Müsahibə 2015-cı ilin dekabr ayında verilib.
-
Hörmətli Zakir müəllim! Azərbaycan Banklar Assosiasiyasının prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Məlum olduğu kimi Siz əvvəllərdə bu vəzifəyə seçilmiş, üzərinizə düşən missiyanı uğurla yerinə yetirmisiniz. Görəcəyiniz işlər, gələcək planlarınız barədə nələri bölüşərdiniz?
Təbrikinizə görə təşəkkür edirəm! Qeyd etdiyiniz kimi mən əvvəllər də – 1996-2006-cı illərdə, 10 illik bir dövrdə Azərbaycan Banklar Assosiasiyasına (ABA) rəhbərlik etmişəm, sonrakı 10 ildə yenə ABA-nın Rəyasət Heyətində təmsil olunmuşam. Bu ilin avqustunda həmkarlarım (ABA-nın Ümumi Yığıncağı) bu işi təkrar mənə həvalə etdilər. Təbii ki, mən də bu etimadı doğrultmaq üçün bütün səylərimi əsirgəməyəcəyəm. Bank sektorunun bütün resurslarını ölkədə dayanıqlı bank-maliyyə sisteminin dəstəklənməsinə yönəltməli və Assosiasiyanı ölkənin ən güclü və təşkilatlanmış ictimai birliklərindən birinə çevirməliyik. Əlbəttə, bu asan başa gələcək hədəf deyil, olduqca böyük vaxt, enerji və maliyyə tələb edir.
Bunun üçün ABA-nın 2016-2020-ci illəri üçün Strateji Planı işlənib hazırlanmışdır və həmin planda Assosiasiyanın növbəti 5 il üçün strateji hədəfləri və əsas fəaliyyət istiqamətləri detallı şəkildə öz əksini tapıb. Burada institusional bazanın möhkəmləndirilməsi, maliyyə infrastrukturunun təkmilləşdirilməsi, dövlət orqanları ilə, ictimaiyyətlə, yerli və beynəlxalq biznes assosiasiyaları ilə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda beynəlxalq əlaqələrin və təcrübə mübadiləsinin dərinləşdirilməsi, bank sektoru üçün peşəkar kadr hazırlığına dəstək, maliyyə savadlığının artırılması işinin təşkili, bank sisteminin beynəlxalq keyfiyyət parametrlərinə uyğunluğu səviyyəsinin yüksəldilməsi, birgə sosial fəaliyyət layihələrinin həyata keçirilməsi, bank sektorunda korporativ sosial məsuliyyətin stimullaşdırılması kimi başlıca istiqamətlər müəyyən olunmuşdur. ABA növbəti beş ildə öz fəaliyyətini qeyd olunan məsələlər üzrə qoyulmuş hədəflərə nail olmaq istiqamətində təşkil edəcəkdir. -
Azərbaycanda bank sisteminin inkişafının əsas istiqamətləri hansılardır?
İlk öncə qeyd etmək istərdim ki, Azərbaycan bank sektoru, xüsusilə son on-on beş illik dövrdə yüksək artım tempi nümayiş etdirmişdir. Təkcə onu demək kifayətdir ki, 2003-2015-ci illərdə bank sektorunun aktivləri və məcmu kredit portfeli 27 dəfəyə qədər, məcmu depozit bazası, o cümlədən banklarda yerləşdirilmiş əhali əmanətləri 28 dəfədən çox artmışdır. Həmçinin, bankların kapitallaşması davam etmiş, qeyd olunan dövrdə bankların kapitallaşma səviyyəsi (məcmu kapitalın həcmi) 22 dəfəyə qədər yüksəlmişdir. Bütün bunlar bank sektorunun inkişafının əsas parametrlərini əks etdirir. Bu gün bank sektorunun aktivlərinin həcmi 27.8 mlrd. manat, məcmu kredit portfeli 18 mlrd. manatdan artıqdır. Sizi rəqəmlərlə çox yormaq istəməzdim, sadəcə bu rəqəmlər bank sektorunun necə yüksək templərlə inkişaf etdiyini və müasir Azərbaycan iqtisadiyyatında hansı əhəmiyyətə malik olduğunu təsəvvür etmək üçün vacibdir.
