Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev beynəlxalq konfransda çıxış edib

Əlavə edilib:

2 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə “Alternativ maliyyə və islam bankçılığı mühitinin Azərbaycan Respublikasında inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, cari dövrdə real sektorun, eyni zamanda maliyyə sektorunun inkişafında katalizator effektini təmin edəcək strategiyaların və dövlət səviyyəli proqramların qəbul edildiyinin şahidi oluruq: “Şübhəsiz ki, biznesin hərtərəfli inkişafına yönələn bu kimi sənədlərin fokus nöqtəsində mikro, kiçik və orta sahibkarlıq subyektləri dayanmaqdadır. Həmin prioritet seqment bank sektoru üçün də mühüm əhəmiyyət kəsp edir. Belə ki, son illərdə biznes kreditlərində baş verən sürətli artımla paralel bu həcmdə MKOS kreditləşməsinin payının genişləndiyini müşahidə edirik”.

ABA prezidenti əlavə edib ki, islam bankçılığının Azərbaycanda tətbiqi ənənəvi kredit məhsullarından istifadəyə üstünlük verməyən subyeklər üçün yeni imkanlar yaratmaqla yanaşı, sektorun dayanıqlığına da müsbət təsir edəcək. O, həmçinin islam bankçılığı sahəsində uğurlu təcrübənin Azərbaycanda gələcək tətbiqi baxımından ABA-nın 2022-ci ildə gördüyü və cari ildə görməkdə olan işləri haqqında konfrans iştirakçılarına məlumat verib.

Qeyd edək ki, sözügedən konfransın keçirilməsində məqsəd alternativ maliyyə alətləri imkanları sahəsində müzakirələrin aparılması, o cümlədən vençur kapitalı, “fin-tex”, yerli maliyyə institutlarının üstünlük verdiyi investisiya üslubları və islam bankçılığı haqqında məlumat mübadiləsinin aparılması olub.

MÜDDƏT