Bankların müştərilərinə təqdim etdikləri pərakəndə xidmətlər onların qeyri-faiz gəlirlərini formalaşdıran əsas mənbədir. Bu bazarda mövcud xidmətlərə olan tələbi, gələcəkdə yarana biləcək ehtiyacları görmək, həmçinin göstərilən xidmətlərə çəkilən xərcləri aşağı salmaq bankların qeyri-faiz mənfəətini formalaşdırmağa və artırmağa imkan verə bilər. Bununla bağlı olaraq,Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun üzvü və “AccessBank” QSC-nin Pərakəndə Xidmətlər departamentinin rəhbəri Rəhman Əliyevin BBN.az-a verdiyi müsahibəni təqdim edirik.
-
Rəhman müəllim banklarda pərakəndə məhsullar və xidmətlər dedikdə nə başa düşülür, bura hansı bank məhsulları və xidmətləri daxildir?
Pərakəndə bankçılıq fərdi müştərilərə pərakəndə bank məhsullarının satışını və pərakəndə bank xidmətlərinin göstərilməsini özündə birləşdirir. Pərakəndə məhsullar dedikdə fiziki şəxslərə verilən istehlak məqsədli kreditlər, depozitlər və plastik bank kartları nəzərdə tutulursa, pərakəndə xidmətlər dedikdə hesablaşma-kassa xidmətləri, təcili pul köçürmələri, plastik kartlar vasitəsitəsilə əməliyyatlar, depozit seyflərinin icarəsi üzrə xidmətlər, sığorta məhsulları üzrə agent xidmətləri nəzərdə tutulur. Qeyd olunanları bir qədər də detallı nəzərdən keçırək:
- Hesablaşma-kassa xidmələrinə milli və xarici valyutada bank hesablarının açılması və hesablar üzrə kompleks xidmətlərin göstərilməsi, hesablara nağd vəsaitlərin qəbulu və verilməsi, ödəniş tapşırığı əsasında milli və xarici valyutada ölkədaxili və ölkəxarici köçürmələr, qiymətlilərin inkassasiyası, valyuta mübadiləsi, bank çeklərinin inkassoya qəbul edilməsi kimi xidmətlər daxildir;
- Təcili pul köçürmələri xidmətinə dünya üzrə geniş şəbəkəyə malik olan pul köçürmə operatorları vasitəsilə istənilən yerə qısa vaxt ərzində bank hesabı açmadan vəsait köçürülməsi daxildir;
- Plastik kartlarla əməliyyatlara müştərilərə kart hesablarında olan vəsaitlərdən dünyanın istənilən yerində ATM, POS və online ödəmə vasitələrinin köməyi ilə xarici və milli valyutada nağd və nağdsız istifadə imkanlarının yaradılması kimi xidmətlər;
- Depozit seyflərinin icarəsi müştərilərin qiymərli əşyalarının və sənədlərin təhlükəsiz şəkildə saxlanca qəbul edilməsi ilə bağlı xidmətdir;
- Sığorta agenti xidməti daxilində Bankın müştərilərə icbari və könüllü sığorta məhsullarının satışı ilə bağlı fəaliyyəti daxildir.
-
Azərbaycanda və sizin bankınızda bu xidmətlərin hansı daha çox aktualdır?
Qeyd edilən xidmətlər hər birinə tələbat mövcuddur, lakin ən çox istifadə olunanlara hesablaşma-kassa xidmətləri, təcili pul köçürmələri və plastik kartlarla əməliyyatlar aiddir. Ümumiyyətlə bu və digər xidmətə olan tələbin həcmi, əsasən, ölkənin sosial-iqtisadi rifah halından asılıdır. Misal üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə siğorta məhsullarının istər həyat, istərsə də qeyri-həyat növləri geniş istifadə olunur və bu məhsullar üzrə xərcləri müştərilər öz ailə büdcələrində xüsusi planlaşdırırlar. Bu baxımdam gələcəkdə cəmiyyətin sosial-iqtisadi inkişafdan asılı olaraq təklif ediləcək bank xidmətlərinin də tərkibində dəyişikliklər qaçılmazdır.
