“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi fəaliyyətdə olduğu 35 ildə ölkədə bank sektorunun inkişafı istiqamətində bir sıra işlər görüb. Qurumun icraçı direktoru Yunus Abdulov “Report”a müsahibəsində ötən il dayanıqlı maliyyə və beynəlxalq müstəvidə əlaqələrin inkişafı istiqamərində görülmüş tədbirlərlə bağlı sualları cavablandırıb:
– Hörmətli Yunus müəllim, ABA-nın 35 illik yubileyini qeyd etmək olduqca önəmli bir hadisədir. Bu illər ərzində Assosiasiya, bank sektorunun inkişafı naminə üzv bankların birliyini və əməkdaşlığını gücləndirən bir platforma kimi mühüm rol oynayıb. Bu münasibətlə bütün kollektivi təbrik edirik və uğurlarınızın davamını arzulayırıq.
– Təşəkkür edirəm. Bu yubiley, ilk növbədə, üzv banklarımızın birgə səylərinin nəticəsidir. Assosiasiya olaraq biz daim bu birliyi və qarşılıqlı dəstəyi əsas dəyər kimi qorumağa çalışmışıq. Gələcəkdə də birlikdə daha çox uğurlara imza atacağımıza inanırıq.
– Bildiyimiz kimi, ötən il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etdi. Bu isə dayanıqlı maliyyəyə, eləcə də, ekoloji, sosial və idarəetmə (ESİ) prinsiplərinin inteqrasiyasına olan diqqəti artırdı. Xüsusilə, 2024-cü ildə bu istiqamətdə hansı işlər görüldü?
– ESİ amillərini maliyyə institutlarının qərarvermə prosesində nəzərə alması dayanıqlı maliyyənin əsas hissəsidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi beynəlxalq səviyyədə ölkəmizin üzərinə götürdüyü ən mühüm öhdəliklərdən biri hesab edilir və iqlim dəyişmələrinə qarşı mübarizədə bir sıra vacib təşəbbüslər irəli sürülüb.
COP29 çərçivəsində Azərbaycanın bank sektoru dayanıqlı maliyyə öhdəliyi bəyan edib. Yaşıl və dayanıqlı bankçılığın təşviqi, iqlim risklərinin bank əməliyyatlarına inteqrasiyası, ESİ hesabatlığının artırılması, dayanıqlı inkişaf üçün maraqlı tərəflərlə əməkdaşlıq, bacarıqların inkişafına və innovasiyaya dəstək verilməsinin təşviqi və ən əsası, 2030-cu ilə qədər ölkəmizin aşağı karbon və dayanıqlı iqtisadiyyata keçidinə töhfə verəcək yaşıl və dayanıqlı layihələrin maliyyələşdirilməsi üçün bank sektoru 2 milyard manat məbləğində vəsaitin ayrılması öhdəliyi götürüb.
Dünya Bankı Qrupunun İqlim və İnkişaf Hesabatında Azərbaycanın karbon emissiyalarını sürətlə azaltmaq üçün 2060-cı ilə qədər 44 milyard ABŞ dolları investisiyaya ehtiyac olduğu bildirilir və bunun 40 %-ni özəl sektor, o cümlədən banklar maliyyələşdirə bilər. Bu maliyyələşmənin təmin edilməsi üçün isə ciddi institusional çərçivənin formalaşdırılması, yaşıl istiqrazların buraxılşının təşviqi, beynəlxalq inkişaf banklarının cəlbi və yaşıl maliyyələşmə fondlarının yaradılması labüddür. Azərbaycan Mərkəzi Bankı (AMB) institusional çərçivənin yaradılması təşəbbüsünü öz öhdəsinə götürərək son illərdə dayanıqlı maliyyələşmənin təmin edilməsi üçün vacib tənzimləyici qaydaların, təlimatların və tövsiyələrin hazırlanması üzərində işləri davam etdirir.
“Yaşıl maliyyələşdirmə” istiqamətində ilk təşəbbüslərdən biri kimi elektrik və hibrid avtomobillər maliyyələşdirilməsi üzrə əlçatanlığın artırılması işlərini qeyd edə bilərik. Üç il əvvəl start götürən bu proses nəticəsində AMB requlyativ güzəştlər tətbiq edib. 2024-cü il üzrə fiziki şəxslərin aldığı istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrinin payında əhəmiyyətli artım müşahidə edilib. 2023-cü illə müqayisədə elektrik və hibrid avtomobillərinin avtomobil kreditləri portfelində payı say üzrə 14,7 %-dən 48 %-ə, məbləğ üzrə isə 37,7 %-dən 65 %-ə yüksəlib.
– Məlumdur ki, dayanıqlı maliyyələşmə ilə bağlı müvafiq yol xəritəsi də qəbul edilib. Onun əhatə dairəsini və davamında görülən işləri də qeyd edə bilərsinizmi?
– Bəli, qeyd etdiyiniz kimi, prosesin davamında AMB “2023-2026 Dayanıqlı Maliyyə Yol Xəritəsi” formalaşdırdı. Yol Xəritəsi üzrə maliyyə institutlarının iqlim dəyişikliyi və digər ESİ amillərindən irəli gələn risklərə qarşı dayanıqlığını təmin etmək, həmçinin dayanıqlı iqtisadiyyata keçid nəticəsində yaranan imkanları həyata keçirmək istiqamətində işlər davam edib.
Yol Xəritəsinin icrası çərçivəsində dayanıqlı maliyyə üzrə əlverişli mühitin formalaşdırılması üçün bir neçə sənəd və təlimat hazırlanıb. “Dayanıqlı Maliyyə Prinsipləri” sənədi ESİ amillərinin maliyyə institutlarında biznes strategiyası, korporativ idarəetmə, risklərin idarə edilməsi və məlumatların açıqlanması proseslərinə inteqrasiyasını nəzərdə tutur. Prinsiplər iqlim dəyişmələri və ESİ amillərinin yaratdığı risklərin idarə olunması və yeni maliyyə imkanlarının dəyərləndirilməsi üçün maliyyə institutlarına qabaqcıl beynəlxalq təcrübəni təqdim edir.
COP29 zamanı AMB-nin açıqladığı Milli Yaşıl Taksonomiya yaşıl layihələrin maliyyə sektorunda dəstəklənməsi üzrə atılmış ən mühüm addımlardandır. Taksonomiyanın məqsədi iqlim, yaşıl, sosial və yaxud dayanıqlılıq məqsədlərinə xidmət edən fəaliyyətləri müəyyən edərək təsnifatlaşdırmaqdır. Taksonomiya mövcud milli qanunları, siyasətləri və qaydaları özündə birləşdirərək, ölkənin iqlimin, ətraf mühit və dayanıqlı inkişaf məqsədlərini əks etdirmək üçün hazırlanıb.
AMB “Banklarda ekoloji risklərin idarə edilməsi təlimatı”nı bank sektorunda iqlim və ətraf mühit risklərinin idarə olunmasını gücləndirmək məqsədilə hazırlayıb. Təlimat bankların daxili siyasət və prosedurlarında ekoloji risklərin inteqrasiyasını, risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və monitorinqini əhatə edən tövsiyələri özündə birləşdirir. Bankların iqlim risklərinə uyğunlaşma qabiliyyətini artırmaq və bu riskləri idarə etmək üçün adekvat yanaşmalar tətbiq etməsi əsas hədəflərdən biridir. Təlimatın tətbiqi bank sektorunun ekoloji dayanıqlılığını artıraraq, maliyyə institutlarının ekoloji risklərə qarşı daha dayanıqlı və adaptiv olmasını təmin edir.