Rövşən Allahverdiyev: “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”

Son günlər COVİD-19 virusunun yayılması səbəbindən dünyanın bir çox ölkələrində qeyri-sabit vəziyyət hökm sürür. İqtisadiyyatın bir çox sahələri kimi bank-maliyyə sektoru da asan olmayan günlərini yaşayır. Azərbaycanın bank sektorundakı cari vəziyyəti, atılan addımları və gələcək planları Kapital Bank-ın İdarə Heyətinin sədri, cənab Rövşən Allahverdiyev şərh edib.

  • Rövşən müəllim, bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Firkinizcə, hazırda hansı addımlar atılmalıdır?
  • Bildiyiniz kimi ölkə prezidenti tərəfindən 19 mart 2020-ci il tarixində koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı İşçi Qrup yaradılıb. İşçi Qrupun yaradılmasından cəmi 2 həftəyə yaxın bir müddətin keçməsinə baxmayaraq, artıq müəyyən addımlar atılıb və vəziyyətin mənfi tərəflərinin azaldılması istiqamətində bir sıra qərarlar qəbul olunub. Hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır. Bunu öz çıxışında İqtisadiyyat Naziri, sözügedən İşçi Qrupun rəhbəri, cənab Mikayıl Cabbarov bildirib.

Hazırda dövlət dəstəyinin göstəriləməsi üçün 10 proqram hazırlanıb. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Həmin fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr müəyyən edilib. Dövlət tərəfindən 2,5 milyard manat məbləğində dövlət dəstəyinin ayrılması ən diqqətçəkən məqamlardandır. Qeyd edim ki, nə bizim regionda, nə də MDB dövlətləri arasında iqtisadiyyatının həcminə nisbətdə (ÜDM-in 3 faizi) belə həcmli dövlət dəstəyi ayrılmayıb.

Bundan başqa, 300 mindən artıq işçinin əmək haqqısının bir hissəsinin dövlət tərəfindən ödənilməsi, 292 min sahibkara iş yerinin qorunması ilə maliyyə yardımının göstəriləməsi, biznes sahəsinə vergi güzəştlərinin və sahibkarların bank kreditlərinə imtiyazların verilməsi, ipoteka kreditlərinin dəstəklənməsi və ən mühüm də şəffaf işləyən sahibkarlara kömək edilməsi diqqət çəkən məqamlardandır.

Kapital Bank da ölkədə bank sektoru ilə yanaşı, özəl sektorda ən çox işəgötürən şirkət kimi tanınır. Hazırda bizim 3500 nəfərə yaxın əməkdaşımız vardır. Xüsusi vurğulamaq istərdim ki, Bank tərəfindən əməkdaşlar və məvaciblərlə bağlı  heç bir ixtisar və ya məhdudiyyətlər nəzərdə tutulmayıb. Diqqət çəkən məqamlardan biri də İşçi Qrupunun əhalinin vəziyyətinin dəstəklənməsinə yönəlik müavinət, sosial yardım və s. kimi sosial paketlər üçün hazırladığı xüsusi proqramdır. Bu proqram çərçivəsində sosial baxımdan həssas əhali təbəqəsinə aid edilən tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, əhalinin kommunal ödənişlərinə güzəştli limitlərin tətbiqi kimi tədbirlər həyata keçiriləcəkdir. Bu da dövlətin hər bir vətəndaşa olan qayğısını təcəssüm etdirir.

Bütün atılan addımlar bir daha sübut edir ki, dövlətimiz tərəfindən hadisələr hərtərəfli təhlil edilir, baş verə biləcək proseslər proqnozlaşdırılır və onların aradan qaldırılması üçün bütün zəruri addımlar atılır.

