Regionun nüfuzlu bank-maliyyə tədbiri olan “FİNTEX SAMMİT 2024” – MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ başa çatdı – Foto

15-16 may 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə “FİNTEX SAMMİT 2024” (MALİYYƏ VƏ TEXNOLOGİYALAR SƏRGİSİ) “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda Sammit öz işini yekunlaşdırıb.

İki gün davam edən Sammitdə aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edib.

Həmçinin tədbirə iki gün ərzində 56 tərəfdaş və 270 iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçı qatılıb. Eyni zamanda müxtəlif ölkələrdən 48 məruzəçi ümumilikdə 9 panel çərçivəsində dinamik inkişaf edən bank-maliyyə, fintex və texnologiyalar barədə çıxış və təqdimatlar edib.

Sammitin təşkilatçısı olan ABA-nın prezidenti Zakir Nuriyev çıxışında bu sözləri qeyd etmişdir.

“2024-cü ilin mart ayının sonu üçün bank sektorunun aktivləri təqribən 48.9 mlrd. manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.1% çoxdur. Bununla birlikdə, bankların kredit portfelinin həcmi də son 12 aylıq müqayisədə 20.3% artaraq, hesabat dövründə 24.1 mlrd. manata çatmışdır. Kreditlərin manatlaşma əmsalı isə 19.3% təşkil etməkdədir. 2024-cü ilin I rübünün sonuna vaxtı keçmiş kreditlərin (VKK) həcmi 471 mln. manat təşkil edir ki, bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 20.3% azalmışdır. VKK portfeldəki payı isə illik müqayisədə 1 faiz bəndi azalaraq, 1.9%-ə geriləmişdir. Cari ilin mart ayının sonuna banklardakı depozitlərin ümumi həcmi illik 9% artaraq, 34.8 mlrd. manat təşkil etmişdir. Fiziki şəxslərin əmanətlərinin həcmi isə 12.9 mlrd. manata bərabərdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.8% çoxdur. Depozitlərin manatlaşma əmsalı 39.6% olsa da, fiziki şəxslərdə bu hədd 35.7% təşkil edir. Bunlarla yanaşı, bankların kapital mövqeyi də güclənmiş, sektorun cəmi balans kapitalı illik 7.7% artımla 6.3 mlrd. manatı ötmüşdür. 2024-cü ilin ilk rübündə isə banklar 311.5 mln. manat mənfəət əldə etdiyini və bunun 2023-ci ilin eyni dövrünə nisbətdə 16.3% çox olduğunu görürük”.

Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində çıxışı zamanı bunları deyib:

“Son bir ildə maliyyə xidmətlərində yenilənmiş hüquqi çərçivə ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidi sürətləndirib. Cari ilin birinci rübündə internet bankçılıq əməliyyatlarının həcmi 18% artaraq 59 milyardı ötüb. Mobil bankçılıq əməliyyatların həcmi iki dəfə artaraq 15 milyard manat təşkil edib. İlk rübdə cari hesablar üzrə aparılan müştəri köçürmələrinin say üzrə 93%-i, həcm üzrə isə 75%-i elektron bankçılıq vasitəsilə aparılıb”.

Sammitin ənənəvi Qlobal Sponsoru olan Visa şirkətinin baş direktoru, Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev ABA-nın keçirdiyi bu tədbir haqqında fikirlərini bölüşüb:

“Visa beynəlxalq ödəniş təşkilatı Azərbaycanla əməkdaşlığa önəm verir və onu strateji bazar hesab edir. Sevindirici haldır ki, Azərbaycan istifadə olunan müəyyən texnologiyalar üzrə artıq liderdir. Azərbaycanda konkret olaraq müəyyən layihələr həyata keçirilib. Bu vaxta kimi Visa 260 müxtəlif valyutada 212 milyard əməliyyat həyata keçirib. Visa tamamilə yeni sahələrdə fəaliyyət göstərməyə və innovasiyalara meyllidir”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı FINTEX SAMMİT BAKI 2024-dəki çıxışında FINTEX sahəsinin inkişafı üzrə bir sıra mühüm tədbirlərin həyata keçirildiyinə vurğu edib və bəzi tezisləri qeyd edib.   

  • Azərbaycanda fintex sahəsinin inkişafı üçün əsas olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun qəbul olunub.
  • 2024-cü ilin mayından Mərkəzi Bank real şəraitdə yeni fintex məhsul və xidmətlərini sınaqdan keçirməyə imkan verəcək xüsusi tənzimləyici sandbox təqdim edib.
  • Hazırda Mərkəzi Bank Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə 2024-2028-ci illər üçün fintex strategiyası hazırlayır.
  • Son 5 ildə ölkə bankları maliyyə texnologiyalarının tətbiqinə 300 mln. manat vəsait xərcləyib.
  • Azərbaycanda fintex sahəsində fəaliyyət göstərən şirkətlərdən 5-i digər ölkələrin (Türkiyə, Qazaxıstan, Pakistan və Özbəkistan) bazarlarına daxil olub.

Qeyd edək ki, iki günlük Sammit Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir (digəri isə illik əsasda keçirilən Beynəlxalq Bankçılıq Forumudur, əlavə məlumat üçün –  https://www.gbmevents.az/en/events.

Bizi sosial şəbəkələrdə izləyin:

Facebook: https://www.facebook.com/fintexsummitinternationalbankingforum

Linkedin:https://www.linkedin.com/company/fintex-summit-international-banking-forum/?viewAsMember=true

MÜDDƏT