Azərbaycan Banklar Assosiasiyasına yeni üzv qəbul edildi

Əlavə edilib:

08 iyun 2023 tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclası keçirilib. Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə cari ilin 13 iyun tarixində, Maliyyə və Texnologiyalar Sərgisi – Fintex Sammit tədbiri çərçivəsində Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının iclasının Bakıda keçirilməsi, “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə Fəaliyyət Planı”nın icrasının müzakirəsi, “Azərpoçt” MMC-nin ABA-da üzvlüklə bağlı müraciətinin müzakirəsi və digər cari məsələlər daxil olub.

İclas zamanı ABA-ya üzv olmaq məqsədiylə 1 qeyri-bank – “Azərpoçt”  MMC-nin müraciətinə baxılıb. Müraciət iclas iştirakçılarının yekdil səsverməsi nəticəsində qəbul edilərək bu qurum ABA-nın üzvlərinin siyahısına daxil edilib. Beləliklə hazırda ABA-ya üzv təşkilatların sayı artaraq 24 bank və 6 qeyri-bank olub.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.

MÜDDƏT