayəndələri və Assosiasiyanın üzv banklarının təmsilçiləri iştirak ediblər.
Müzakirələr zamanı Azərbaycanın ixrac potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və bu istiqamətdə bank sektorunun rolu ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Xüsusilə, ixracın maliyyələşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, risklərin idarə olunması və beynəlxalq təcrübəyə əsaslanan maliyyə alətlərinin tətbiqi imkanları ön plana çıxarılıb.
Konstruktiv və qarşılıqlı faydalı şəraitdə keçən görüş gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.