  • Xüsusi karantin rejimi çərçivəsində olan qadağalar günü-gündən sərtləşdirilir və insanların gündəlik sosial-iqtisadi həyatına təsir göstərir. Bank sektorunda hazırda vəziyyət nə yerdədir?
  • Təbii ki, iqtisadiyyatın bütün sahələri kimi bank sektoru da asan olmayan şəraitdə işləməli və müştəriləri dəstəkləmək üçün müəyyən addımlar atmalıdır. Bildiyiniz kimi, insanların qapalı yerlərdə kütləvi toplanmağını minimuma endirmək üçün ölkəmizdə bütün lazımi tədbirlər həyata keçirilir. Ölkə prezidentinin göstərişləri və Mərkəzi Bankın bir sıra tövsiyələri nəzərə alınmaqla hazırda bank filialları tam iş rejimi ilə, bütün təhlükəsizlik qaydalarına əməl etməklə müştərilərə xidmət göstərir. Kommersiya bankları əlindən gələni edir ki, bu asan olmayan zamanda müştərilərin bank əməliyyatlarını asanlaşdıraraq, onların tələbatlarını ödəsinlər. Əgər 1-2 ay əvvəlki dövrə qədər banklar yeni müştərilər cəlb etmək uğrunda “mübarizə” aparırdılarsa, hazırda banklar mövcud müştərilərin dəstəklənməsi, sahibkarlara  endirim və güzəştlərin təqdim edilməsi, müştərilərin banka fiziki müraciətlərinin sayının azaldılması istiqamətində fəaliyyət göstərir. Burada xüsusi olaraq qeyd etmək istərdim ki, Kapital Bank müştərilərinin arasında təqaüdçülər də az deyil. Təbii ki, biz onları da yaddan çıxara bilməzdik. Hazırda yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılır. Həmçinin, təqaüd kartlarının vaxtı bitmiş mövcud müştərilərin kartlarının istifadə müddəti növbəti 3 aya uzadılmışdır.
  • Kapital Bank ölkənin ən iri banklarından biridir. Həm kredit portfeli, həm əhatə dairəsinə görə digər banklardan fərqlənir. Bəs, Siz mövcud vəziyyətdə hansı addımları atmağı planlaşdırırsınız?
  • Kapital Bank ölkənin bütün regionlarında təmsil olunaraq 115 xidmət nöqtəsi ilə ən böyük şəbəkəyə malik bankdır. Tərəfimizdən istehlak kreditləri ilə yanaşı ipoteka, kiçik və orta sahibkarlıq, biznes və s. kreditlər də verilir. 1 aprel 2020-ci il tarixinə istehlak kreditləri portfelimiz 1,4 milyard manat, hüquqi şəxslərə verilən kreditlər 640 milyon manat, ipoteka portfelimiz isə 57 milyon manat təşkil edir.

Hazırda ən çox zərər çəkən sahələrdən biri mikro və kiçik sahibkarlıqdır. Dövlət dəstək proqramı çərçivəsində bu sahəyə böyük diqqət ayırıb. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramının icrasına yarım milyard manat vəsait ayrılıb. Həmçinin 15%-lə verilən bu kredit faizlərinin yarısı, daha dəqiq desək 7,5%-i dövlət tərəfindən ödəniləcəkdir. Biz də sistem əhəmiyyətli bank olaraq bu cür tədbirləri dəstəkləyirik və həm sahibkar, həm hüquqi şəxs olan müştərilərimizə güzəştlər etməyə hazırıq.

Qeyd edim ki, son illər ərzində, xüsusən də indiki şəraitdə dövlət tərəfindən dəstəklənən əsas istiqamətlərdən biri ipoteka kreditləşməsidir. Bu sahə Kapital Bank üçün də strateji prioritet istiqamətlərdən biridir. Belə ki, ilin əvvəlində bankımıza İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılan 10 milyon manat vəsaitin demək olar ki, yarısı artıq istifadə olunub və əlavə olaraq, cari strateji dövr üçün Kapital Bank tərəfindən 100 milyon manat məbləğində kommersiya ipotekasının verilməsi də nəzərdə tutulub. Artıq bununla bağlı bəzi partnyor şirkətlərlə əməkdaşlıq müqavilələri imzalanıb.

Bir məsələni də vurğulayım ki, ölkə prezidenti İlham Əliyevin  regionlarda vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrini rəhbər tutaraq, regionlar üzrə insanların mənzilə olan tələbatını ödəmək üçün Bank tərəfindən sosial yönümlü ipoteka məhsulu da hazırlanıb. Yaxın zamanda bu məhsulun satışına başlanılacaqdır. Həmçinin qeyd edim ki, İşçi Qrupunun hazırladığı tədbirlər planı çərçivəsində ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi göstərilməsi üçün də əlavə vəsait ayrılacaq. Buna istinadən biz də öhdəmizə düşən lazımi addımları atmağa hazırıq.

MÜDDƏT