Azərbaycan Banklar Assosiasiyası Rəyasət Heyətinin üzvləri ilə Türkiyə Banklar Birliyinin rəhbərliyi arasında görüş keçirilmişdir

Əlavə edilib:

27 Oktyabr tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin üzvləri ilə Türkiyə Banklar Birliyinin (TBB) Rəyasət Heyətinin sədri, “Ziraat Bankası”nın baş meneceri Alpaslan Çakarın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Görüşdə TBB-nin Baş katibi Ekrem Keskin, “Ziraat Katılım Bankası”nın baş meneceri Metin Özdemir, “Ziraat Bankası” İnsan Kaynakları qrup rəhbəri / “Ziraat Bank Azərbaycan”nın Müşahidə Şurasının (MŞ) sədri İlker Met, “Ziraat Bank Azərbaycan”nın M.Ş. üzvü Kemalettin Bayat və digərləri iştirak etmişlər.

Görüş zamanı ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev iki ölkənin iqtisadiyyatlarının müasir bank-maliyyə xidmətləri ilə müşayiət olunmasının əhəmiyyətindən danışmış və bank sektorları arasında təcrübə mübadiləsinin daha da genişləndirilməsinin önəmini qeyd etmişdir. Zakir Nuriyev, uzun illərdir TBB və ABA arasındakı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə verilən dəstəyə görə TBB rəhbərliyinə təşəkkür etmişdir. Öz növbəsində, Alpaslan Çakar Birliklər arasındakı əməkdaşlığın bundan sonra da davam etdirilməsinə hazır olduqlarını və bu əməkdaşlığın önəmini qeyd etmişdir.

Bununla yanaşı, O, yay ayları ərzində Türkiyədə baş verən meşə yanğınları nəticəsində zərər görmüş meşələrin bərpası üçün ağac tinglərinin bağışlanmasına görə ABA üzvlərinə bir daha təşəkkür etmiş və “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”nın müvafiq sertifikatını Zakir Nuriyevə təqdim etmişdir.

Xatırladaq ki, ABA-ya üzv təşkilatların (26 bank və 5 bank olmayan kredit təşkilatı) əməkdaşları adından Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə Türkiyə Banklar Birliyi vasitəsilə Türkiyənin “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ümumilikdə 102 846 ədəd ağac tingi bağışlanmış və beləliklə ABA ən çox ağac bağışlayan ikinci təşkilat olmuşdur.

MÜDDƏT