-
Bankınız Avropa kapitallı bankdır, Avropada və dünyada bu xidmətlərin hansılarının artım dinamikası daha yüksəkdir?
Son bir neçə ildə pərakəndə məhsul və xidmətlərin istehlakçıya çatdırılması kanallarında nəzərə çarpacaq yeniliklər müşahidə olunur. Belə ki, bank məhsul və xidmətlərinın filial şəbəkəsi vasitəsilə aparılan ənənəvi satış/xidmət kanalı ilə yanaşı son illərdə elmi-texniki nailiyyətlərin banklarda geniş tətbiqi bank məhsul və xidmətlərinin istehlakçıya çatdırılması kanallarının genişlənməsinə, yeni avtomatlaşmış və virtual satış/xidmət kanallarınınyaranmasına gətirib çıxartmışdır.
Avtomatlaşmış kanallar kifayət qədər geniş çeşid bank məhsul və xidmətlərdən istifadəyə imkan verən xüsusi avadınlıqlar vasitəsilə təşkil olunur. Bu avadanlıqlara daha da təkminləşdirilmiş və bank əməliyyatları aparmağa imkan verən, nəğd vəsait qabul edən, valyuta mübadiləsini həyata keçirən və nəğd vəsait verən ATM-lər, təmassız ödəniş terminalları, özünə xidmət terminalları daxildir.
Virtual kanallara bank məsul və xidmətlərindən mobil telefon və personal kompüter vasitəsi ilə internet üzərindən istifadə imkanı verən xüsusi platformalar aiddir. Belə platformalar istehlakçılara “İnternet bank” və “mobil bank” anlayışları ilə tanınmaqdadır. Bu platformalar vasitəsilə istehlakçılar müştərisi olduqları bankların təklif etdikləri məhsul və xidmətlərdən zaman və məkan məhdudiyyəti olmadan sərbəst şəkildə yararlana bilirlər.
Beləliklə, bank məhsul və xidmətlərinin istehlakçılara təqdim olunmasında fiziki satış/xidmət kanallarından, avtomatlaşdırılmış satış/xidmət kanallarından, virtual satış/xidmət kanallarından istifadə olunur ki, bunların da içərisində sonuncunun inkişaf potensialı xeyli yüksəkdir.
-
Yerli banklarda bu sahədə çatışmayan hansı məqamlar var, səbəbləri nədir?
Ümumən pərakəndə bankçılıq sahəsini inkişaf etmiş ölkələrin bank sistemləri ilə müqayisə edərkən deyərdim ki, bizim bank sistemimiz demək olar bütün mövcud satış və xidmət kanallarını mənimsəmişdir. Lakin bu kanallar içərisində yuxarıda qeyd etdiyimiz avtomatlaşmış və virtual satış və xidmət kanalları kifayət qədər inkişaf etməmişdir. Bu sarıdan yaxın gələcəkdə ölkəmizin bank sisteminin iştirakçıları bu istiqamətə daha artıq diqqət ayırmalı olacaqlar. Ölkəmizdə avtomatlaşmış və virtual satış və xidmət kanallarının hələ zəif inkişaf etməsinin səbəbi kimi bu kanalların nisbətən yeni olunması və ölkənin istehlak bazarında nağd vəsaitlərlə əməliyyatların üstünlük təşkil etməsidir.
-
Hazırda xaricdə onlayn bankların fəaliyyəti genişlənir, onların ənənəvi banklardan fərqi nədir?
