Bakı, 16 sentyabr 2025-ci il – Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən Komplayens Ekspert Qrupunun növbəti iclası baş tutub. Görüşdə bank sektorunda aktuallıq kəsb edən bir sıra məsələlər geniş şəkildə müzakirə edilib.
İclasın gündəliyində hüquqi şəxslərin imza səlahiyyətli şəxslərinə dair məsələlər, müştərinin uçot-təhlil (MUT) qaydaları, yeni hesabatlılıqlar (o cümlədən Elektron Ticarət Reyestri – ETR), eləcə də maliyyə vəsaitlərinin köçürülməsi ilə bağlı 1 avqust 2025-ci il tarixli məktub ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, korporativ idarəetmə standartlarının tələbləri və informasiya təhlükəsizliyi üzrə normativ sənədlər diqqət mərkəzində olub.
Toplantıda həmçinin VƏVİS hesabatı, Mərkəzi Kredit Reyestrinə (MKR) dair yeni tələblər və GMA qaydalarının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Görüşün yekununda dövlət qurumları ilə təkrar görüşlərin təşkili, mövcud çətinliklərin daha detallı müzakirə edilməsi və onların həlli istiqamətində birgə addımların atılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