Bank sisteminin hazırki inkişafına gəlincə, bu gün bank sisteminin qarşısında dayanan əsas çağırış post-neft dövründə ölkə iqtisadiyyatının əsas maliyyə təminatçısına çevrilməkdir. Bu çağırışa cavab vermək üçün bank sistemi ölkədə qeyri-neft iqtisadiyyatının dəstəklənməsi, xüsusilə kiçik və orta sahibkarlığın kreditləşdirilməsi istiqamətində fəaliyyətini genişləndirməkdədir.
Eyni zamanda, ölkə əhalisinin maliyyə savadlılığının artırılması, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, əhaliyə göstərilən maliyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və ödəniş sistemlərinin inkişafı bank sisteminin davamlı inkişafının “yol xəritəsi”nin əsas istiqamətləri arasındadır. -
Azərbaycanda bank sektorunda aparılan islahatlar bu il ərzində bir sıra bankların birləşəcəyindən xəbər verirmi?
Hazırda bank sektorunda kapitallaşma davam etməkdədir. Mərkəzi Bankın bəlli kapital tələbləri var – ölkədə fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalı 50 mln. manatdan az olmamalıdır. Hazırda bankların böyük əksəriyyətinin kapitalı müəyyən olunmuş tələblərə cavab verir. Birləşmə məsələsi ilə bağlı yalnız onu demək olar ki, bu məsələləri bazar özü ən yaxşı formada həll edə bilir.
-
Bu gün hansı kredit növlərinə daha çox tələbat var?
Qeyd olunduğu kimi, hazırda banklar biznes kreditlərinin genişləndirilməsinə daha çox meyl etməkdədirlər. Xüsusi olaraq qeyd etmək istərdim ki, kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması üçün daşınar əmlakın yüklülüyü əsasında maliyyələşdirmə mexanizmi hazırlanmışdır, bununla bağlı müvafiq hüquqi-normativ aktların layihələri aidiyyəti dövlət və hökumət orqanlarına göndərilmişdir. Bu maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılması kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üçün çox geniş imkanlar açacaq və təbii olaraq, banklar da bu istiqamətdə fəaliyyətlərini genişləndirəcəklər.
-
Hazırda banklarda kreditlər üzrə orta faiz dərəcəsi necədir? Onlar Azərbaycan üçün nə dərəcədə optimaldır? Yaxın iki-üç ildə faiz dərəcələri necə dəyişəcək?
Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatlarına əsasən, hazırda ölkədə (01.11.2015 tarixinə) kreditlər üzrə orta faiz dərəcəsi təqribən 13.2% təşkil edir. O cümlədən korporativ kreditlər üzrə orta kredit faizi 9%, riteyl kreditlər üzrə isə manatla və ya xarici valyutada olmasından asılı olaraq, təqribən 18-22% arasında dəyişir.
Hazırki kredit faizlərinin iqtisadiyyat üçün nə dərəcədə faydalı olmasına gəlincə, bu çox vacib məqamdır, ona görə də mümkün qədər ətraflı cavablandırmağa çalışacağam. İlk öncə bir məsələyə aydınlıq gətirmək lazımdır ki, bu kredit faizlərini formalaşdıran iqtisadiyyatın özüdür. Yəni, kredit faizləri bazarda tələb, təklif və risk amilləri, həmçinin gözləntilərin təsiri ilə formalaşır. Əgər bu gün kredit faizləri yüksəkdirsə, bunun başlıca səbəblərini bütövlükdə iqtisadiyyatda axtarmaq daha doğru yanaşma olardı. Məsələni bir az daha açmağa çalışaq.
Məlum məsələdir ki, kredit verilən maliyyə resurslarının böyük hissəsi bankların öz vəsaiti deyil, banklar bu vəsaitləri kənardan cəlb edir, yəni borc alır: əsasən, əmanət və depozitlər, eyni zamanda, digər maliyyə institutlarından kreditlər şəklində. Əgər cəlb olunan maliyyə resursları baha başa gəlirsə, yəni banklar həmin resursların qarşılığında yüksək faiz ödəyirsə, bu avtomatik olaraq kredit faizlərində öz əksini tapır.
