Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı və “Bank Respublika”nın dəstəyi ilə Xətai rayonunda yerləşən 263 saylı məktəbdə məktəbin psixoloqu Gülşən Zeyniyeva tərəfindən şagirdlər və valideynlər üçün maliyyə savadlılığına dair tədbir keçirilib. Tədbirdə İcra hakimiyyətinin nümayəndələri , Mərkəzi Bankın əməkdaşları, məktəbin direktoru, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd məktəbliləri maliyyə savadlılığına dair ümumi anlayışlarla tanış etmək, onlarda yığım, qənaət və pul haqqında ilkin fikirlər formalaşdırmaq olub.
İlk olaraq tədbirin təşkilatçıları iştirakçılara maliyyə savadlılığı barədə geniş məlumat verib, gənclərin maliyyə maarifləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Daha sonra məktəbin şagirdləri pulun tarixi, müxtəlif ölkələrin pul nişanları, büdcə, qənaət və yığım mövzuları üzrə maraqlı səhnəciklər göstəriblər.
Sonda təşkilatçılar tərəfindən məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirlən rəsm müsabiqəsinin qaliblərinə eləcə də tədbirdə iştirak edən digər məktəblilərə qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.