Bu gün, 18 oktyabr 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankı və maliyyə sektorunun aparıcı assosiasiyaları tərəfindən BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində “29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsünün mühüm tədbirlərindən olan “Yaşıl maliyyə və dayanıqlılıq forumu” keçirildi. Hökumət, maliyyə institutları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti kimi vacib tərəfdaşların bir araya gəldiyi bu forumda iqlim dəyişikliyi ilə mübarizə və davamlı iqtisadi artımı təşviq etmək üçün yaşıl maliyyənin əhəmiyyəti müzakirə olundu.
Bu tədbir Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi edəcəyi COP29-a hazırlıq prosesinin mühüm bir mərhələsi kimi qeyd edilib və ölkənin yaşıl maliyyəni qlobal iqlim səylərinin mərkəzinə yerləşdirmək öhdəliyinin möhkəmlənməsinə xidmət edib.
Açılış nitqində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov yaşıl maliyyənin dayanıqlı iqtisadiyyatın formalaşdırılmasındakı rolunu vurğulayıb. O qeyd edib ki, “Strateji təşəbbüslərimiz iqtisadiyyatımızın dayanıqlığını gücləndirməyə, yaşıl investisiyaları təşviq etməyə və maliyyə institutlarının davamlı təcrübələri dəstəkləməyə hazır olmasını təmin etməyə yönəlib. Biz yaşıl investisiyaları təşviq etmək üçün tənzimləyici çərçivəni təkmilləşdirmək və zəruri dəstək vermək üzərində fəal şəkildə işləyirik. Məqsədimiz maliyyə institutlarını portfellərini dayanıqlılıq məqsədləri ilə uyğunlaşdırmaq üçün lazımi vasitə və göstərişlərlə təmin etməkdir”.
COP29-un müəyyən edilmiş prezidenti cənab Muxtar Babayev qlobal iqlim tədbirlərinin təxirəsalınmaz olduğunu vurğulayaraq iştirakçılara müraciət edib. O, qeyd edib ki, “Ölkə iqtisadiyyatımızın yaşıl iqtisadiyyata keçidi çərçivəsində təmiz enerji transformasiyasının maliyyələşdirilməsi, iqlimə davamlı infrastrukturun yaradılması və davamlı kənd təsərrüfatının inkişafına dəstək məqsədilə bank sektorunun rolunu gücləndirmək xüsusi əhəmiyyət daşıyır. Bank sektoru tərəfindən iqlim fəaliyyətini dəstəkləyən yaşıl maliyyə mexanizmlərinin tətbiq etməsi olduqca əhəmiyyətlidir. Azərbaycanın bank sektoru, yaşıl maliyyələşmədə qlobal tendensiyalara uyğunlaşaraq, dayanıqlı iqtisadiyyata keçidin vacib iştirakçısına çevrilməlidir. Yeni maliyyə hədəfi inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını əks etdirərək, iqlim fəaliyyətini maliyyələşdirmək üçün daha böyük və davamlı resurslar təmin etməlidir. Yeni Hədəf müzakirələri, iqlim maliyyəsinin miqyasını genişləndirməklə yanaşı, xüsusilə adaptasiya, itki və zərərin azaldılması istiqamətində də ciddi addımların atılmasına yönəlmişdir. Azərbaycan bu müzakirələrdə iddialı və praktiki nəticələr əldə etmək üçün fəal şəkildə iştirak edir, həmçinin iqlim maliyyəsinin əlçatan, inklüziv və həssas ölkələrin ehtiyaclarına uyğun olmasını təmin etmək üçün qlobal səylərə dəstək verir”.
Azərbaycan Respublikası Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov: “COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etmək Azərbaycanın beynəlxalq səhnədə ekoloji siyasətin reallaşdırılması istiqamətində ciddi addımlar atan bir ölkə kimi tanınmasını təmin edəcək. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə və ticarət əlaqələrində daha möhkəm mövqe tutmasına, yeni tərəfdaşlıqlar qurmasına imkan verəcək. Eyni zamanda COP29-un Azərbaycanda keçirilməsi ölkəmizdə iqlim dəyişikliyi ilə mübarizədə yaşıl enerjidən istifadənin genişləndirilməsi sahəsində fəallığını, həmçinin bərpa olunan enerji üzrə nəhəng potensialını dünya ictimaiyyətinə nümayiş etdirəcək. Ümid edirəm ki, “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Formu”nun iştirakşıları “yaşıl” və dayanıqlı gələcəyə nail olmaq üçün dialoq, əməkdaşlığı davam etdirəcək və dünyamızın yaşıllaşmağına öz töhfələrini verəcəkdir”.