Digər bir məqam iqtisadiyyatda nağd dövriyyənin yüksək olması ilə bağlıdır. Hazırda iqtisadiyyatdakı pul kütləsinin böyük bir hissəsi banklardan kənarda nağd şəkildə dövr edir və bu bankların qeyri-faiz əməliyyatlarından mənfəət götürməsinə imkan vermir, əksinə bank sektoru bütövlükdə bu yöndə zərərlə işləyir (qeyri-faiz xərcləri gəlirləri üstələyir). 2014-cü ildə bank sektorunun qeyri-faiz əməliyyatlarından zərəri həmin ildəki faiz əməliyyatları üzrə mənfəətinin 34%-nə bərabər olmuşdur. Nağdsız dövriyyənin kiçik olduğu şəraitdə qeyri-faiz zərərlərini kompensasiya etməyin yeganə yolu isə faiz mənfəətini artırmaqdır ki, bu da yüksək faiz dərəcələri ilə mümkün olur. Təkcə sonuncu rəqəm onu deməyə əsas verir ki, nağdsız dövriyyənin artırılması yolu ilə bank sektorunun qeyri-faiz zərərlərinin aradan götürülməsi sektor üzrə orta kredit faizlərini təqribən 4-5 faiz bəndi aşağı salmağa imkan verə bilər.
Başqa bir vacib məqam qaytarılmayan kreditlərin qarşılığında qoyulmuş girovun reallaşdırılması ilə bağlıdır. Çox müxtəlif səbəblərdən işlərin məhkəmə yolu ilə həlli proseslərinin uzun müddət davam etməsi bir tərəfdən bankın öz itkilərini örtmək üçün girovu satmasını ləngidir, digər tərəfdən bank üçün əlavə xərc yükü yaradır. Nəticədə bütün bu itki və xərclər gələcək kredit faizlərində öz əksini tapır.
Kredit faizlərinin formalaşmasında sadalanan təklif amilləri ilə yanaşı real sektorun bəzi sahələrində yüksək mənfəət marjası, əhali gəlirlərinin, o cümlədən əmək haqlarının sürətli artımı kimi tələb amilləri də əhəmiyyətli rol oynayır. Yüksək faizlə biznes kreditinin alınması – əgər kreditin risk analizi düzgün aparılıbsa – həmin kreditin yönəldiyi sahədə mənfəət marjasının kredit faizindən çox olduğu mənasına gəlir. Sadə məntiqlə, əgər mənfəət marjası faizlərdən aşağı olarsa, demək ki, alınan krediti geri qaytarmaq praktik olaraq mümkün deyil və normal fəaliyyət göstərən bank belə bir kredit xətti açmaz.
Hazırda bank sektorunun kredit portfelinin təqribən 60%-i biznes kreditlərinin payına düşür. Nəzərə alsaq ki, vaxtı keçmiş kreditlərin həcmi çox da yüksək deyil (7%), deməli alınan kreditlər geri qaytarılır. Biznes kreditləri portfelində ticarət-xidmət, inşaat-əmlak və qeyri-neft sənaye sahələri xüsusi çəkisinə görə seçilir. Deməli, real sektorun, xüsusilə sadalanan sahələrində mənfəət marjası təklif olunan kredit faizlərindən yüksəkdir və belə yüksək marja, öz növbəsində, yüksək faizli kreditə tələb yaratmaqla faizlərin hazırki səviyyəsinin formalaşmasında özünəməxsus rol oynayır.
Kredit portfelinin digər əhəmiyyətli hissəsini riteyl kreditləri – əhaliyə (fiziki şəxslərə) verilmiş kreditlər təşkil edir. Hazırda portfelin təqribən 40%-i bu növ kreditlərin payına düşür. Son on ildə əhalinin gəlirləri 6 dəfəyə yaxın, ölkə üzrə orta aylıq əmək haqqı 5 dəfəyə yaxın artmışdır. Təbii ki, gəlirlərin belə yüksək templi artımı kreditlərin bu növünə tələbi əhəmiyyətli dərəcədə artırmışdır və bazarın qanunlarına görə məhsula tələb artırsa və təklif resursları məhduddursa, bu onun qiymətlərində artımla müşayiət olunmalıdır.
