“Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı Konfrans keçirilib

5 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən “Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” adlı Konfrans keçirilib.

Konfransa açılış nitqi ilə start verən IFC-nin nümayəndəsi Teymur Heybətov bildirib ki, daşınar əmlakın yüklülüyü ilə əlaqədar reyestrin yaradılması ölkədə kiçik və orta sahibkarların (KOS) maliyyə resurslarına çıxışının təkmilləşdirilməsinə xüsusi töhvə verəcəkdir.

Tədbirdə çıxışı zamanı maliyyə sektorunun qarşısında dayanan əsas çağırışları vurğulayan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı  bildirib ki, daşınmaz əmlakın reyestrinin formalaşdırılması bu məsələlərin öhdəsindən gəlməyə kömək edəcək, informasiya assimetriyasının azalmasına və etibarın təmin edilməsinə səbəb olacaq, eyni zamanda, sahibkarların kreditə əlçatarlılığını artıracaqdır.

İsveçrənin Azərbaycan Respublikasında Səfirliyinin və İsveçrə Əməkdaşlıq Təşkilatının (SCO) Simone Haeberli öz çıxışında bildirib ki, daşınar əmlakın yüklülüyü ilə bağlı qanun layihəsinin qəbul edilməsi və bu istiqamətdə atılan addımlar bank sistemində etibarın bərpasında mühüm addımlar olacaqdır.

Sorğunun nəticələrini isə IFC-nin maliyyə sektoru üzrə mütəxəssisi Vasif Bədəlsoy açıqlayıb. Onun sözləinə görə, IFC tərəfindən keçirilən sorğuda 14 bank və 1 bank olmayan kredit təşkilatı iştirak edib və bu sorğu bank sektorunun, aktivlər baxımından 68%-ni əhatə edib.

Sorğunun nəticələrinə əsasən, məlum olub ki, 2014 və 2015-ci illərdə kreditlərin 33.4%-i daşınar əmlakın girovu ilə verilib. Bu tip kreditlərin həcmi 3.3 mlrd. dollara bərabərdir və 170 min nəfəri sahibkar olmaqla, ümumilikdə 0.9 mln. nəfərə verilib.

Həmçinin V.Bədəlsoy kredit təşkilatlarının hansı tip daşınar əmlak əsasında kredit verməyə daha maraqlı olduqları haqqında Konfrans iştirakçılarını məlumatlandırıb.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Hüquq və icraat Departamentinin əməkdaşı Tural Feyzullayev Daşınar əmlakın yüklülüyünün hüquqi aspektləri haqqında məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə qəbul ediləcək qanunun hazılanmasında Kanada, Avstraliya, Yeni Zelandiya kimi ölkələrin təcrübəsindən yararlanılıb.

Konfransda çıxışı zamanı İqtisadiyyat Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Ceyhun İsayev daşınar əmlakın yüklülüyünə dair qanunvericiliyin təkmilləşdirilməsi və daşınar əmlakın yüklülüyünün reyestrinin yaradılması ilə əlaqədar vəzifələrin “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapdığını bildirib.

Onun sözlərinə görə, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayının 2 dəfə artacağı, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacağı gözlənilir.

“Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin müəllifi, IFC-nin hüquq məsləhətçisi Aqil Abdullayev isə həm daşınar əmlakın yüklülüyü haqqında qanunda diqqət yetirilməli olan nüanslar, həm də daşınar əmlakın yüklülüyü reyestrinin xüsusiyyələri və buradakı xarici təcrübə ilə əlaqədar konfrans iştirakçılarını məlumatlandırıb.

Onun sözlərinə görə, daşınar əmlakın yüklülüyü ilə bağlı qanun 4 hissədən ibarət olacaqdır: Daşınar əmlakın yüklülüyünə fuksional yanaşma, daşınar əmlak üzərində üstünlük qaydasının müəyyənləşdirilməsi, məlumatın tərəflərə açıqlanma qaydası və əmlaka tutmanın yönəldilməsi qaydası.

Reyestrə məlumat daxil edən sahibkarların fərdi identifikasiya nömrəsinə malik olacağını bildirən A. Abdullayev kredit təşkilatının bu nömrə vasitəsi ilə girov qoyulacaq əmlakın yüklü olub-olmadığını müəyyən edəcəyini bildirib.

Qeyd edək ki, IFC Azərbaycan-Orta Asiya Naliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi Layihəsi Dünya Bankı Qrupu Maliyyə və Bazarlar Qlobal Təcrübə bölməsi çərçivəsində Azərbaycan Mərkəzi Bankına və Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) daşınar əmlakın yüklülüyü sahəsində qanunun hazırlanmasında dəstək göstərib.

Xatırladaq ki, qanun layihəsi artıq hökümət tərəfindən nəzərdən keçirilib və Milli Məclisə təqdim edilib.

Nəzərinizə çatdıraq ki, IFC Azərbaycan-Orta Asiya Naliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi Layihəsi İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdirilir.

MÜDDƏT