ABA prezideti Zakir Nuriyevin Vergilər qəzetinə müsahibəsi

Müsahibə 2016-cı ilin yanvar ayında verilib.

  • Azərbaycan Banklar Assosiasiyası (ABA) Mərkəzi Banka ipoteka kreditləşməsinin genişləndirilməsinə dair təkliflər paketi təqdim edib. Təkliflərin əsas istiqamətləri nədən ibarətdir?

    Azərbaycanda ipoteka kreditləşdirməsi mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsini nəzərdə tutan,ölkə Prezidentinin 27 oktyabr 2015-ci il tarixli Fərmanında qeyd olunan məsələlərin icrası məqsədilə Azərbaycan Mərkəzi Bankı tərəfindən təkliflər paketi hazırlanmışdır. Həmin təkliflər paketi Azərbaycan Banklar Assosiasiyasının üzv-bankları arasında geniş müzakirə olunmuş və banklar tərəfindən də müvafiq təkmilləşdirmə və dəyişikliklər təklif edilmişdir. İrəli sürülmüş təkliflər, əsasən ipoteka ilə yüklü edilmiş əmlaka tələbin yönəldilməsi mexanizminin, həmçinin girovun reallaşdırılması, o cümlədən hərracların keçirilməsi qaydalarının təkmilləşdirilməsi məsələlərini əhatə edir.

  • Ölkədə istehlak kreditlərinin verilməsində prosedurların sadələşdirilməsi üçün hansı dəyişikliklərin edilməsinə ehtiyac var?

    Növbəti dövrdə bank sektoru, yeni iqtisadi şəraitə uyğun olaraq, daha çox biznes kreditlərinin verilməsi, ölkədə kiçik və orta sahibkarlığın, bu yolla qeyri-neft iqtisadiyyatında artımın dəstəklənməsinə hədəflənməkdədir. Yeni dövrün, post-neft dövrünün bank sektorunun qarşısına qoyduğu əsas tələblərdən biri məhz bundan ibarətdir.
    İstehlak kreditlərinin verilməsinə gəlincə,bu kredit növü bankların əsas məhsullarından biri olmaqda davam edir. Ancaq düşünmürəm ki, istehlak kreditlərinin verilməsi prosedurlarının sadələşdirilməsinə ehtiyac var. Kreditlərin, o cümlədən istehlak kreditlərinin verilməsi şərtlərinin hədsiz sadələşdirilməsi maliyyə-bank sisteminin stabilliyi üçün heç də uğurlu addım olmazdı. Əksinə, hazırda banklar daha çox məsuliyyətli kreditləşmə xəttini tutub ki, bu həm bankların, həm də müştərilərin xeyrinədir.

  • ABA yerli bankların yeni inkişaf strategiyasının hazırlanması ilə bağlı nə kimi tədbirlər planı hazırlayır?

    Azərbaycan Banklar Assosiasiyası mövcud iqtisadi konyunkturun formalaşdırdığı yeni çağırışlara cavab vermək üçün bankların yeni inkişaf strategiyalarının hazırlanmasına öz səlahiyyətləri çərçivəsində yaxından dəstək olur. Yeni iqtisadi şəraitdə bankların inkişaf strategiyalarının konturlarının müəyyənləşdirilməsi məqsədilə aidiyatı dövlət və hökumət orqanları ilə məsləhətləşmələrin aparılması davam etdirilir. Artıq ABA üzv-təşkilatlarının rəhbərlərinin Azərbaycan Mərkəzi Bankının sədri cənab Elman Rüstəmov və Azərbaycan Respublikası Prezidenti Yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri cənab Rüfət Aslanlı ilə çox faydalı görüşləri baş tutmuşdur.
    Həmçinin, banklarda əməliyyat xərclərinin optimallaşdırılması layihələri üzrə işlər davam etdirilir. Eyni zamanda, ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sktorunun inkişafının dəstəklənməsi məqsədilə biznes kreditlərinin genişləndirilməsi və kiçik-orta sahibkarlığın maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətlərində çox vacib təşəbbüslər irəli sürülmüşdür.
    Bununla yanaşı, hazırda ABA-nın nəzdində doqquz daimi Ekspert Qrupu formlaşdırılmışdır ki, bu qruplar da ölkə bank sektorunun müxtəlif istiqamətlərində qarşıda duran problemlərin həlli və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi işində yaxından iştirak edir.

