Müsahibə 2016-cı ilin fevral ayında verilib.
-
Parisdəki terror aktlarının avronun kursuna necə təsir edəcəyi barədə fikrilərinizi almaq istərfik
Əlbəttə, bu cür terror aktları, eyni zamanda, təbii fəlakətlər və bənzəri fors-major hadisələr maliyyə bazarlarına, o cümlədən valyuta bazarlarına təsirsiz ötüşmür. Ancaq bu cür hadisələr adətən valyuta məzənnəsinə qısamüddətli təsir göstərir və hadisənin təsirləri zəiflədikcə məzənnə tədricən uzunmüddətli trendə qayıdır. Düşünürəm ki, hazırda avronun məzənnəsinin uzunmüddətli trendini müəyyən edən bu cür fors-major hadisələr deyil, Avrozona ölkələrinin iqtisadi vəziyyəti və Avropa Mərkəzi Bankının həyata keçirdiyi pul siyasətidir. Qısa şəkildə icmallaşdırsaq, 2008-ci il qlobal maliyyə böhranı, ardınca Avrozonanın periferiya ölkələrində borc böhranı və inflyasiyanın hədəflənəndən aşağı olması səbəbi ilə Avropa Mərkəzi Bankının reallaşdırdığı monetar genişlənmə proqramı avronun son 7 ildəki uzunmüddətli enmə trendini formalaşdıran başlıca faktorlardır.
-
ABA-nın AMB-nin sədri cənab Elman Rüstəmovla görüşü zamanı bankların yeni inkişaf strategiyaları və sahibkarlığa dəstək olunması üçün yeni layihələr müzakirə olunmuşdur. Bu məsələlər barədə daha ətraflı məlumat almaq istərdik.
Bəli, qeyd etdiyiniz kimi Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyəti və Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov arasında görüş keçirilib. Bu görüşdə bankların 2016-ci il üzrə fəaliyyət planlarının tərtib edilməsi ilə əlaqədar yeni strategiyaların hazırlanması, mövcud bazar şəraitinə uyğun strateji hədəflərin müəyyən edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı xüsusi müzakirə edilən və diqqət mərkəzində olan məsələlərdən biri də yeni şəraitdə kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə yeni layihə və proqramların hazırlanması olub.
Belə yeni layihələrin ən mühümlərindən biri ölkədə kiçik və orta sahibkarlığın daşınar əmlakın yüklülüyü əsasında maliyyələşdirilməsi mexanizminin hazırlanmasıdır. Hazırda Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin mövcud aktivlərinin çox az bir hissəsi – təqribən 22%-i – daşınmaz əmlakdan ibarətdir. Kreditorlar isə, əsasən girov qismində məhz daşınmaz əmlak tələb edirlər. Təsadüfi deyil ki, qəbul edilən girovların 70%-dən çoxu daşınmaz əmlakın payına düşür. Bu isə, təbii olaraq, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını məhdudlaşdırır, inkişafını ləngidir. Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hazırlanmış olan bu yeni layihənin getdikcə ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməkdə olan kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini asanlaşdırmaqla, xüsusilə qeyri-neft iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcəyinə ümid edirik. -
Bir bankın plastik kartının digər bankın bankomatında istifadə edilməsi zamanı yaranan komissiyanın azaldılacağı və banklar üçün inkassasiya xidməti göstərəcək vahid mərkəzin yaradılacağı ilə əlaqədar işlərin getdiyini demisiniz. Bu istiqamətdəki işlər hansı mərhələdədir?
Hazırda qeyd etdiyiniz məsələlərlə bağlı işlər davam etdirilir. Bildirmək istərdim ki, Azərbaycan Banklar Assosiasiyasının nəzdinə “Ödəniş sistemləri və alternativ xidmət kanalları” adlı Ekspert Qrupu fəaliyyətə başlayıb və ötən həftə qrupun ilk iclası keçirilib. Həmin iclasda ödəniş sistemlərinin təhlükəsizliyi və digər nağdsız ödənişlərlə əlaqədar bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin analizi ilə yanaşı vahid və aşağı komissiyalı ATM şəbəkəsinin tətbiqi məsələləri də müzakirə olunub. Hazırda bu yöndə, həmçinin mərkəzləşdirilmiş inkassasiya sisteminin yaradılması istiqamətində ən yaxşı xarici təcrübələr gözdən keçirilir və tətbiq imkanlarının araşdırması davam etdirilir.
Digər müsahibələr
- ABA-nın eksperti Tamerlan Rüstəmov rəqəmsal bankçılıq və ödəniş sistemləri sahəsi ilə əlaqədar müsahibə verib
- ABA ekspertinin “Real TV”nin “Sığorta Reallığı” verilişində müsahibəsi yayımlanıb
- Mərkəzi Bankın rəsmisi ölkənin valyuta bazarı ilə bağlı məsələlərə dair “Report” İnformasiya Agentliyinə müsahibə verib