Pekin, 1 aprel 2026
1 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Çin Xalq Respublikasının aparıcı maliyyə institutlarından biri olan Çin Kənd Təsərrüfatı Bankının (Agricultural Bank of China) nümayəndə heyəti arasında işgüzar görüş keçirilmişdir.
Görüşdə ABA-nı Assosiasiyanın prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov və baş iqtisadçı Əzizağa Haxverdiyev təmsil etmişlər.
Çin Kənd Təsərrüfatı Bankı tərəfindən görüşdə Beynəlxalq Bankçılıq Departamentinin baş müdir müavini Ms. Cui Xiaolei, Korporativ Bankçılıq Departamentinin bölmə rəhbərinin müavini Ms. Zhang Ruofeng, Kredit İdarəetməsi Departamentinin baş mütəxəssisi Mr. Shi Peng və Pərakəndə Kreditlər Departamentinin baş mütəxəssisi Ms. Zhang Lina iştirak etmişlər.
Görüş zamanı bankın beynəlxalq fəaliyyəti, kreditlərin verilməsi mexanizmləri, kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsi, istehlak kreditləri üzrə müasir tendensiyalar, innovativ məhsulların inkişafı, eləcə də kredit proseslərində çevik yanaşmaların tətbiqi ilə bağlı təqdimatlar keçirilmişdir.
Tədbir qarşılıqlı müzakirələrlə davam etmiş, tərəflər arasında gələcək əməkdaşlıq imkanları, birgə təşəbbüslər və təcrübə mübadiləsinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüş səfər çərçivəsində təşkil olunmuş, əməkdaşlığın gücləndirilməsi məqsədilə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.

