Azərbaycanda Avropa Pul Viktorinasının Milli Mərhələsi keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”, həmçinin Prezidentin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” icrası ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də Qlobal Pul Həftəsi çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Mərkəzi Bankın təşəbbüsü və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş Avropa Pul Viktorinasının (Europian Money Quiz) milli mərhələsi olub.

Otuz iki bank assosiasiyasını birləşdirən Avropa Banklar Federasiyasının üzv ölkələri arasında təşkil etdiyi Avropa Pul Viktorinası məktəblilərin maliyyə savadlılığının artırılmasını dəstəkləmək məqsədilə keçirilir. Məhz buna görə də viktorinada iştirak edən 13-15 yaşlı məktəblilərə əsasən bank-maliyyə xidmətləri, pul nişanlarının emissiyası və tədavülü, rəqəmsal ödənişlər və vergilər kimi iqtisadi mövzular üzrə suallar təqdim olunur. Qaydalara uyğun olaraq, vitorinanın milli mərhələri iştirakçı ölkələrdə, final mərhələsi isə Belçikanın Brüssel şəhərində təşkil edilir.

Layihənin əhəmiyyətini və yarışmada 30-a qədər ölkənin iştirak edəcəyini nəzərə alaraq, Azərbaycan məktəbliləri bu il ilk dəfə viktorinaya qoşulublar. Azərbaycanda təşkil olunan milli mərhələ 2 turda keçirilmişdir. Birinci turda viktorinada iştirak etmək üçün müraciət etmiş 500-dən artıq şagird arasında keçirilmiş ilkin test imtahanında onların bilikləri qiymətləndirilmiş və ən yüksək göstəriciləri olan 106 nəfər II turda iştirak hüququ qazanıb. Bu turda şagirdlərin seçimi yarışın formatına uyğun iqtisadi mövzuları əhatə edib. Qeyd edək ki, hər 2 turun seçimləri Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabe məktəblər və özəl təhsil müəssisələrinin şagirdləri arasında aparılıb.

Yekunda, I, II və III yerləri bölüşmüş qaliblərə mükafatlar, digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub. Viktorinanın qaydalarına əsasən, I yerin qalibləri – 257 nömrəli məktəbin şagirdi Fərid Rəcəbov və  220 nömrəli məktəbin şagirdi Pərviz Fərzəliyev, ölkəmizi cari ilin 6-7 may tarixində Brüsseldə keçiriləcək Avropa Pul Viktorinasının final mərhələsində təmsil edəcək.

Qeyd edək ki, ABA və AMB tərəfindən maliyyə savadlılığı tədbirləri silsilə şəklində davamlı olaraq keçirilir və bu tədbirin də illik əsasda baş tutacağı gözlənilir.

MÜDDƏT