May ayının 27-si Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bank və maliyyə bazarlarının təhlükəsizliyi” mövzusunda konfrans keçirilir.
Tədbirdə açılış nitqi ilə çıxış edən ABA-nın icraçı direktoru Yunus Abdulov bildirib ki, cəmiyyətin inkişafının post-industrial fazası informasiya texnologiyalarının sürətlə inkişafı və həyatın demək olar ki, bütün sferalarında geniş tətbiqi ilə xarakterizə olunur: “İqtisadiyyatda formalaşan yığımları investisiyalara transformasiya etməklə mühüm makroiqtisadi funksiyanı yerinə yetirən və ümumi iqtisadi inkişafa əhəmiyyətli töhfə verən, yüksək institusionallaşması ilə seçilən bank sektoru və maliyyə bazarları, informasiya texnologiyalarının tətbiqində də ön sıralarda dayanır, eyni zamanda, informasiya texnologiyalarının inkişafına tələb yaradan əsas sifarişçilər arasında yer alır. Təbii haldır ki, informasiya texnologiyalarının geniş tətbiqi bizləri, xüsusilə bank sektoru və maliyyə bazarları kimi belə texnologiyaların tətbiqində ön sıralarda dayanan spesifik sahələri, kibertəhlükəsizlik məsələləri ilə bağlı ortaya çıxan yeni çağırışlarla üz-üzə qoyur. Bugünkü konfransımızın baş tutması da məhz bank-maliyyə sektorunda İT təhlükəsizliyi sahəsindəki yeni çağırışların yaratdığı zərurətdən irəli gəlir”.
Onun sözlərinə görə, bugünkü konfrans mövcud şəraitdə kommersiya banklarına yeni dövr üçün İT strategiyalarını müəyyənləşdirməkdə dəstək olmaq, dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlərlə birgə aktual məsələləri müzakirə etmək, beynəlxalq praktikaya nəzər salmaq və yeni çağırışlara cavab axtarışı məqsədi daşıyır.
Qeyd edək ki, tədbir iki paneldən ibarət olmaqla, “Bankların informasiya təhlükəsizliyi üzrə risk ssenariləri”, “Şəbəkə perimetrinin müasir üsullarla təhlükəsizliyi”, “İnternet və mobil bankçılıq təhlükəsizliyi”, “ATM təhlükəsizliyi”, “Banklarda kibertəhlükə üzrə erkən xəbərdarlıq sistemləri”, “Avtomatlaşdırılmış maliyyə əməliyyatları sistemlərinin kibertəhlükəsizliyi” kimi mövzuları əhatə edəcək.
“Ümidvaram ki, bu gün aparılacaq səmərəli müzakirə və fikir mübadiləsi bank sektoru və maliyyə bazarlarının kibertəhlükəsizliyinin təmin olunması sistemlərinin təkmilləşdirilməsi sahəsində növbəti dövrdəki inkişafa əhəmiyyətli töhfə olacaq”, – deyə Y.Abdulov qeyd edib.
Təqdimatlarla tanış ola bilərsiniz.