Zakir Nuriyev: “Bu görüşlər ABŞ texnologiyalarının Azərbaycana gətirilməsinə imkanlar açacaq”

“Hesab edirik ki, ABŞ-da keçirilmiş görüşlər qarşıdakı dövrdə ölkəmizə yeni investisiyaların cəlb edilməsi, biznesin maliyyələşdirilməsi üçün yeni alətlərin tətbiqi və ABŞ texnologiyalarının Azərbaycana gətirilməsinə imkanlar açacaq”.

Bu sözləri AZƏRTAC-ın ABŞ bürosuna açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib. O bildirib ki, aprelin 22-dən 26-na kimi Azərbaycan Mərkəzi Bankı, ABA və ABŞ-Azərbaycan Ticarət Palatasının təşəbbüs və dəstəyi ilə Azərbaycanın ilk bank-maliyyə missiyasının ABŞ-a səfəri təşkil edilib.

Missiyanın yekunu ilə bağlı danışan ABA sədrinin sözlərinə görə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Koorporasiyasında (DFC) keçirilmiş görüş zamanı DFC-nin maliyyələşmə alətləri, yeni qaydalar və çərçivələr mövzusunda dəyirmi masa baş tutub, DFC-nin maliyyələşdirmə imkanlarının genişləndirilməsi, yeni sahələr və prioritet sahələrin müəyyənləşdirilməsi, bu sahədə gələcək əməkdaşlıq və ölkəmizə investisiyaların cəlb edilməsi üzrə bir sıra müzakirələr həyata keçirilib. “Növbəti görüşümüz “EXIM Bank”da oldu. Görüşdə bankın maliyyələşdirmə vasitəsilə əməkdaşlığın genişləndirilməsi, ekoloji təmiz enerji, kənd təsərrüfatı texnologiyaları mövzusunda müzakirələr aparıldı. Eyni zamanda, ölkəmizə yeni maliyyə vasitələrinin cəlb edilməsi imkanları geniş müzakirə edildi”,- deyə Zakir Nuriyev qeyd edib.

Sədr bildirib ki, səfər zamanı ABŞ Ticarət Departamentinin Beynəlxalq Ticarət Administrasiyasının Maliyyə Sığorta İdarəsində Azərbaycan üçün maliyyələşmə imkanları, yeni alternativ imkanlar mövzusunda ətraflı müzakirələr baş tutub. Bundan başqa ABŞ-ın ən böyük banklarından olan “Bank of New York Mellon”da görüş keçirilib, risklərin idarə edilməsi, Azərbaycan üçün kredit imkanları, süni intellektin bank əməliyyatlarında tətbiqi ətrafında müzakirələr aparılıb: “Hesab edirik ki, yeni açılmış imkanlar vasitəsilə banklarımız bütövlükdə ölkə iqtisadiyyatı və eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri üçün əlavə maliyyə imkanları qazanacaq və bu imkanlar vasitəsilə iqtisadiyyatımızın inkişafına öz töhfələrini verəcək”.

Qeyd olunub ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun başçılıq etdiyi missiyada Azərbaycanın 11 bankının rəhbər şəxsləri iştirak edib.

MÜDDƏT