  • Bəzi banklar mənfəət vergisi üzrə güzəştlərin tətbiqini təklif edir. Sizcə bu, nə dərəcədə realdır?

    Əlbəttə, bəlli bir dövrdə bankların nizamnamə kapitalının artırılmasına yönəldilən mənfəətlərinin vergidən azad edilməsi bank sisteminin kapitallaşmasında əhəmiyyətli rol oynamışdır və bu cür vergi tətilləri bir çox hallarda artım üçün müsbət stimul verir. Ancaq, eyni zamanda biz unutmamalıyıq ki, büdcə gəlirləri də təmin edilməlidir və bunun üçün banklar da digər biznes müəssisələri kimi vergiləri müəyyən olunmuş qaydada ödəməlidir. Ona görə düşünürəm ki, bu mərhələdə banklar üçün belə tətil verilməsi tam doğru olmazdı. Bir məsələni də qeyd etmək istərdim ki, banklara sadə bir vergi ödəyicisi kimi baxmaq, fikrimcə, düzgün deyil. Banklar özləri vergi ödəyicisi olmaqla yanaşı, daha çox yeni vergi ödəyiciləri yaradan və onların biznes fəaliyyətini dəstəkləyən qurumlardır.Banklar iqtisadi münasibətlər sistemində digər subyektlərdən fərqli xüsusiyyətlərə malikdir və biz bunu diqqətdən qaçırmamalıyıq.Bu gün banklar təkcə mənfəət vergisi ödəyicisi deyillər,eyni zamanda fiziki şəxslərin əmanətlərinə banklar tərəfindən ödənilən faizlərdən də vergi ödəyirlər.Beləliklə banklar vergi bazasının genişlənməsi prosesində iştirak edir,eyni zamanda onun tam və vaxtında ödənişini təmin edir.Bu prosesdə banklar həm gəlirin özünün yaradılmasını,həm də verginin tutulması və ödənilməsi prosesini təmin edir.Biz bu növ çoxlu nümunələr göstərə bilərik.

  • Ölkədə ödəniş sistemlərinin inkişafı ilə bağlı gələn il banklar tərəfindən hansı yeniliklər gözlənilir? ABA-da “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu fəaliyyətə başlayıb. Qrupun əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

    Bəli, qeyd etdiyiniz kimi Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupu yaradılıb və ötən həftə qrupun ilk iclası keçirilib. Qrupun yaradılmasının əsas məqsədi müştərilərin maliyyə resurslarına və innovativ bank məhsullarına çıxışını asanlaşdırmaq, onlara göstərilən bank xidmətlərinin maya dəyərini aşağı salmaq, bu yolla qiymətlərinin azaldılmasına nail olmaq və müştəri məmnunluğunun təmin edilməsi imkanlarını araşdırmaqdan ibarətdir.
    Qrup öz fəaliyyətində kartlı ödəniş sistemləri, internet bankçılıq, mobil bankçılıq, ATM və POS-terminallar kimialternativ xidmət kanalları, ödəniş sistemlərinin təhlükəsizliyi və digər nağdsız ödənişlərlə əlaqədar bank sistemindəki mövcud vəziyyətin, həmçinin bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, bu istiqamətdə qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsini nəzərdə tutur. Bundan əlavə, müvafiq qurumlara ünvanlanacaq təkliflərin hazırlanması, hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlərin həyata keçirilməsi də Qrupun prioritet vəzifələri arasındadır.

MÜDDƏT