ABA və Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb – Foto

Əlavə edilib:

31 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Hakimlər İttifaqı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Azərbaycan Hakimlər İttifaqı İdarə Heyətinin sədri Ramiz Rzayev imzalayıblar.

Tədbiri giriş sözü ilə açan Z.Nuriyev iki qurum arasında konstruktiv əməkdaşlığın qurulmasına  verdiyi dəstəyə görə Hakimlər İttifaqına, şəxsən cənab Ramiz Rzayevə təşəkkürünü bildirib. Memorandumun imzalanmasında məqsəd Hakimlər İttifaqı və ABA arasında qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində fəaliyyətin təşkili, bank sahəsində məhkəmə təcrübəsinin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və ictimaiyyətin bank sahəsi ilə bağlı hüquqi maarifləndirilməsinə dəstək göstərməkdən ibarət olduğunu bildirib, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

Azərbaycan Hakimlər İttifaqı İdarə Heyətinin sədri Ramiz Rzayev çıxış edərək, bu gün bu tədbirin təşkil edilməsində əsas səbəb kimi Azərbaycan Hakimlər İttifaqının əsas fəaliyyət istiqamətlərinə müsbət təsir göstərəcək növbəti qarşılıqlı əməkdaşlıqların yaradılması və ictimaiyyətə çatdırılması olduğunu qeyd edib. Azərbaycan Banklar Assosiasiyasının Respublikada fəaliyyət göstərən bankların və bank olmayan kredit təşkilatlarının ortaq maraqlarını təmsil edən, bank sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində uğurla xidmət edən nüfuzlu bir təşkilat olduğuna vurğu edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində aparılmış islahatların və sahibkarlığın inkişafına dəstək proqramlarının məntiqi davamı olaraq, bank sektoru təşkilatlarının hüquqi müstəvidə qarşılaşdığı elmi-nəzəri və praktiki problemlərə maarifləndirici dəstəyin verilməsinə ehtiyac yarandığını bildirərək, bu gün imzalanacaq memorandumun bu məsələdə qarşılıqlı əməkdaşlığımıza faydalı olacağına və müstəqil fəaliyyətlərimizə töhfələr verəcəyinə əminliyini vurğulayıb.

MÜDDƏT