“Bankçılıq Mükafatları-2017” adlı tədbir keçirilib

21 dekabr 2017-ci il tarixində  Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2017” adlı tədbir keçirilib.

ABA-ya üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak edib.

Tədbirdə ABA-nın prezidenti Zakir Nuriyev açılış nitqi ilə çıxış edib. Bildirib ki, 2017-ci il Azərbaycan Banklar Assosiasiyasının tarixində aktiv fəaliyyət ili kimi yadda qalıb. Bu ildə ABA ekspertləri bir sıra qanun layihələrinin, eləcə də normativ aktların hazırlanması və tətbiqi məsələlərində yaxından iştirak edib.  Beynəlxalq praktikaya uyğun olaraq, ABA-nın nəzdində Bank Ombudsmanı yaradılıb, Bank ombudsmanının fəaliyyəti sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ABA-nın təşəbbüsü və təşkilatçılığı, Mərkəzi-Şərqi Avropa və MDB ölkələrinin bank ombudsmanlarının iştirakı ilə Bakıda beynəlxalq tədbir keçirilib.

Zakir Nuriyev, həmçinin bildirib ki, Assosiasiya tərəfindən hazırda bütün dünyada aktual olan maliyyə-bank sektorunda kibertəhlükəsizlik məsələlərinə həsr edilən beynəlxalq İT konfrans keçirilib, “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: islahatlar, nəticələr, perspektivlər” adlı II Bankçılıq Forumu keçirilib, Forum ərzində yerli və xarici ekspertlər tərəfindən maraqlı təqdimatlar edilib, faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Dövlət qurumları ilə, o cümlədən Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə, eyni zamanda beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, SECO ilə mövcud əlaqələr daha da genişləndirilib, sıx, qarşılıqlı faydalı işgüzar əlaqələr qurulub.

ABA Avropa Banklar Federasiyası, Mərkəzi-Şərqi Avropa Banklar Assosiasiyası, Türkiyə Banklar Birliyi, Rusiya Banklar Assosiasiyası kimi qurumlarla da əlaqələri genişləndirib, il ərzində təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlər gerçəkləşdirilib.

ABA-nın nəzdində çalışan ekspert qrupları aktiv fəaliyyət göstərib, il ərzində ekspert və işçi qruplarının, həmçinin xarici ekspertlərin iştirakı ilə 60-dan artıq görüş və dəyirmi masalar keçirilib, aidiyatı qurumlara 30-a yaxın, məktub-müraciət, təklif-tövsiyyə xarakterli sənədlər hazırlanaraq göndərilib, TV-lərdə və digər kütləvi informasiya vasitələrində 10-larla müsahibələr verilib, ekspert rəyləri cəmiyyətə çatdırılıb.

Bank çalışanlarının motivasiyasını yüksəltmək, asudə vaxtın səmərəli təşkili və qarşılıqlı kommunikasiya məqsədilə müxtəlif tədbirlər, o cümlədən ənənəvi “Banklararası şahmat turniri”, “Breyn rinq çempionatı” və s. bu kimi tədbirlər həyata keçirilib.

Bütün bu işlərin reallaşdırılmasının ABA üzvlərinin aktiv dəstəyi, yaxından iştirakı və etimadı sayəsində mümkün olduğunu söyləyən Zakir Nuriyev bütün üzv-təşkilatlara və ABA-nın fəaliyyətinə dəstək verən hər kəsə təşəkkürünü bildirib.

Mükafatlandırma mərasimində qeyd edilib ki, 2017-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.

Belə ki, “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “AccessBank” ASC, “Amrahbank” ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC , “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “TuranBank” ASC  mükafatlandırılıb.

“Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyası üzrə “Azər Türk Bank” ASC, “NBCBank” ASC, “TuranBank” ASC mükafata layiq görülüb.

“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “Amrahbank” ASC, “Bank of Baku” ASC, “Bank VTB (Azərbaycan)” ASC və “Kapital Bank” ASC təltif edilib.

2017-ci ildə ABA ilə sıx işgüzar əməkdaşlıq etmiş dövlət qurumlarının nümayəndələrinə də mükafatlar verilib.

Bundan əlavə “Qızıl partnyor” nominasiyası üzrə Beynəlxalq Maliyyə Korporasiyası, İsveçrə Əməkdaşlıq Təşkilatı (SECO), Almaniyanın Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu, Ernst & Young, Altair MMC və Antaris MMC  kimi  beynəlxalq və yerli təşkilatlar təltif edilib.

Tədbirdə ABA ilə sıx əməkdaşlıq etmiş media nümayəndələrinə – informasiya agentliklərinə, iqtisadi yönlü xəbər portallarına və televiziya şirkətlərinə – “Media partnyor”  nominasiyası üzrə mükafatlar təqdim olunub.

Sonda ABA-nın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən, Assosiasiyanın nəzdində çalışan ekspert qruplarının il ərzindəki fəaliyyətlərinin qiymətləndirilməsinin nəticələri açıqlanıb və vurğulanıb ki, il ərzində ekspert qruplarının hər biri çox yüksək səviyyədə və peşəkarlıqla fəaliyyət göstərmiş, bank sektoruna aid məsələlərin həllinə əhəmiyyətli töhfələr veriblər. Bu baxımdan ekspert qruplarının müküfatlandırılması “yaxşıların içərisindən ən yaxşılarını seçmək” mahiyyəti daşıyır.

Beləliklə, “Ən fəal ekspert qrupu nominasiyası” üzrə “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayens üzrə” Ekspert qrupu 1-ci yer, “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert qrupu 2-ci yer, “Hüquqi məsələlər üzrə” Ekspert qrupu isə 3-cü yerə layiq görülüb.

MÜDDƏT