Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə təşkil edilən Avropa Pul Viktorinasının milli mərhələsi başa çatmışdır. Müsabiqədə 13-15 yaşlı şagirdlər iştirak etmişdirlər.
Milli mərhələnin ilk seçim turu və yarımfinal onlayn formatda keçirilmişdir. İlk mərhələdə 100 nəfər iştirak etmiş, onlardan 52 nəfər yarımfinala keçmişdir. 22 nəfər final mərhələyə keçmək hüququ qazanmışdır.
Mərkəzi Bankda keçirilən finalda Avropa Azərbaycan Məktəbinin şagirdi Hüseyn Hüseynli, BDU nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Cabir Abbasov, Humanitar Fənlər Təmayüllü məktəb-liseyin şagirdi Xatirə Nəcəfli, Gəncə şəhər Fizika Riyaziyyat İnformatika təmayüllü liseyin şagirdi Muxtar Cəfərov müvafiq olaraq birinci, ikinci, üçüncü və dördüncü yerləri tutmuşlar.
Müsahibə mərhələsindən sonra Azərbaycanı Avropa Pul Viktorinasının final mərhələsində təmsil edəcək iki nəfər bu qaliblərin içərisindən seçiləcəkdir. .
Yarışmanın keçirilməsində əsas məqsəd məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləməkdir.