III Beynəlxalq Bankçılıq Forumu keçirilib-FOTO-VİDEO

15-16 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid” adlı III Beynəlxalq Bankçılıq Forumu keçirilib.

Sayca üçüncüsü baş tutan Forumda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-dən çox beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edib. İştirakçılar və spikerlər arasında “Citibank”, “Commerzbank AG”, Raiffeisen Bank International AG, “Standard Chartered Bank” kimi nəhəng banklar, həmçinin “Mastercard”, “Discover Financial Services”, “DinersClub”, “American Express”, “Samsung Pay”, “UnionPay”, “Ernst & Young”, “Deloitte”, “Moody’s Investors Service”, “PricewaterhouseCoopers LLP”, “Yandex.Money”, “SWIFT”, Türkiyənin “Banklararası Kart Mərkəzi”, “BPC Banking Technologies”, “KOBIL Systems” və sair kimi nüfuzlu maliyyə-texnologiya şirkətlərinin, xarici mərkəzi bankların nümayəndələri də olub.

Forumu Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev giriş sözü ilə açıb.

Daha sonra, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədrinin vəzifələrini icra edən İbrahim Alışov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli və “Mastercard”ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar çıxış ediblər.

Üç paneldən ibarət olan Forumda “Bankçılığın transformasiyası”, “Banklarda AML/KYC üzrə proseslər və nəzarətin avtomatlaşdırılması”, “Rəqəmsal bankçılığın hüquqi tənzimlənməsi və hüquqi risklər” panellərin əsas müzakirə mövzuları olub.

“Bankçılığın tranformasiyası” adlı ilk paneldə gələcək üçün ödəniş texnologiyaları, dövlət proqramı üzrə strateji hədəflər, omni-kanal rəqəmsal bankçılığın açarı, nağdsız cəmiyyət, güvən anları, innovasiyaların bankın əməliyyat proqramına tətbiqi, Rusiyanın ani ödəniş sistemi, smart bankçılıq, TSYS əsasında prosessinq həlləri, bank hesabının məsafədən açılması, Samsung Pay, komplayns və təhlükəsizlik, açıq bankçılıq, ani ödənişlər kimi mövzular ətrafında müzakirələr aparılıb.

Forumun ikinci günündə 2-ci (“Banklarda AML/KYC üzrə proseslər və nəzarətin avtomatlaşdırılması”) və 3-cü (Rəqəmsal bankçılığın hüquqi tənzimlənməsi və hüquqi risklər”) panellərdə qara siyahılarda yoxlama, embarqo siyasəti, GDPR, maliyyə sisteminin rəqəmsal gələcəyi, rəqəmsallaşmanın hüquqi çərçivəsi, rəqəmsal əqdlərin hüquqi əsasları, elektron imza, FATCA və CSR, elektron icra sistemi kimi mövzular üzrə təqdimatlar keçirilib.

Qeyd edək ki, Beynəlxalq Bankçılıq Forumu 2016-cı ildən başlayaraq hər ilin noyabr ayında Bakıda keçirilir. Forumun məqsədi maraqlı tərəflərə bankçılıq sahəsində qlobal, regional və ölkə trendlərini izləmək və müzakirələr aparmaq, eləcə də yeni çağırışları müəyyən etmək və həlli yollarını axtarmaq üçün platforma təqdim etməkdir.

Forumun videosunu  və fotolar ilə tanış ola bilərsiniz:

MÜDDƏT