Müsahibə 2016-cı ilin fevral ayında verilib.
-
- Azərbaycan Banklar Assosiasiyası da daim banklarla görüşür. Banklar müştəri itkisi ilə üzləşrlərmi? Ümumiyyətlə, müştəri itkisinin qarşısını almaq üçün banklar tərəfindən ABA ilə birlikdə hər hansı təkliflər üzərində işlənilirmi? ABA tərəfindən banklara hansısa dəstək yaxud təkliflər verilibmi?
Bildiyiniz kimi, Azərbaycan Bankalar Assosiasiyası (ABA) bir ictimai təşkilat olaraq bank sektorunun inkişafına dəstək məqsədilə yaradılmışdır və Təşkilatın başlıca funksiyası məhz bu məqsədə xidmət etməkdir. Xüsusi olaraq qeyd etmək istərdim ki, ABA növbəti dövrdə qeyd etdiyiniz istiqamətdə fəaliyyətini genişləndirmək iqtidarındadır. Ümumiyyətlə ABA bankların fəaliyyətinə dəstək verilməsi məsələsinə kompleks şəkildə yanaşır. Hazırda üzərində tamamlanma işləri gedən “ABA-nın 2016-2020-ci illər üzrə Strateji Planı”nda banklara olan inamın artırılması, neqativ və yanlış informasiya axınının neytrallaşdırılması məqsədilə ictimaiyyətlə əlaqələrin, o cümlədən maarifləndirmə və məlumatlandırma işinin genişləndirilməsi, eyni zamanda maliyyə savadlılığının artırılması sahəsində faəliyyətin dərinləşdirilməsi istiqamətlərində hərtərəfli tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Planda da müəyyən edildiyi kimi, ABA-nın əsas missiyası üzv-təşkilatların birgə səsi olmaqdan ibarətdir. ABA, öz işində təcrübələrin mübadilə edildiyi, normativ-qanunverici təkliflərin və digər təşəbbüslərin müzakirə edildiyi və bankların ümumi mövqeyinin müəyyən olunduğu platformalara əsaslanır.
Belə platformalar ABA nəzdində yaradılan Ekspert və İşçi Qruplarını da daxil edir. Assosiasiyada yaradılan daimi Ekspert Qrupları və cari məsələlərlə əlaqədar formalaşdırılan müvəqqəti İşçi Qrupları ABA üzvlərinin (banklar) müvafiq bölmələrində çalışan ekspertlərindən ibarət olmaqla, bank sektorunun yeni çağırışlarının və bankların qarşılaşdığı ümumi problemlərin birgə müzakirəsi və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, banklar qarşısında duran əngəllərin aradan qaldırılması məqsədi ilə yaradılmış peşəkarlar birliyidir.
Hazırkı post-neft iqtisadiyyatı dövründə xüsusi önəm verdiyimiz fəaliyyət istiqamətlərindən biri də banklarda xərclərin optimallaşdırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi ilə əlaqədar layihələrin reallaşdırılması üzərində işlərdir.
Qeyd olunan hədəflərin həyata keçirilməsi üçün Strateji Plan aşağıda sadalanan strateji hədəfləri və fəaliyyət istiqamətləri müəyyən edir:
İnstitusional bazanın və infrastrukturun möhkəmləndirilməsi – təşkilati-idarəetmə strukturunun təkmilləşdirilməsi, peşəkar işçi heyətinin formalaşdırılması, törəmə təşkilatların fəaliyyətinin effektiv təşkili, ekspert qruplarının və münsiflər məhkəməsinin fəaliyyətinin bərpası, maliyyə ombudsmanının yaradılması, üzv bankların xərclərinin optimallaşdırılması məqsədilə mərkəzləşdirilmiş qurumların (mərkəzləşdirilmiş inkassasiya, vahid tarifli ATM və POS Terminal şəbəkəsi, vahid SWIFT xidmət bürosu) yaradılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi və belə təcrübələrin yerli baxara tətbiqi imkanlarının araşdırılması;
Dövlət orqanları ilə əməkdaşlığın genişləndirilməsi – icraedici (tənzimləyici), qanunverici və məhkəmə orqanları ilə sıx və faydalı əməkdaşlıq əlaqələrinin qurulması, tənzimləyici normativ-hüquqi sənədlərin hazırlanması prosesində iştirak, həmçinin sənəd layihələrinin təhlili və təkliflərin hazırlanması, birgə tədbirlərin – konfrans, forum və “dəyirmi masa”ların təşkili;