Ümumən inkişaf etmiş ölkələrdə məhsul və xidmətlərin distant təklifi geniş yayılmışdır. Xüsusən də son illərdə İKT sahəsində gedən sürətli inkişaf distant xidmətlərdə virtual kanallardan istifadəni biznes subyektləri üçün prioritetə çevirir. İnternetdən istifadənin dünya üzrə genişlənməsi və onun istifadəçilərinin sürətlə artması real həyatımızın virtual alternativini yaradır ki, bu virtual məkan da istənilən informasiya, məhsul, iş və xidmət təchizatçısı üçün maraq dairəsinə çevrilir. Virtual (online) bankçılığın yaranmasının bir necə səbəblərini qeyd etmək olar:
- İKT sahəsində gedən sürətli inkişaf virtual aləmin istifadəçilərinin artmasına səbəb oldu. Virtual aləmin geniş istehlakçı auditoriası kommersiya maraqları olan bankların da diqqətindən kənar qalmadı.
- Virtual kanallar vasitəsi ilə təklif olunan məhsul və xidmətlər 24/7 prinsipinə əsaslanır ki, bu da kommersiya maraqları üçün zaman məhdudiyyətini aradan qaldırır.
- Virtual kanallar vasitəsi ilə təklif olunan məhsul və xidmətlərdən internetə qoşulma imkanı verən istənilən məkanda yararlanmaq olur ki, bank-müştəri münasbətlərində məkan məhdudiyyətini aradan qaldırmaqla müştəri məmnunluğunu artırır.
- məhsul və xidmətlərdən virtual yolla istifadə əsasən özünə xidmət prinsipinə əsaslanır ki, bu da bankların cari xərclərə qənaəti deməkdir.
Beləliklə, qeyd olunanları ümumiləşdirsək virtual bankçılığın üstünlüyü ondan ibarətdir ki, Banklara zaman və məkan məhdudiyyəti olmadan, eyni xərclər daxilində daha çox məhsul və xidmətləri daha çox istehlakçı auditoriyasına təklif etmək kimi geniş imkanlar yaradır.
-
Yaxın 1 illik və 5 illik dövrdə pərakəndə xidmətlər sahəsindən hansı yeniliklərin olması gözlənilir?
Qarşıdakı illərdə pərakəndə xidmətlərdən istifadənin ümumi çəkisində artım müşahidə olunacaq. Xüsusən də banklar təklif etdikləri pərakəndə məhsul və xidmətləri virtual aləmə daşımağa davam edəcəklər və bunun nəticəsində virtual kanallar üzərindən aparılan satış və xidmətlərin həcmi nəzərə çarpacaq dərəcədə artmalıdır. Bu da öz növbəsində ölkə üzrə nağdsız əməliyyatların inkişafına təkan verəcək. Lakın bu tempin artması üçün kompleks işlərin görülməsinə ehtiyac duyulur. Belə ki, hər şeydən əvvəl qanunvericilik bazası virtual satış və xidmət kanallarından aparılacaq əməliyyatları tam dəstəkləməlidir. Eyni zamanda fiziki şəxslərin və kommersiya subyektlərinin nağdsız hesablaşmalardan istifadəsini stimullaşdıracaq tətbirlər genişlənməlidir. Bu həm banklar tərəfindən və həm də dövlət strukturları tərəfindən planlı şəkildə həyata keçirilməlidir. Xüsusilə də kommersiya subyeklərinə nağdsız əməliyyatlarının müəyyən ğüzəştlər hesabına stimullaşdırılması bu istiqamətdə inkişafa müsbət təsir edə bilər.
Digər müsahibələr
- ABA-nın eksperti Tamerlan Rüstəmov rəqəmsal bankçılıq və ödəniş sistemləri sahəsi ilə əlaqədar müsahibə verib
- ABA ekspertinin “Real TV”nin “Sığorta Reallığı” verilişində müsahibəsi yayımlanıb
- Mərkəzi Bankın rəsmisi ölkənin valyuta bazarı ilə bağlı məsələlərə dair “Report” İnformasiya Agentliyinə müsahibə verib