Bütün bunlarla yanaşı bank sektorunun fəaliyyət göstərdiyi makromühit elementləri (məzənnə, inflyasiya kimi), eyni zamanda mövcud biznes riskləri ilə bağlı gözləntilər də kredit faizlərinə əhəmiyyətli təsir göstərir.
Faiz dərəcələrinin necə dəyişəcəyinə gəlincə, artıq ötən ildən başlayaraq faizlər enmə trendinə keçib və düşünürəm ki, ortamüddətli dövrdə faizlərdə nəzərəçarpacaq enmə müşahidə edə bilərik. -
Siz Azərbaycanda pərakəndə bankçılığın inkişaf perspektivini necə görürsünüz?
Qeyd etdiyim kimi hazırda bankların kredit portfelinin təqribən 40%-i pərakəndə kreditlərin payına düşür. Eyni zamanda, maliyyə sektorundan cəlb edilmiş depozitləri çıxmaqla, bankların məcmu depozit bazasının 60%-ə yaxını əhali əmanətlərinin payına düşür. Düşünürəm ki, ortamüddətli dövrdə biznes kreditlərinin daha sürətli artımı hesabına kredit portfelində riteyl kreditlərin payında azalma olsa da, əhali əmanətləri depozit bazasının əsası kimi öz mövqeyini qoruyacaq. Həmçinin, ödəniş sistemlərinin təkmilləşdirilməsi, nağdsız dövriyyənin artırılması istiqamətində görülən işlər də bu istiqamətdə öz müsbət töhfəsini verəcək.
-
Azərbaycanda problemli kreditlərin həcmi getdikcə artır. Bu sahədəki problemləri həll etmək üçün nə təklif edərdiniz?
Doğrudur, son illərdə vaxtı keçmiş kreditlərin həcmində artım müşahidə edilməkdədir, ancaq bu indikator bütövlükdə kritik həddən xeyli aşağıdır. Hazırda vaxtı keçmiş kreditlər 1.3 mlrd. manat təşkil edir ki, bu da məcmu kredit portfelinin 7%-i qədərdir, yəni o qədər də böyük rəqəm deyil. Üstəlik, xüsusi ehtiyatlara ayırmalar və bank kapitalının hazırki səviyyəsi sektorun stabilliyini təmin etmək üçün yetərlidir. Vaxtı keçmiş kreditlərin həcminin azaldılmasına gəlincə, bunun üçün əvvəlcə səbəbləri aydınlaşdırmaq lazımdır. İlk öncə bilmək lazımdır ki, bu növ gecikmələr niyə yaranır.
Burada iki səbəbdən söhbət gedə bilər: ödəniş qabiliyyətinin pisləşməsi və yanlış risk qiymətləndirməsi. Birincisi daha çox iqtisadi konyunktur ilə bağlıdır. Bank sisteminin stabilliyini təmin etmək və itkilərinin qarşısını almaq üçün bayaq haqqında danışdığımız girovun reallaşdırılması, o cümlədən məhkəmə qərarlarının icrası mexanizmində təkmilləşdirmələrin aparılması lazımdır. Hazırda ABA tərəfindən “İcra haqqında”, “İcra məmuru haqqında” və “İpoteka haqqında” qanunlara dəyişikliklər paketi hazırlanaraq aidiyyəti dövlət və hökumət orqanlarına göndərilmişdir. Təklif edilən düzəlişlərin qəbulu sektorun maliyyə stabilliyinin dəstəklənməsinə əhəmiyyətli töhfə verəcəkdir.
Yanlış risk qiymətləndirmələrinin azaldılmasına gəlincə, burada bank sektorunun öz üzərinə, xüsusilə institusional inkişaf baxımından böyük öhdəlik düşür. Banklarda kredit qiymələndirmə mexanizminin və risk menecment sisteminin təkmilləşdirilməsi, eləcə də kadr potensialının gücləndirilməsi bu istiqamətin başlıca prioritetləri sırasındadır. -
Bank sektorunda qiymətli kağızlardan lazımınca istifadə olunurmu?
Azərbaycanda qiymətli kağızlar bazarı artıq keyfiyyətcə yeni inkişaf mərhələsindədir. Hazırda “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” üzrə Dövlət Proqramı uğurla icra edilməkdədir.