Sadiq Qurbanovdan sonra, BMT-nin Azərbaycan üzrə Rezident Koordinatorunun vəzifəsini müvəqqəti icra edən Nasar Hayat maliyyə sektorunda əməkdaşlıq və innovasiyanın vacibliyini vurğulayaraq deyib: “COP29-un yaxınlaşdığı bir zamanda, Azərbaycanın dayanıqlı maliyyə mövzusunda qlobal müzakirələrdə aparıcı rola malikdir. Yaşıl maliyyənin milli iqtisadi strategiyalarımıza inteqrasiyası ilə biz innovasiya, iqtisadi inkişaf və iqlim tədbirləri üçün yeni imkanlar aça bilərik. Bu gün atdığımız addımlar təkcə Azərbaycan üçün deyil, dünya üçün də dayanıqlı və firavan bir gələcəyin əsasını qoyacaq”.
Forumda Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fintex Assosiasiyası (AzFina) və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBIA) rəhbərlərinin çıxışları yer alıb. Bu nümayəndələr yaşıl maliyyənin öz sektorlarında inkişafının vacibliyini vurğulayıb və Azərbaycanda davamlı inkişafı təşviq etmək üçün maliyyə innovasiyasından necə istifadə edilməsi barədə strategiyaları müzakirə ediblər.
ABA-nın prezidenti Zakir Nuriyev bank sektorunun dayanıqlı inkişafın maliyyələşdirilməsindəki əsas rolunu vurğulayıb. O deyib: “Son istiqamət, yəni yaşıl maliyyələşmədə özəl sektorun iştirakı, maliyyə təşkilatları, xüsusilə banklar və investisiya şirkətləri üçün daha vacib mərtəbədədir. Məlumdur ki, iqlim maliyyəsi axınları son on il ərzində yüksələn tepmlə artmaqdadır.
ABA olaraq isə bu istiqamətdə işləri aktiv olaraq davam etdirir və bankların birgə addımlar ataraq sektor çərçivəsindəki əməkdaşlığı təmin edirik. Bank sektoru isə bu hədəflərin reallaşmasında mühüm tərəfdaş kimi çıxış edir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) ESG strategiyası çərçivəsində nəzərdə tutulan təşəbbüslər, bank sektorunun ekoloji məsuliyyətini gücləndirərək bu hədəflərə dəstək verməkdədir. Bu təşəbbüslər, bir tərəfdən, Azərbaycan banklarının qlobal iqlim hədəflərinə uyğun fəaliyyət göstərməsini təmin edir, digər tərəfdən isə, iqtisadiyyatda ekoloji məsuliyyəti və davamlılığı təşviq edir. Nəticədə, banklar yalnız maliyyə institutları kimi deyil, həm də ölkənin dayanıqlı və aşağı karbonlu inkişafına töhfə verən mühüm oyunçulara çevrilir”.
Forum davamlı dialoq və əməkdaşlığın zəruriliyini, həmçinin praktik həllərə diqqəti vurğulayıb. Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşarkən, bu tədbir yaşıl maliyyənin qlobal iqlim hədəflərinə çatmaqda əhəmiyyətini bir daha təsdiq edib.
COP29-a doğru
Yaşıl maliyyə və dayanıqlılıq forumu BMT-nin Azərbaycandakı Nümayəndəliyinin başlatmış olduğu “29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsünün bir hissəsidir. Dialoqu, əməkdaşlığı və əməli fəaliyyətə yönəlmiş strategiyaları təşviq edən forumun keçirilməsində məqsəd maliyyə sektorunda çevik dəyişiklikləri stimullaşdırmaq və Azərbaycanın qlobal səhnədə nümunə olmasını təmin etməkdir.