İctimaiyyətlə əlaqələrin genişləndirilməsi – KİV-lər, sosial şəbəkələr, ABA-nın dövri elektron nəşrləri və mətbuat konfransları vasitəsilə maliyyə-bank sektorunda baş verən proseslərin cəmiyyətə obyektiv və operativ şəkildə çatdırılması işinin təşkili;
Yerli biznes assosiasiyaları və ictimai birliklərlə əməkdaşlığın genişləndirilməsi – normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində səylərin birləşdirilməsi, banklar və digər sahibkarlıq subyektləri arasında qarşlıqlı faydalı biznes əlaqələrinin qurulması məqsədilə görüşlərin və birgə forumların keçirilməsi, regional və beynəlxalq inteqrasiya sahəsində birgə fəaliyyətin təşkili;
Beynəlxalq əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi – beynəlxalq bankçılıq federasiyaları, eyni zamanda İEÖ-in bank assosiasiyaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi, beynəlxalq maliyyə qurumları ilə praktik formatda əlaqələrin genişləndirilməsi (müxtəlif birgə layihələrin həyata keçirilməsi), beynəlxalq konfrans və tədbirlərdə iştirak, həmçinin belə tədbirlərin təşkili;
Bank sektoru üçün peşəkar kadr hazırlığına dəstək – ABTM vasitəsilə bank sektorunun tələblərinə uyğun treyninq, kurs və sertifikasiya proqramlarının, eyni zamanda ölkə iqtisadiyyatının və bank sektorunun aktual məsələlərinə həsr edilmiş, konfrans, forum və “dəyirmi masa”ların təşkili;
Banklarda strateji təhlil və informasiya təminatına dəstək – bu məqsədlə dövri (rüblük, illik) analitik məcmuələrin hazırlanması, tədqiqat-sorğu fəaliyyətinin həyata keçirilməsi, bank sektoru üzrə analitik-informasiya bazasının formalaşdırılması;
Maliyyə savadlılığının artırılması işinin təşkili – müvafiq dövlət qurumları, xüsusilə Azərbaycan Mərkəzi Bankı və Təhsil Nazirliyi ilə sıx əlaqəli fəaliyyətin təşkili, əlaqədar tərəflərlə birlikdə hədəf qrupların seçilməsi, uyğun maarifləndirmə və təşviqat işinin aparılması;
Bank sisteminin beynəlxalq keyfiyyət parametrlərinə uyğunluğu səviyyəsinin yüksəldilməsi – çirkli pulların yuyulmasına qarşı mübarizə, korporativ idarəetmənin keyfiyyətinin qiymətləndirilməsi və artırılması yollarının işlənib hazırlanması, bank biznesində şəffaflığın artırılması;
Birgə sosial fəaliyyət layihələrinin həyata keçirilməsi – bankirlərin qeyri-rəsmi görüşlərinin, həmçinin müxtəlif əlamətdar günlərin birgə keçirilməsinin təşkili, bankların və bank əməkdaşlarının peşəkar fəaliyyətləri ilə əlaqədar müxtəlif nominasiyalar üzrə təltif olunmasının, bank əməkdaşları arasında müxtəlif növ idman yarışları və digər sosial fəaliyyətlərin təşkili;
Bank sektorunda korporativ sosial məsuliyyətin stimullaşdırılması – bankirin etika və şərəf kodeksinin hazırlanması, qəbulu və təbliği, ölkədə iqtisadi-maliyyə təhsilinin dəstəklənməsi işinin təşkili və digər bu qəbildən olan tədbirlərin həyata keçirilməsi.Hazırki yeni çağırışlar və imkanlar dövründə ABA-nın vizyonu Azərbaycan bank sektorunu dayanıqlı iqtisadi inkişafının başlıca maliyyə təminatçısına çevirməkdən ibarətdir.
Bu yeni mərhələdə Assosiasiyanın öz işini ümumilikdə bütün üzvlərə və ayrılıqda hər bir üzvə məxsus qurum kredosu əsasında qurması ümumi hədəflərə çatmaqda əsas amil olacaqdır.
Digər müsahibələr
- ABA-nın eksperti Tamerlan Rüstəmov rəqəmsal bankçılıq və ödəniş sistemləri sahəsi ilə əlaqədar müsahibə verib
- ABA ekspertinin “Real TV”nin “Sığorta Reallığı” verilişində müsahibəsi yayımlanıb
- Mərkəzi Bankın rəsmisi ölkənin valyuta bazarı ilə bağlı məsələlərə dair “Report” İnformasiya Agentliyinə müsahibə verib