Banklar, istər məcmu kapitalın artırılması, istərsə də maliyyə resurslarının cəlb olunması məqsədilə xüsusilə səhm və korporativ istiqraz bazarlarının inkişafının yaratdığı imkanlardan yararlanır, eyni zamanda bazarın formalaşmasına əhəmiyyətli töhfə verirlər.
Təbii ki, bu hələ başlanğıcdır. Gələcəkdə ölkədə qiymətli kağızlar bazarının tam təşəkkül tapması ilə banklar vəsait cəlb etmək imkanları əhəmiyyətli dərəcədə genişlənəcək. -
Zakir müəllim, hazırda bank əmanətlərinin sığortalanması sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007 ci il tarixli Fərmanına əsasən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Fondun yaradılmasında məqsəd, banklar ödəmə qabiliyyətini itirdikdə fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitlərinin itirilməsi riskinin qarşısını almaq, Azərbaycan Respublikasında maliyyə və bank sisteminin stabilliyini və inkişafını təmin etməkdir. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun iştirakçılarıdır.
Hazırda məbləği 30 000 (otuz min) manata qədər, 12 faizdən çox olmayan faizlə banklarda yerləşdirilmiş əmanətlər sığortalanır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir. Cari ilin III rübünün yekunlarına əsasən qorunan əmanətlər 5044 mln. manat, başqa ifadə ilə cəmi əmanətlərin 69%-i qədərini təşkil edir ki, bu kifayət qədər yüksək göstəricidir. O cümlədən, qorunan əmanətlərin 71%-i ABŞ dolları, 25%-i manat, 4%-i isə avroda yerləşdirilib.
Hesab edirik ki, hazırki şəraitdə əhali əmanətlərinin 100%-nin sığortalanması daha məqsədəuyğundur. Bununla bağlı ABA tərəfindən, 3 il müddətinə əmanətlərin 100%-nin sığortalanması haqqında təkliflər aidiyyəti qurumlara ünvanlanmışdır. Bu, bank sektorunun maliyyə stabilliyinin təmin edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir və biz belə bir qərarın veriləcəyini gözləyirik. -
2016-ci ildə Azərbaycanın bank bazarında nə gözlənilir?
Görünən odur ki, 2016-cı ildə bank sektoru mürəkkəb iqtisadi şəraitdə öz fəaliyyətini davam etdirəcək. Çətinliklərə baxmayaraq bank sektorunun kapitallaşma səviyyəsinin və idarəetmə təcrübəsinin sektorun stabilliyini təmin etmək üçün yetərli olduğunu düşünürəm. Əminəm ki, banklar iqtisadiyyatın yeni çağırışlarına cavab verərək öz fəaliyyətlərini daha genişləndirəcəklər.
-
ASK-nın “Maliyyə institutları ilə iş komissiyası”nın sədrisiniz, gələcəkdə bu komissiyanın səmərəli fəaliyyəti üçün hansı işləri görməyi planlaşdırırsınız?
İlk növbədə ABA ilə ASK arasında əməkdaşlığın genişləndirilməsi sahəsində çalışmağın faydalı olacağını düşünürəm. Bu məqsədlə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində səylərin birləşdirilməsi, banklar və digər sahibkarlıq subyektləri arasında qarışlıqlı faydalı biznes əlaqələrinin qurulması məqsədilə görüşlərin və birgə forumların keçirilməsi, regional və beynəlxalq inteqrasiya sahəsində birgə fəaliyyətin təşkili kimi məsələlər xüsusi önəm daşıyır. Qeyd olunan istiqamətlərdə fəaliyyət “ABA-nın 2016-2020-ci illər üzrə Strateji Planı”nda da öz əksini tapmışdır.
Digər müsahibələr
- ABA-nın eksperti Tamerlan Rüstəmov rəqəmsal bankçılıq və ödəniş sistemləri sahəsi ilə əlaqədar müsahibə verib
- ABA ekspertinin “Real TV”nin “Sığorta Reallığı” verilişində müsahibəsi yayımlanıb
- Mərkəzi Bankın rəsmisi ölkənin valyuta bazarı ilə bağlı məsələlərə dair “Report” İnformasiya Agentliyinə müsahibə verib