Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Əli Əhmədov ilə bank sədrləri arasında görüş keçirilib

Əlavə edilib:

3 iyul 2024 il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş direktoru Əli Əhmədov ilə bank sədrləri arasında onlayn görüş keçirilmişdir.

Görüşdə Mərkəzi Bankın “2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişafı Strategiyası”nda kapital bazarları üzrə müəyyən edilmiş istiqamətlər, bankların kapital bazarlarında iştirakı ilə bağlı aktual məsələlər və bu istiqamətdə kapital bazarının əsas infrastruktur qurumları olan Bakı Fond Birjası və Milli Depozit Mərkəzində əməliyyat sistemlərinin modernizasiyası, investorların bazara çıxışının təkmilləşdirilməsi  və rəqəmsallaşma kimi əsas prioritetlər müzakirə edilmişdir.

Görüşdə, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) səhmlərinin kütləvi təklifi ilə də bağlı müzakirələr aparılmışdır. Yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi, abunə yazılışına investorların böyük maraq göstərməsi, həmçinin rəqəmsallaşma və infrastruktur qurumların sistemlərinə çıxışın təmin olunması nəticəsində geniş investor kütləsini əhatə etməsi məsələləri haqqında fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, artıq ötən aydan başlayan abunə yazılışı prosesinə ABB və “ABB – İnvest” investisiya şirkəti ilə yanaşı, digər investisiya şirkətləri də qoşulmuşdur.

Eyni zamanda, abunə yazılışı prosesinə bankların da qoşulması məsələsi müzakirə edilmişdir. Bankların prosesdə iştirakının investorlar üçün səhmlərin alışını daha əlçatan etməklə səhm bazarında geniş fərdi investor kütləsinin formalaşmasına imkan verəcəyi vurğulanmışdır. Görüşdə iştirak edən bank sədrləri də müvafiq hazırlıq işləri tamamlandıqdan sonra bankların prosesə qoşulacağını bildirmişlər.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

MÜDDƏT