Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi arasında görüş keçirilmişdir

Əlavə edilib:

23 iyul 2020-ci tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsinin (İKT) nümayəndələri arasında onlayn formatda görüş keçirilmişdir. Görüşdə İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsinin rəisi Ağakərim Səmədzadə, Bakı Apellyasiya Məhkəməsinin hakimi – Ədliyyə Nazirliyi “Elektron məhkəmə” İşçi Qrupunun rəhbəri Ramin Qurbanov, ABA-nın nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvləri və  üzv bankların informasiya texnologiyaları üzrə mütəxəssisləri iştirak etmişdir.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnaməsi”nə müvafiq olaraq bank və ya kredit təşkilatlarında mövcud olan bəzi məlumatların informasiya sisteminə inteqrasiya olunması yolları, elektron məlumat mübadiləsinin təşkili üzrə hüquqi və texniki tərəflər müzakirə olunmuşdur. Azərbaycanda fiziki və hüquqi şəxslərin məhkəmələrə əlçatanlığını asanlaşdırmaq, sistem daxilində şəffaflığın artırılmasını təmin etmək, məhkəmə proseslərini sürətləndirmək, mülki işlərə baxan hakimlərin iş yükünün əhəmiyyətli dərəcədə azaltmaq və məlumatlara mübadiləsinin təmin edilməsi baxımından “Elektron məhkəmə” informasiya sisteminin əhəmiyyətindən danışılmış və tərəfləri maraqlandıran suallara cavab verilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi arasında olan işgüzar əlaqələr və konstruktiv dialoq səmərəli şəkildə davam etdirilir.

Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

MÜDDƏT