Azərbaycan Respublikasının Mərkəzi Bankı Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə 1 mart tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyaya start verir.
İki tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə Azərbaycan bankları tərəfindən emissiya edilmiş “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcəkdir. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək.
Lotereyanın uduş məbləği 100 (bir yüz) manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcəkdir. Lotereyada “Visa” brendli ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və tələbə kartları iştirak edəcəkdir. Lotereya dövründə ümumilikdə ölkə üzrə 300 nəfərin qalib olacağı planlaşdırılır.
Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Ölkədə “Visa” brendli ödəniş kartı emissiya edən bankların kommunikasiya və müştəri xidməti personalı təlimatlandırılmışdır. Eyni zamanda, Visa Beynəlxalq Xidmət Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası lotereyanın kommunikasiyası üzrə Mərkəzi Bankın tərəfdaşlarıdır.
Lotereya, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” üzrə Mərkəzi Banka verilən tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilir.
Mərkəzi Bank tərəfindən davamlı olaraq həyata keçirilən stimullaşdırıcı kampaniyaların növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.